Deputat: “Başqa ölkələrdə rüşvətə görə baş kəsir, adam güllələyirlər”

MÜSAHİBƏ 25 yan 2022, 15:31

Millət vəkili Rüfət Quliyev “Yeni Sabah”a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Sizin bəzi həmkarlarınız, bizim əksər deputatlarımız elə bilirlər ki, dil ancaq yeməyin dadına baxmaq üçündür. Hansı ki, dil həm də ünsiyyət vasitəsidir, danışmaq üçündür. Danışmağa hazırsınızmı?

- Təbii ki, hazıram. Mənim sənətim danışmaqdır. Ali məktəb müəllimi, kafedra müdiri və professoram. Kiyev Dövlət Universitetinin məzunuyam. Həmin vaxt Ulu öndərin təşəbbüsü, dəstəyi ilə gedib ali məktəblərdə oxuyub gəldik. İndi çalışırıq və borcumuzu dövlətə qaytarırıq. Bir ali məktəb müəllimi kimi ən azı 45 dəqiqə danışıram.

- Cəmiyyətdə belə bir rəy var ki, siz nə qədər danışsanız da içindən heç nə çıxmır. Niyə danışanlara inanmırlar və ya niyə biz danışırıq, amma içindən bir şey çıxmır?

- Mən bu fikirlə tam razı deyiləm. Konkret misallar gətirə bilərəm ki, deputatların müraciətlərindən sonra bir çox qanunlar qəbul olundu və ya dəyişiklik oldu. Məsələn, 44 günlük müharibə bitdi və burada əlilliklə bağlı böyük bir problem oldu. Qazilər, şəhid ailələrinin nümayəndələri müraciət edirdilər. Biz Əmək və əhalinin sosial müdafiə nazirinin özünə müraciət etdik, birbaşa məktubla. Bu kateqoriyada olan insanlara, ümumən müharibədə iştirak edənlərə qarşı cəmiyyət, dövlət orqanları daha çox həssas olmalıdır. Çox sağolsunlar, heç üzərindən iki ay keçmədi həmin problemlər surətlə həll olundu, süni süründürmələr var idi ki, qazilər və yaxud şəhid ailələrinin üzvləri üçün, şəhidlik statusunu almaq, müəyyən etmək, hansı müavinəti nə zaman, necə alacaqlar… Maraqlısı odur ki, bizim təkliflərdən sonra bu məsələlər öz həllini tapdı. İndi kimsə müraciət edirsə, bu yalnız hərbi qulluqda olanlara aid deyil, müraciət edənin əlilliyi təsdiq olunursa, dövlət 6 aya qədər konpensasiyanı ödəyir.

“Qeyri-qanuni xahiş, tələb olanda biz də aciz qalırıq”

- Şəhid ailələri, qazilər həssas təbəqədir. Sözsüz ki, onlarla bağlı müraciətlərə çevik reaksiya verilir. Amma Sizin seçiciləriniz arasında da əlilliyi hansısa səbəbdən ləğv olunanlar, az pensiya alanlar və ya almayanlar var. Onların da problemlərinə bu cür operativ reaksikya verirsinizmi?

- Bizə müraciət edən hər kəsin problemini operativ qaydada həll etməyə çalışırıq. Lakin qanun çərçivəsində. Təklif qanunidirsə, hansısa dövlət qurumu bunu yubadır, vaxtında baxmırsa, biz çıxış edirik, jurnalistlərə müraciət edirik və yaxud plenar iclasda çıxış edirik.

Mən daha çox komitə iclaslarında çıxış edirəm. Müraciət edirik və deyirik ki, cənab nazir, cənab sədr, zəhmət olmasa bu məsələni araşdırın və yaxud deputat sorğusu ilə müraciət edirik. Orada məsələ qoyuruq ki, 30 iş günü ərzində bizə cavab verilsin. Həmin şəxsin məsələsi həll olundumu, həll olunmursa, niyə həll olunmur, həll olunursa, niyə belə gecikir? Bu yalnız əlilliklə bağlı deyil, istənilən məsələ ilə əlaqədar ola bilər.

Mənə müraciət edən şəxslərin təxminən 90-95%-nin problemlərini həll etməyə çalışırıq, təbii ki qanun çərçivəsində. Qeyri-qanuni xahiş, tələb olanda biz də aciz qalırıq. Biz qanunu müdafiə etməliyik.

Məncə bizim deputatlar bu prosesdə çox fəal iştirak edir. Əgər bir deputat plenar iclasda iştirak edirsə, insanlar bilsinlər ki, həmin təklif mütləq formada dövlət qurumlarının rəhbərlərinə çatdırılır. Bu birmənalıdır.

Deputatın iki funksiyası var. İlk funksiyası odur ki, qanunvericiliklə məşğul olsun, ikincisi isə insanların dərdinə şərik olub onların problemlərini həll etmək.

- 24 illik staja malik jurnalist kimi bu qənaətə gəlmişəm ki, bizi ona görə az oxuyurlar ki, cəmiyyətin, oxucunun ürəyindən keçənləri yaza bilmirik. Siz necə, xalqın ürəyindən keçənləri danışa bilirsinizmi?

- Siz açıb yutubda, internetdə baxsaz görəcəksiz ki, bir çox məsələlər qaldırıb həll etmişik. Deputatların özlərinin ofisləri var. Həmin ofislər həftədə 5 gün işləyir. Hər zaman çalışmışıq ki, problemləri həll edək. Deputatın əlində birinci aləti nədir?

Birinci aləti odur ki, qiymət versin, nə qədər tələb, təklif, xahiş varsa onun üçün qanundur. Sonra isə həmin qanunların həyata keçirilməsi ilə məşğul olsun.

- Qiymət artımına etiraz etdiniz?

- Mən bunu dəfələrlə demişəm. İnflyasiya yalnız Azərbaycanda deyil. Bu dünya iqtisadiyyatının törəməsidir. Postpandemiya vaxtı dünya iqtisadiyyatı 8% geriləmişdi, 600 milyondan yuxarı insan pauperə çevrilmişdi. Pauper kimdir? Səhər bir dilim çörək yeməyə imkanı olmayan şəxs. Yarım milyarddan çox insan işsiz qaldı və s. Bu təbiidir ki, Azərbaycanda da özünü göstərdi.

Bunu niyə demirik? Dövlət keçən il un, çörək məmulatlarının qiymətini tənzimləyə bildi. Dünyada elə ölkə yoxdur ki, orada inflyasiya olmasın, əgər varsa deyin bilək. Nisbətən Norveç və Yaponiyada inflyasiya azdır. Biz keçən il qiymətləri sabit saxlaya bildik. Nəyin hesabına?

Subsidiyalar və az faizli kreditlər və s. Lakin inflyasiyanın tempi artıb, 12%-ə çatdıqda, Azərbaycan üçün 12% təxminən inflyasiyanın ilk addımıdır.

Biz yaxınlaşdıq hiperinflyasiyaya. Amma mən sizə deyim ki, bu ilə də, gələn ilə də, hətta 2023 və 2024-cü ilə də biz yox, beynəlxalq agentliklər təxminən proqnozlar deyiblər ki, haradasa gələn illərə 4,5, 2023-cü ildə 3,5, hətta 2024-cü ildə 3%-ə qədər inflyasiya arta bilər.

“Biri ilə mübarizə edirsən, o birisi baş qaldırır”

- Deyirsiniz ki, özümüzü növbəti bahalaşmaya hazırlayaq?

- Yox, növbəti bahalaşma deyəndə ki, inflyasiya və işsizlikdir. Bu bazar iqtisadiyyatının 2 bəlası var. Biri ilə mübarizə edirsən, o birisi baş qaldırır. O birisi ilə edirsən, bu baş qaldırır. Ona görə də, bazar iqtisadiyyatının biz tətbiq ediriksə, mövcud vəziyyət də budur.

- Rüfət müəllim, əlinizə heç zənbil alıb bazara getmisinizmi?

- Mən deyim ki, gündə bazarlığa gedirəm, yox, yalan deyərəm. Amma heç olmasa, həftədə bir dəfə, 10 gündən bir alış-verişlə məşğulam.

- Qiymətlərdən xəbəriniz var yəni?

- Təbii ki, xəbərim var, mən kosmosda yaşamıram.

- Yəni bazarlığınız hazır gəlmir?

- Mən də qiymət artımlarını bilirəm. İndi bunun həlli yollarını məndən soruşacaqsınızsa, mən bunun həlli yolunu dəfələrlə demişəm, elə onillərdir deyirəm. İnflyasiya ilə tək dövlət bu formada mübarizə apara bilməyəcək. Bunun üçün bolluq yaranmalıdır. Bax, görürsünüz, yanvarın 18-də Baş nazirin yanında iclas keçirildi və 6 prinsip qoyuldu. “Antiinflyasiyaya addımları”. Orada bir iqtisadçı kimi, mənim nə xoşuma gəldi? İqtisadiyyatın ümumi keyfiyyətini və kəmiyyətini artırmaq, hansı ki, bu daha çox kənd təsərrüfatına aiddir və dövlət öz tərəfindən şərait yaradır ki, daha çox kiçik faizli kreditləri, subsidiyaları qaldırmaq və s.

Siz bilirsiniz ki, Qarabağda 100 min ha torpaq planlaşdırılıb ki, istifadəyə verilsin. Bu bizə kömək olacaq və artıq cənab Prezident Ukraynada olanda fikri var idi ki, orada yüz min hektarlarla torpaqlar icarəyə götürüləcək və orada yenə də Azərbaycan dövləti və yaxud ola bilər şəxsi strukturları bu işə qatsınlar, bir sözlə orada məşğul olacaqlar kənd təsərrüfatı və emalı ilə. O məhsullar isə sonda Azərbaycana gələcək. Yəni inflyasiya ilə tək bu formada mübarizə aparmaq olmaz.

- Nəzəri cəhətdən hər şey çox yaxşıdır, amma praktiki cəhətdən biz necə etməliyik ki, hamının evində qazan qaynasın? Hamı, məsələn, sizin kimi, heç olmasa, həftədə 1 dəfə bazara getsin? Bu, ittiham deyil, sualdır…

- Mən istənilən ən kəskin suala cavab verməyə hazıram. Siyasi iqtisadiyyatda və politologiyada belə bir termin var: Apologetika və apolagetikanı sonda müdafiə etmək. Mən dövlət siyasətini müdafiə etməkdən daha çox ona pozitiv formada baxıram və hansı addımlar düz atılırsa, onu deyirəm.

“Mən üzümü tuturam insanlara deyirəm: Niyə toyuq-cücə saxlamırsınız?”

- Siz bitərəfsiniz deyəsən…

- Bəli, mən bitərəf deputatam və ona görə də, mənim o mənada imkanlarım daha genişdir. Mən bir məsələni də sizə deyim ki, bunun yolu nədir? Sizə sual verirəm, rayonlara gedirsiniz?

- Bəli.

- Yaşınız da hər halda 50-yə yaxınlaşıb. Deməli, sovet dövründə görmüşdünüz də, rayonlarda bir kvadratmetr torpaq qalmırdı ki, əkilməsin. Düzdür? Bu günləri necədir bəs? 100 kilometrlərlə gedirsən, yolun sağı və solu əkilmir. Mən Quliyev Rüfət Atakişi oğlu, uşaqlığımı daha çox Lənkəranda və Zaqatalada keçirmişəm. Yəni yay ayları gedirdim, hətta universitetdə oxuyanda da gedib qalırdım nənəm və babamla. Mən nə görürdüm? Gözümlə gördüyümü sizə danışıram. Bizim həyətdə, rəhmətlik babam mandarin, limon, kinkan, portağal və bu kimi, subtropik məhsulları yetişdirirdi. Yadımdadır, o vaxtı babamla oturub danışırdıq. Bu, təqaüdə çıxan bir insan idi, dövlətdən pensiya alırdı və sovet vaxtı pensiyalar da çox pis deyildi, normal idi. Amma bu insan gündə ən azı 6-7 saat bağda işləyirdi. 

Sonra isə həmin məhsulları yığırdı, səhər saat 5-də bazara gedən alverçilərlə sövdələşirdi, onlar, bu məshulu götürüb aparırdılar zənbillərlə hazır və axşam qayıdanda gətirib babamın pulunu verirdilər və gələn gün üçün yeni sifariş verirdilər. Sovet vaxtı pulun dəyəri yadınızdadır. Mənim babam şəxsən mənə dedi ki, ildə 9-11 min sovet rublu əldə edir. Aya ortalama 1000 rubl. İndiki alıcılıq qabiliyyətini götürsək, təxminən aya 2500-3000 min manat edir. Bu günləri isə gedib görürəm ki, hər şey fərqlidir. Hə, insanlar dünyasını dəyişdi və s. bu düzdür.

Bizim qonşumuz vardı, Ağəmi deyirdik. Lənkəranda Sütəmurdov kəndində yaşayırdı. Onun 2-3 dənə inəyi var idi, süd, qatıq satırdı. Özü də istifadə edirdi və onun böyük bir hissəsini qonşulara verirdi. Stəkanlarda qatığı, balonlarda isə südü. Bu gün isə bu yoxdur, niyə? Mən üzümü tuturam insanlara deyirəm. Niyə həyətyanı sahələrdə əkmirsiniz? Niyə becərmirsiniz? Niyə toyuq-cücə saxlamırsınız?

- Yəni deyirsiniz, insanlar təmbəldir?

- Yox, demək istəmirəm təmbəldirlər, ümumiyyətlə, bu, qismən insanlardakı ətalət, tək Azərbaycana aid deyil, bu, bütün dünyaya aiddir. İnsanlar bütün dünyada, Avropada, Asiyada belə edirlər. Yenə deyirəm, qismən. Bu insanlar həyətyanı sahələrdə əkmək istəmirlər.

“Ay, o icra başçısını…”

- Bu problem mənə də tanışdır. Belə ki, mən ötən il yayda İsmayıllı rayonunun Qalacıq kəndində ailəvi istirahətə getmişdim və mən o böyüklükdəki kənddə 5 ədəd kənd yumurtası tapa bilmədim. Axırda istirahətdə ola-ola bir köşə yazısı yazdım, adı da belə idi “İcra başçısından 2 yumurta istəmək ayıb olamz ki?”. Həqiqətən problem var və başqa rayonlarda da bu problemlərlə qaşrılaşmışam. Bir dəfə, kəndlidən soruşuram ki, sən niyə əkmirsən? Onun da cavabı bu oldu ki, bizim ərazidə nə qədər sulanan torpaq varsa, hamısını icra başçısı əkir.

- Ay, o icra başçısını deyərdim mən... Əgər o əkirsə, onda bol məhsul olmalıdır. Mən sual verirəm, bu gün duraq, buradan çıxaq. Gedək, istənilən rayonda, istənilən bir insanın qapısını döyək və deyək ki, gəlmişik, qonaq, Allahın qonağıdır. Qardaş, bizə yeməyə nə verəcəksən? Mənim fikrimcə, hansı ki, mən bunu uşaqlıdan görmüşəm. Bunun həyətində 30-40 dənə cücə ora-bura qaçır. Nə bilim, meyvə ağacları var, qismən kartof əkirlər. Söhbət ondan getmir ki, sən milyonçu olasan, söhbət ondan gedir ki, sən istəmirsən. Bilirsiniz, BMT-nin belə bir rəqəmi var. Nə qədər aztəminatlı ailə olsa, o qədər də çox onun ailə büdcəsi 70%-ə qədər, ancaq qida məhsullarına gedəcək. Bu günləri bu rəqəm Azərbaycan 40-43% civarındadır, amma biz çalışmalıyıq ki bunu azaldaq, çünki aparıcı ölkələrdə bu, təxminən 30%-dir. ABŞ-da isə 12-15%-dir. Siz fikrimin məntiqini başa düşürsünüz?

- Yəni demək istəyirsiniz ki, bir az sadələşdirsək, bizdən fərqli olaraq orada insanlar təkcə qarınlarına işləmirlər?

- Bəli, tamamilə düzdür.

- Amma qarını da ac qoymaq olmaz axı…

- Mən də ona görə sizə deyirəm ki...

- Bizim maaşımız, əgər yeməyimizə, əynimizə-başımıza çatmırsa, biz Antalyada, Kiprdə necə istirahət edə bilərik? Müəllim 500 manat maaş alır və 500 manatla necə yaşasın və Antalyada necə gedib istirahət etsin?

- Gəlin hamısını mərhələ-mərhələ həll edək. Mən düşünürəm ki, insanların əksəriyyəti, hansı ki, bu problem tək bizdə deyil, bir neçə ölkəni çıxmaq şərtilə, misal üçün Belarusu deyək. Belarusun bütün büdcəsi, bəlkə də 60%-i kənd təsərrüfatı məhsulları üzərində qurulub. Nəyə görə? Onlar sovet sistemini dağıtmadılar. Orada indiyə qədər kolxoz və sovxozlar var, indiyə qədər dövlət bir başa iqtisadiyyat və kənd təsərrüfatı ilə məşğuldur. 

Kənddə yaşayır, amma pomidor, xiyarı marketdən alır

Mən bilirəm, buna mənim seçicilərim də baxacaq, sonra bu sosial şəbəkələrdə yayılacaq, hərə bir söz yazacaq və s. Mən pandemiyadan qabaq gedirdim Lənkərana. Çayxanada oturub insanlar, mən gedirəm saxlayıram maşını, gedib otururam və insanlarla bir başa söhbət aparıram.

İnsanlar 20 dəqiqə tənqid edir ki, rüşvətxorluqdur, polis saxladı və s. 21-ci dəqiqədə dedim ki, icazə verirsiniz indi mən sizə sual verim? Dedilər ki, “buyurun, deputat”. Dedim bax, Ulu Öndər gələndə birinci islahat aparıb torpaqları regionlarda hədiyyə verdi. İndi deyəcəksiniz icra başçıları elə edir, belə edir. Mən o məsələlərə qarışmıram. Sual edirəm insanlara ki, sən regionun hansısa kəndində yaşayırsan, orada toyuğu-cücəni, südü, yumurtanı, pomidoru, xiyarı haradan əldə edirsən? Deyir, təbii ki, supermarketdən. 

Sən əgər kənddə yaşayırsansa tələbatlarının 40-50 faizini özün ödəməlisən, özün əkib-becərməlisən, mən bunun tərəfdarıyam. Biz kooperasiya haqqında qanun qəbul elədik, mən o vaxt səs verəndə də durdum, çıxış edib dedim ki, bu qanun onsuz da yox idi. Məgər bundan qabaq Azərbaycanda kimsə məhdudiyyət qoyurdu ki, insanlar kooperativlərdə birləşib torpağı istifadə eləsin? Yenə deyirəm, bu problem Azərbaycanın yox, dünyanın problemidir. Dünyada urbanizasiya prosesi var. İnsanlar çalışır ki, regionlardan çıxıb şəhərə gəlsin, bizdə də bu proses gedir. Bakının infrastuktur gücü təxminən iki milyon yarımlıq insan üçündür, amma Bakıda 4 milyondan çox adam yaşayır.

 - Rüfət müəllim, 4 milyon əhali bəxtəvərlikdən Bakıya gəlməyib, bir tikə çörək arxasınca gəliblər. Bir neçə il əvvəl elə sizin də yaxşı tanıdığınız cənub bölgəsində kartofun kilosu 9 qəpiyə düşmüşdü. Ağdamda soğan 8 qəpik idi, kəndli kartof-soğanını qarşısına qoyub mərsiyə deyirdi. Görünür, kəndli növbəti il də 8 qəpikdən məhsul satmamaq üçün Bakıya gəlir. Bəlkə kəndliyə düzgün yol göstərmirik?

- Kəndlinin məhsullarını 8-9 qəpiyə satması məsələsinə qayıdıram. Mən üç-dörd ay öncə tədarük və təchizat agentliyini çox kəskin formada tənqid etdim. Səhər nazir müavini mənə zəng etdi, dedi ki, Rüfət müəllim, çox kəskin demisiniz, məsələnin bu tərəfini də nəzərə alın filan. Dedim mən köməkçilərimə dəfələrlə demişdim. Çünki mən fermerlərlə görüşürəm, şikayət edirlər, biri deyir ki, yarım ton çiyələyim gözlərimin önündə yandı, 2 ton feyxoam xarab oldu… 

Sonra sədrlə görüşdük, dedim əgər bu fikirlərdən uzaqlaşmağımı istəyirsinizsə, mənlə birgə gedək Lənkərana, fermerlərlə görüşək. İcra başçısının da köməyi ilə 16-17 işlək fermer bir araya gəldi, yığışdıq. Məsul şəxslər fermerlərə dedi ki, gedək məhsullarınızı götürək, aparaq Bakıya dekabr ayında təşkil olunan kənd təsərrüfatı yarmarkasında satın. Sizdən heç kəs həmin yarmarkada iştirak etmək üçün bir qəpik də istəməyəcək. Daşınma xərci də, depo xərci də bizimdir, yetər ki, qiymətləri münasib edin, insanlar ala bilsin. 

Hamı təklifi alqışladı “Allah Prezidentin, Rüfət Quliyevin canını sağ eləsin” deyib təriflər yağdırdı. Bütün Lənkərandakı fermerlər bundan xəbərdar olsun, qeydiyyatdan keçsin deyə məlumat yayıldı. Sizcə, neçə fermer yarmarkada iştirak üçün qeydiyyatdan keçdi? Sıfır! Bir nəfər belə qeydiyyatdan keçməmişdi. Bu hadisəni şəxsən yaşamış biri kimi danışıram.

“Müavinat vaxtı bir çox adam dövlət məmuru ilə korrupsiyon sistem qurub”

- Bəs səbəbi ilə maraqlandınızmı?

- Səbəbi ilə maraqlanmadım, niyə maraqlanmalıyam? Daldan atılan daş topuğa dəyir. O insanlar sadəcə gileylənirlər. 15 il əvvəl bir təklif ortaya qoydum, dedim bəlkə, xaricdən gələn ərzaq məhsullarına müəyyən məhdudiyyətlər qoyaq? Mənə çox vəzifəli şəxslərdən biri dedi ki, alınmayacaq. Onda qiymətlər qalxacaq. Dövlətin iki cür iqtisadiyyat münasibəti var: biri müdaxilə etmək, digəri tənzimləmə. dövlət şərait yaratmalıdır ki, insanlar aktiv olsun.

Uzağa getməyək, elə özümdən misal çəkim. Mən bağımda 6 sot torpaq ayırmışam, üçüncü bağbanı dəyişirəm, onu məcbur edirəm, deyirəm, a kişi, hər şey məndəndir, sən işlə, amma o maraq yoxdur.

- Bütün təmbəl adamlar da sizə rast gəlir, Rüfət müəllim…

-  Bu tək Azərbaycanda belə  deyil, dünya ölkələrində də belədir, Ukraynada, Qazaxıstanda da bu vəziyyətdir. Biz “Holland” sindromuna yoluxmuşuq. Bu sindrom iqtisadiyyatda xüsusi bir sektorda baş verən artım (məsələ, təbii sərvətlər) ilə digər sektorlarda baş verən azalmadır.

Sosial müavinat o insana verilməlidir ki, o insan şikəstdir, işləyə bilmir, vəziyyəti gərgindir, bunun heç bir şəraiti yoxdur və işlə məşğul olmaq ehtimalı da yoxdur. 100 mindən yuxarı insana müavinatlar verildi. Hansı ki, bu insanlar əmək qabiliyyətli idilər. Niyə biz bunu gizlədirik.?

- Görünür, 5 ton soğan becərib, 5-10 qəpiyə satmaqdansa, məmur olub, arayışı 5 manata satmaq istəyir. Bəlkə rüşvətxorluğun, korrupsiyanın inkişaf etməsi bu səbəbdəndir?

-  Mən sizə təssərrüfat göstərim ki, 10-20 ton soğanı, kartofu, sitrus meyvələrini əkir, inkişaf da etdirir. Əsas işini qurmaqdır. Söhbət milyonçu olmaqdan getmir. 3-5 tona görə, bu iqtisadi tərəfdən alınmaz. Çünki nəqliyyat xərci var. Birləşib, danışa bilərlər. Bu gün 10 qəpik olanını 2 ay sonra 1 manata ala bilərlər..

O, bunlarla öz ehtiyatlarını qarşılayır. Mən insanları günahlandırmaq istəmirəm. Burada söhbət ondan gedir ki, müavinat vaxtı bir çox adam dövlət məmuru ilə korrupsiyon sistem qurub. Heç nəyə görə, müavinat alıb. Sizcə, 5 il sonra bu asan ola bilərmi? Qismən biz holland sindromuna yoluxduq.

“Onları zindana qoysan da problem tam həll olunmayacaq”

- Bu günə kimi Azərbaycanda rüşvət və korrupsiyaya bulaşdığına görə, 7 icra başçısı həbs olunub. Amma Baş Prokuror Kamran Əliyev açıqlama verdi ki, son 1 ildə rüşvətlə bağlı cinayətlərin sayı 2 dəfə artıb. Məntiqlə həbslərdən sonra bu azalmalıdır. Amma artım müşahidə olunur. Buna səbəb nədir? Ümumiyyətlə rüşvətxor məmurlarla necə mübarizə aparmaq lazımdır?

- Onları zindana qoysan da problem tam həll olunmayacaq. Bunun hansı iqtisadi mexanizmləri var. Dövlət müəyyən qədər çalışır ki, bunun qarşısını alsın. Müəyyən tədbirlər keçirir. Digər ölkələrdə rüşvətə görə, əl kəsirlər, baş kəsirlər, az qala güllələyirlər. Deyək ki, Çində rüşvət yoxdur. Güləcəklər. Söhbət ondan gedir ki, bunun iqtisadi bazasını çıxartmaqdır. Niyə insanlar rüşvət verməyə, məmur da o rüşvəti götürməyə hazırdır?

İnsanlar düşünməlidir ki, qanuni yolla həll olunan məsələ qanuni yolla da həll olunacaq. Demirəm ki, bu Quran Ayəsidir. O gün baxıram ki, Bakı rayonlarının birində 7 ildir, ev tikirlər, insanların evin vermirlər. Burada Kərəmi ağlamaq tutur...

Korrupsiyanın kökü budur. Əgər 60-70, lap 10 nəfər adam prokuratura sisteminə müraciət edirsə, məhkəməyə müraciət etmirlər. İllərnən guya işlər gedir. Hakimlərdə deyir ki, masamın üstündə 200 dənə iş var. Çatdıra bilmirəm. Niyə operativ müdaxilə etmirlər? Yoxlama aparın. İnsanlara cavab verin. İnsanlar gedib-gəlir. İcra hakimiyyəti də deyir ki, məşğul olacağıq. Bu insanlar ortada qalıb, 7-8 il evini ala bilmir. Pulunu da verib. Orada elədir ki, şəxsin evini söküblər, buna söz veriblər ki, iki ilin içində sənə ev verəcəyik. Hələ 20 faiz də artıq olacaq.

Bu yalan vədləri verib, insanları niyə aldadırlar? Bunu kim araşdırmalıdır?.. Mən müraciət etsəm, ya Baş Prokurorluğa, ya da məhkəmənin sədrinə müraciət edəcəm. İcra başçısına müraciət olunsa, o da hansısa üsuldan istifadə edib, məsələyə son qoyulmasına çalışacaq.

- Rüfət bəy, müraciət edin. Milli Məclis mötəbər kürsüdür. Siz onu toyda, yasda, qeyri-rəsmi görüşlərdənsə, parlamentin tribunasıdan səsləndirin. Bu daha fektli olar.

- Bu mövzu ilə əlaqədar həmkarlarım Razi Nurullayev və digər deputatlar da çıxış edib. Bu həqiqi problemdir. Evlər 4-5 nəfərə satılıb. Bir ev 4 nəfərə satılıb. İndi aləm dəyib, bir-birinə. Bir insan yaşayır, digəri kağızla gəlir ki, bu mənim evimdir. Bu məsələ ilə prokuratura ciddi məşğul olmalıdır. Biz bunu dəfələrlə səsləndiririk. Burada da korrupsiyon maraqlar var. Biz qanun qəbul etdik ki, bütün evlər qeydiyyatdan keçməlidir. Artıq o evi 2 dəfə satmaq olmaz. Mümkün deyil.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top