Çimnaz Sultanova: “Təhsil alt geyimi kimidir, adamı özgüvənli edir...”

ŞOU-BİZNES 28 yan 2022, 12:24

Aktrisa Çimnaz Sultanova müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Çimnaz xanım, hamı sizi “Larisa” olaraq tanıyıb, sevdi, halbuki “Vicdan haqqında”dan əvvəl də sonra da bir çox serialda rol almısınız. Sizcə, sonrakı rollarınızın yaddaşlarda qalmamağına səbəb nə idi?

- Çox düz qeyd etdiniz. “Vicdan haqqı” çəkiləndə çox güclü komanda ilə birgə işləyirdik. Bu, bir aktyorun uğuru deyil, komanda işi idi və komanda çox mükəmməl idi. Operatorlardan tutmuş, montajçı, səs rejissorlarına qədər hər kəs öz yerində idi. “Vicdan haqqı” doğurdan da mükəmməl iş idi. O seriala bir-bir hazırlıq gedirdi, gəlirdik, obrazımızı məşq edirdik, məkanlar əvvəlcədən planlaşdırılırdı. Hər şey əvvəldən planlanırdı və nəticədə gözəl məhsul ortaya çıxırdı.

- Açıqlamalarınızın birində “Güclü qadın sözünü özümə təhqir bilirəm” demisiniz. Həqiqətənmi özünüzü zəif qadın hesab edirsiniz?

- Çox təəssüflər olsun ki, mən həddindən artıq güclüyəm. Bu qadın üçün heç də fəxr olunası bir şey deyil. Qadın zərif məxluqdur. Həyat bizi güclü olmağa vadar edir.

- Teatrda çalışmırsınız, buna səbəb verilən maaş yoxsa həmkarlarınızın sizə olan münasibətidir? Bu sahədən uzaq olmağınıza səbəb nədir?

- Mən teatra hazır deyiləm. Teatr mənim üçün incəsənətin ən pik nöqtəsidir. Çünki teatrda “dubl”, “stop-mator”, montaj yoxdur. Kino süni məhsuldur, çünki orada səni sən edən kamera arxasında dayanan insanlardır, sən onlardan asılı olursan. Sən mükəmməl rol ifa edə bilərsən, amma montajı elə verərlər ki, sənin oyunun sıfıra bərabər ola bilər. Amma teatr elə bir zirvədir ki, orada tamaşaçı ilə üzbəüz qalırsan. Teatrda elə rol aparmalısan ki, ən axırıncı sırada oturan tamaşaçı belə səni eşitməlidir. Həmin şeyi sən kinoya gətirə bilməzsən, bu süni alınar. Kinoda bir baxış sənin hisslərini izləyiciyə ötürə bilər, çünki musiqi, montaj var. Mən hələ ki, teatra hazır deyiləm.

- Bir müddət əvvəl aktrisa Telli Hüseynova efirdə seriallardan aldığı qonorardan gileyləndi. 30-50 manat arası qonorar aldığını açıqlayan sənətçi bunun az olduğunu bildirdi. Hazırda çəkilən seriallarda həqiqətən vəziyyət bu qədər acınacaqlıdır?

- Kommersiya sirri deyilən bir şey var, biz müqaviləyə qol çəkərkən bunu da nəzərə alırıq. Orada belə bir bənd var, bənddə bildirilir ki, kommersiya sirrini açmamalısınız. Ona görə mən rəqəmlərlə bağlı heç nə demək istəmirəm. Hərənin bir qonorarı var, mən şəxsən özümdən danışa bilərəm, aldığım qonorardan razıyam. Ümumiyyətlə, həyatımdan hər zaman razı olmuşam, nankor insan deyiləm. Mən cüzi bir şeyə belə sevinirəm, çünki həyat bizə bir dəqiqənin içərisində hər şeyi itirə biləcəyimizi o qədər göstərib ki... Ona görə hər şeyə “şükür” deməyi bacarıb, minnətdar olmalısan. Mən şükürlü qadınam.

- Bir müddət əvvəl stilist Elnur Həsənovla aranızda qalmaqal yaşandı. Stilist bildirdi ki, “Məncə, Çimnaz Sultanova erotik aktrisa olmaq istəyir”. Belə bir arzunuz doğurdan da varmı?  

-  O insan kimdir ki? Mən heç onu tanımırdım, amma indi mənim sayəmdə hamı onu tanıdı. Gələcəkdə belə hadisələrin yaşanmaması üçün yəqin ki, məhkəməyə müraciət etməli olacağam və  qadağan edəcəm ki, mənim adımdan istifadə edərək heç kəs özünə reytinq qazanmasın. Onu heç kəs tanımırdı, bunun üçün Çimnazın bostanına daş atmaq lazım idi ki, bütün ölkə onu tanısın? Məncə, kifayət qədər də cavabını aldı. 

Bir azərbaycanlı kişisi olaraq  sən bütün ulduzlarla işləyirsən və öz səhifəndə yarıçılpaq gəlinləri bəzəyib qoyursan. Yəni ki, bu insanın ürəyindən o hisslər keçir, niyətin nədir? Baxır kim nə niyyətlə o sözü deyir. Qadınların ayaqlarının arasında şəkil çəkdirən adam hansı etikadan danışır?! Mən onun paylaşdığı bütün videolara baxdım, adamları az qalır büstqalterlə çəksin, bu normal olur, amma Çimnaz səninlə işləmir deyə acığın gəlir? Sən o qədər Xalq artistləri ilə işləyirsn, amma səni heç kəs tanımır. Amma  Çimnazın adını çəkən kimi bütün respublika səni  tanıdı. Burdan ona demək istəyirəm ki, ay Elnur, sənə lazım idi qışda “marojna”?

- Çimnaz xanım, həm də müğənni kimi fəaliyyət göstərirsiniz. Müğənni kimi də aktrisalığınız qədər uğur qazana bilmisiniz? Uğurunuz sizi qane edirmi?

- Bəli, edir. Əslində, mən musiqiçiyəm və həmişə musiqi ilə məşğul olmuşam. Mən razıyam, şükür Allaha, ruzini verən odur. Mənim kəslə prinsipim, heç kəslə pis münasibətim yoxdur. Hər kəsin uğuruna sevinə bilən insanam, özü də səmimi qəlbdən.

- Bəs el şənliklərinə dəvət alırsınızmı?

- Təbii ki, alıram. Həftəsonları şou-proqramlarda da çıxış edirəm, toylara da gedirəm.

- Amma toylardan səhifənizdə paylaşım etmirsiniz... 

- Xeyr, etmirəm. Etsəm də çox az edirəm. Mən şəxsən istəmərəm ki, mənim ailəmdə el şənliyi olanda kimsə kameraya düşsün və sosial şəbəkələrdə paylaşılsın. Mənə elə gəlir ki, bu, hörmətsizlik olar. Özümü səhnədə ola-ola çəkib paylaşa bilərəm, amma qonaqları yox. Fikrimcə, bu qeyri-etikdir.

- Siz daha çox sosial şəbəkələrdə paylaşdığınız şəkillərlə, videolarla gündəmdəsiniz. İşlərinizdən daha çox fotolarınız müzakirə olunur, buna səbəb nədir?

- Təəssüflər olsun ki, bu doğurdan da  belədir. Biz belə bir zamanda yaşayırıq, bir video paylaşırsan görürsən ki, bu camaatın necə xoşuna gəlir, baxış sayı nə qədər olur. Özüm özümə fikirləşirəm ki, camaat bunumu istəyir? Yəqin ki, bu da müəyyən bir dövrdür, haçansa bu da keçib gedəcək. Bu gün sənət, musiqi, rollar qalır kənarda, ancaq dəxilsiz videolar müzakirə olunur.

- Bu gün Azərbaycanda çəkilər seriallar, filmlər keyfiyyət baxımından sizi qane edirmi?

- Mən ya düzünü deyirəm, ya da susuram. Olar ki, mən sizin bu sualınıza susum? Çünki 99 faiz serialları çəkənlər, həmin seriallarda rol alanlar bizim doğmalarımız və dostlarımızdır. Kiminsə işini bəyənməmək, üstəgəl ona rəy bildirmək, məncə, tərbiyəsizlik və mədəniyyətsizlikdir. Allah hamının ruzisini bol eləsin. Təki gözəl filmlər çəkilsin, mən gözəl işlərə daima sevinirəm.

- Bayaq dediniz ki, paylaşdığım fotolar sənətimdən daha çox müzakirə edilir, gündəm yaradır. Gündəm yaratmaq üçün soyunmaq mütləqdirmi?

- Mənə bir dənə açıq-saçıq videomu göstərin. Bir foto göstərin ki, orada Çimnaz Sultanova büstqalterdə yaxud çimərlik geyimindədir. Mənim gözəl təqdimetmə bacarığım, marketinqim var. İşıqlandırma, gözəl bədən quruluşu, düzgün geyim seçimi ilə müzakirələrə səbəb olmağı bacarıram. Dizdən yuxarı geyinirəm, dekolte isə ömür boyu şəhər camaatında olub, geyinmişik. Bəzi artistlərdən fərqli olaraq məndə vulqar heç nəyə rast gəlməzsiniz. Adicə yeni il fotosessiyama baxın, ətək dizdən aşağı, qollarım bağlı, amma görün necə səs-küy yaratdı, çünki mən onu təqdim eləməyi bacardım. Kartof kisəsini boşalt, kisəni mənə geyindir, yenə cəlbedici olacağam. Bu həqiqətdir.

- Ailə qurmağı düşünürsünüzmü? Gələcək həyat yoldaşınızı necə təsəvvür edirsiniz?

- Son vaxtlar mənə nədənsə tez-tez bu sual verilir. Biri var ərə getmək, biri də var ailə qurmaq.  Bu iksi tam başqa şeylərdir. Biz yeganə xalqıq ki, evləndiyiz adama “həyat yoldaşı” deyirik. Yəni ömrünü paylaşacağın insan. O adam səndə əminlik, etibar yaradan biri olmalıdır. Ona görə də ailə qurmaq başqa şeydir.

- Deməli, siz məhz ailə quracağınız şəxsi gözləyirsiniz?

- İlk növbədə sevgidir. Sevgi nə sərhəd, nə din, nə millət tanıyır. Sevgi hər şeydir, həyat deməkdir. Hər bir ailə  sevgiyə əsaslanaraq qurulmalıdır, çünki sevgi olan yerdə sən insanın səhvlərini də bağışlaya, onlara  göz yuma da bilirsən. Sevgi olmayanda şəxsi təyyarən, villan  olsa da, əgər daxili xoşbəxtliyin yoxdursa, bunlar nəyə gərəkdir?

- Son vaxtlar sənət adamları millət vəkili olmaq arzularını dilə gətirirlər. Xüsusilə də Elza Seyidcahan bu mövzuda fəallığı ilə seçilir. Sizin belə bir  arzunuz varmı?

- Elza Seyidcahan mənim canımdır. O xanımı çox istəyirəm. Həmişə qeyd edirəm ki, hər şey gördüyünüz kimi deyil. O insan o qədər dərin düşüncəlidir ki...

Hər zaman qeyd edirəm ki, ən gözəl pul yatırımı övlada təhsil verməkdir. Ona villalar, bağlar almaqdansa, həmin pulu uşağın təhsilinə ver. Uşaqlar öz hüquqlarını bilməlidir. Ümumi savad üçün bu mütləq olmalıdır.

- Kitab oxumağı sevirsinizmi? Mütaliə ilə aranız necədir?

- Elə gün yoxdur ki, mən kitab oxumayım. İnsan həmişə öz üzərində çalışmalıdır. İnsan mütaliə etdikcə anlayır ki, o bu həyatda heç nə bilmir. Xoşbəxt o insanlardı ki, heç nədən xəbərləri yoxdur, savadsızdırlar.

- Hansı janrda oxuyursunuz?

- Mən fantastik janrı daha çox sevirəm. Ən sevdiyim yazıçı Den Braundur. O, həm detektiv, həm də tarixi janrda yazır. Onun əsərlərində ezoterik motivlər də var. Oxumaq, oxumaq, bir də oxumaq...

- Aktrisa və müğənnilikdən əlavə nələrlə məşğulsunuz? Hobbilərə vaxt ayıra bilirsiniz?

- Mən dibçək güllərini çox sevirəm. Harasa gedəndə onlarla danışıram, deyirəm “darıxmayın, tez gələcəm”. Onları bağban yox,  özüm əkib-becərirəm.

- Çox adam düşünür ki, sənətdə irəli getmək üçün sponsor mütləqdir, siz necə düşünürsünüz?

- Xeyr, istedadın varsa, irəli gedəcəksən. Bəzən məktəb şagirdləri oxumurlar, deyirlər ki “müəllim mənə qiymət yazmır”. Bu belə deyil, oxuyan uşaq hər yerdə oxuyacaq. Həmçinin istedadlı sənətçi hər zaman qabağa gedəcək. Sadəcə öz tənbəlliklərini ört-basdır etmək üçün bəhanələr uydururlar. Sponsor böyük proyektlərdə adama lazım olur, çünki bu zaman ən azı 30 işçi birlikdə çalışır, hər kəs də evinə bir parça çörək aparmaq istəyir.

- Mən o “sponsor”dan danışmıram, Çimnaz xanım...

- Hansı “sponsor”dan danışırsınız? Hər şeyi öz adı ilə deyin.

- Məşhur olmaq üçün sənətçiyə “saxlayan” mütləq lazımdır?

- Sənətçi itdir ki, onu saxlasınlar? “Saxlayan” sözü ifadə etdiyi məna kimi pisdir...

- Bir neçə il əvvəl veriliş aparırdınız, amma layihə sonra dayandı. Yenidən aparıcı olmaq niyətiniz varmı?

- Yaralı yerimə duz səpdiniz. Bəli, işbirliyimiz bitdi. Zərif Əlixanlı həmin verilişin rəhbəri idi, biz onunla  dostlaşdıq və sonra bu dostluq  böyük bir oğurluqla bitdi. Evimdən bütün qızıl, brilliant əşyalarımı o qadın apardı.

- Bəs bundan sonra hansısa layihədə iştirak etməyi istəyirsiniz?

- 2-3 ay bundan əvvəl mənə veriliş aparmağım üçün təklif gəlmişdi. Verilişin adı “Gün keçdi” idi. Qonaqlar mənim verilişimə sevə-sevə gəlirdilər. Çünki bilirdilər ki,  mən heç vaxt qonağı alçaldan suallar vermirəm. Qonağın yaralı yerini bilsəm də heç vaxt ona toxunmamışam. Verilişdən əvvəl  həmişə qonağımdan soruşmuşam ki, hansı mövzu sizə xoş olar? İnsana insan kimi yanaşmaq lazımdır. Yoxsa bəzi aparıcılar qonaqları dəvət edirlər, sonra onu alçaltdırlar. Sən onun üzərindən özünümü təsdiq edirsən. Burada müğənnilərdə, aktrisalarda da səhv var ki, onlar özlərinə qarşı belə rəftara şərait yaradırlar. Niyə mənə belə suallar vermirlər? Çünki bilirlər ki, cavabı suallarına uyğun olacaq. Cavab vermək də savadla əlaqəlidir. Sənin savadın olmasa, səni canavar kimi yeyəcəklər. Ali təhsil çox önəmlidir. Baxın, təhsil, savad bahalı alt geyimi kimidir. Bahalı alt paltarını geyinəndə onu heç kim görmür, amma özünü özgüvənli hiss edirsən. Təhsil də belədir, onu heç kim görmür, amma özünü hər yerdə cəsarətli, özgüvənli hiss edirsən.

- Verilişlərdən danışmışkən, siz necə dəvət aldığınız hər verilişə gedirsiniz?

- Baxın, siz məni neçə həftədir müsahibə üçün çağırırsınız. Mən həmin müddətdə araşdırma edirdim. Mən efir xəstəsi deyiləm. Biz sənətçilər həmrəy olsaq, bu cür aparıcıların öhdəsindən gələ bilərik. Misal üçün aparıcı səni verilişinə dəvət edib alçaldıbsa,  gələn dəfə məni dəvət edəndə getməsəm, o bir daha bunu eləməz. Belə olsa, aparıcı çağırmağa kimi tapacaq? Biz hər verilişə çıxanda əziyyət çəkirik, paltarlar seçirik, bir dəfə geyindiyimiz paltarı ikinci dəfə geyinə bilmirik. Saç, makiyaj, benzin, taksi pulu və s. Hamısı bizdən olur. Mən ancaq pozitiv verilişlərə gedirəm və əvvəlcədən soruşuram ki, qonaqlar kim olacaq? Bunu ona görə soruşuram ki, onlarla müzakirə etməyə ortaq mövzumuz olsun. İndi televiziya əvvəlki reytinqini itirib. İndi məşhurlaşmaq üçün televiziyaya ehtiyac yoxdur, televiziya dövrü ölür. İndi müəyyən platformalar var, məsələn, mənə gündəmə gəlmək üçün televiziyaya çıxmaq, kiminsə bostanına daş atmaq lazım deyil. Mən evdə otura-otura elə bir video çəkərəm ki, bütün dünya məndən danışar. Mən bunu bacararam.

- Gözəllik qurban tələb edir deyirlər, siz gözəllik üçün nələri qurban vermisiniz?

- Nə incəsənət, nə də gözəllik qurban tələb edir. Gözəllik pul tələb edir.

- Bayaq dediniz ki, mənim yarıçılpaq şəkillərim yoxdur. Nə vaxtsa gündəmdən düşsəniz, ola bilər ki, soyunasınız?

- Mən heç vaxt gündəm dalınca qaçmamışam. Mən heç vaxt kiminsə alqışı üçün yaşamıram. Mən nədən zövq alıramsa, onu edirəm. Mənə bəzən sual verirlər ki, mahnı çıxaranda düşünürsünüz ki, bu uğurlu olacaq ya yox? Bunun mənə dəxli yoxdur. Mən bəyənirəm, mənim zövqümcə əladır. Heç kəsin tərifinə, alqışına ehtiyacım yoxdur. Yeyirsən ye, yemirsən ye! Mən həyatımı bu cür yaşayıram, həmişə də belə yaşamışam.

- Qocalmaq sizi qorxudur?

- Heç vaxt. Nə qocalmaq, nə də çəkimin artması məni qorxutmur. Mən istər 20, istər 30, istərsə də 70 yaşında elə mən olacağam. Qadında cəlbedici qüvvə var, o yaşdan asılı deyil. İkincisi, mənim peşəm aktrisalıqdır. Aktrisa ömür boyu Cülyetta oynaya bilməz. İncəsənətə gələn qızlara da demək istəyirəm ki, buna hazır olsunlar. Ömür boyu 16 yaşındakı Cülyettanı canlandırmayacaqlar. Sabah onun anası, nənəsi olacaqsan. Yaxşı aktrisaya həmişə tələbat olur.  Mənim son vaxtlar çəkildiyim rollar o qədər də ürəyimcə deyil, çünki yaşlı xanımları oynayıram. Sonuncu çəkildiyim serialdakı oğlum məndən iki yaş böyükdür. Tamaşaçıda avtomatik sual yaranır ki, yəqin bu qızın 55 yaşı var. Halbuki mənim anamın hələ bu il 60  illiyi qeyd olunur. Necə 50 yaşım ola bilər?

- Gənclər çox vaxt gileylənirlər ki, təcrübəli aktrisalar onları “əzirlər”. Sizdə vəziyyət necədir, onlara dəstək olursunuz?

- Gənclər deyəndə ki, mənim özümə nə olub? Mən özüm elə gəncəm də. Mən hər zaman özümdən danışıram. Hərdən deyirlər filankəs haqqınızda filan şeyi dedi. Mən ona cavab vermirəm. İnsan danışanda gərək öz adından danışsın. Mən səhnəyə gələndə mənim anam yaşında olan aktrisalar mənimlə prinsip aparırdılar, məni özlərinə rəqib görürdülər. Çünki dərk  etmirdilər ki, hər şeyin bir sonu olacaq. Hər şeyin bir vaxtı var...

- Amma siz yaşınızı gizlədirsiniz...

- Xeyr, mən yaşımı gizlətmirəm.

- İnternetdə nə qədər axtarış versək də yaşınızı heç yerdə qeyd etmədiyinizi gördük.

- Elementar götürək, bayaq dedim ki, anamın 60 yaşı tamam olacaq. Özünüz hesablayın. Mən düşünürəm ki, aktrisanın nə şəxsi həyatından, nə də  yaşından tamaşaçının xəbəri olmamalıdır, çünki sonra ona inanmayacaqlar. Mən özümdən misal çəkim, uşaqlıqdan ən sevdiyim filmlərdən biri “Zoluşka” idi. 5 il əvvəl bildim ki, sən demə, Zoluşka roluna çəkilən aktrisanın film çəkilən zaman 38 yaşı varmış. Deməli, 16 yaşlı rolu ifa edən xanımın 38 yaşı var imiş, mən bundan sonra o filmə baxa bilmirəm. Ona görə də aktrisanın həyatı gizli qalmalıdır.

- Monika Belluci bir zamanlar seks “ikon”u sayılırdı və kişilər tərəfindən arzulanırdı. Siz necə, özünüzü arzulanan qadın, Azərbaycanın seks “ikon”u sayırsınızmı?

- Mən özümü əvvəlcə ağıllı qadın hesab edirəm. Mənim yəhudi nənəm əmim uşaqlarına həmişə deyirdi ki, “Əgər sən gözəl yaxud ağıllı qızla evlənmək seçimi qarşısında qalsan, ağıllı qızı seç. Çünki ağıllı qadın bütün dünyaya sübut edəcək ki, ən gözəl odur”.(yenisabah.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top