Azərbaycan Cüdo Federasiyası kütləvi yoluxma ilə bağlı açıqlama yaydı

İDMAN 27 yan 2022, 18:28
Qran-pri turnirində iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan Azərbaycanın kişi və qadın cüdoçulardan milli komandaları səfərdən öncə Beynəlxalq Cüdo Federasiyasının (IJF) müəyyən etdiyi protokola uyğun olaraq test verib.

Azərbaycan Cüdo Federasiyasından Demokrat.az-a verilən məlumata görə, peyvənd olunmuş heyət üzvlərindən bir, vaksin edilməmiş şəxslərdən isə (cəmi 3 nəfər) iki dəfə PCR testi götürülüb.

Daha sonra müvafiq sənədlər IJF-nin elektron qeydiyyat sistemi üzərindən təşkilatçılara göndərilib və bütün müvafiq prosedurlar yerinə yetirildikdən sonra analiz nəticələri neqativ çıxmış heyət üzvləri Portuqaliyaya yola düşüblər.

Qaydalara əsasən, iştirakçılar yarışın keçiriləcəyi yerə çatdıqdan sonra daha bir dəfə test verməlidirlər. Yanvarın 26-da Almada şəhərində bütün digər ölkələrin yığmalarından olduğu kimi, Azərbaycan millisinin üzvlərindən də yenidən PCR testi götürülüb. Bakıda nəticələri neqativ çıxmış bəzi idmançıların cavabları bu dəfə pozitiv olub.

Qaydalara görə, koronavirus aşkarlanmış heyət üzvləri yarışlara buraxılmır və ayrıca otaqlarda karantinə alınır. Bu səbəbdən onlar 7 günlük təcrid olunublar.

Heyət üzvlərinin özlərini yaxşı hiss etdikləri, sağlamlıqları ilə bağlı ciddi problem olmadığı və daimi həkim nəzarəti altında olduqları bildirilib. Federasiyanın onların müalicəsi üçün bütün lazımi tədbirləri həyata keçirdiyi vurğulanıb.

Qeyd edək ki, pozitiv PCR nəticələri tək Azərbaycanı təmsil edən idmançılarda deyil, digər ölkələrin idmançılarında da aşkar edilib və onlar da yarışlardan kənarlaşdırılıb.

Azərbaycan milli yığmasında pozitiv PCR testi olan heyət üzvlərinin sayı 2 (iki) nəfərdən çox olduğundan ilk testdə neqativ PCR nəticəsi olan təmsilçilərimizdən yenidən PCR testi götürülüb. Həmin testlərin nəticəsinə əsasən, sabahdan başlayacaq yarışlarda hansı təmsilçilərimizin mübarizə aparacağı dəqiqləşəcək. Bu məlumat bəlli olduqdan sonra adıçəkilən yarışda Azərbaycanı təmsil edəcək heyət üzvləri barədə ayrıca məlumat veriləcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top