“Kişi pensiyasının tam yarısını qadına verməlidir”

MÜSAHİBƏ 25 yan 2022, 10:01

Mediasiya Şurasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova  “Yeni Sabah”a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Mediasiya Şurasının fəliyyətə başlamasının iki ili tamam olur. Amma cəmiyyətdə şura ilə bağlı kifayət qədər məlumat yoxdur.

-Azərbaycanda Mediasiya haqqında qanun 2019-cu ildə qəbul olundu. Mediasiya mübahisələrin məhkəmədənkənar alternativ həll yoludur. Qanun 2021-ci ilin iyul ayından tətbiq olunur. Qanun qəbul ediləndən sonra – 12 fevral 2020-ci ildə Mediasiya Şurası yaradıldı. Şuranın finksiyası “Mediasiya haqqında” qanuna uyğun həm tətbiqi, həm praktiki, həm mediatorların monitorinqi və digər məsələlər şuranın nizamnaməsində öz əksini tapıb.

İlkin mərhələdə Azərbaycan üzrə heç bir mediasiya təşkilatı qeydə alınmadığı üçün mediasiya müracilələrinin həllini də şura özü həyata keçirirdi. Amma indi mediasiya təşkilatları fəaliyyətə başlayıb və şuranın iş yükü yüngülləşib. Artıq Bakı şəhəri üzrə 6 mediasiya təşkilatı qeydə alınıb. Regional olaraq isə hələki, Gəncə şəhərində mediasiya təşkilatı fəaliyyət göstərir. Bu baxımdan əslində şuranın tanınması üçün kifayət qədər təbliğat işi aparılır, mediada davamlı tanıtımlar olur.

 

 

- Mediasiya Şurası hansı mübahisələrin həlli üçün fəaliyyət göstərir?

- Qanunun tələbinə görə, əmək, kommersiya, mülki, ailə və inzibati mübahisələrdən irəli gələn məsələlər üzrə mediasiya tətbiq oluna bilər. Lakin ilkin mediasiya sessiyasının keçirilməsi bunlardan 3-ü üzrə - əmək, ailə və kommersiya üzrə tətbiq olunur. Bu o deməkduir ki, qeyd olunan kateqoriyalar üzrə əgər iki tərəf arasında hər hansı mübahisə varsa, o zaman birbaşa məhkəməyə getmək mümkün olmayacaq. Bu məsələlər üzrə ilkin mediasiya keçirilməsi məcburidir. Yəni ilkin mediasiya keçirilməyibsə məhkəmələr o iddia ərizələrini geri qaytaracaq. Çünki iddia ərizəsinə iki mediasiya sessiyasının keçirilməsinin nəticələri haqda yekun sənəd əlavə olunmalıdır.

“Ailə mübahisəsində əgər uşaqla bağlı mübahisə yoxdursa belə...”

- Mediasiya üçün müraciət ödənişlidirmi?

- Mediasiya fəaliyyəti qeyri-kommersiya fəaliyyətidir. Mediasiya təşkilatları da qeyri-kommersiya təşkilatlarıdır. Bu institutun yaradılmasında hədəf kommersiya, qazanc deyil. Cənab Prezident hüquq islahatları haqda fərman imzaladı, həmin fərmandan irəli gələrək də məhkəmələrdə iş yükünün azaldılması nəzərdə tutulurdu. Amma təkcə bu deyil. Mediasiya iki mübahisə tərəfinin arasındakı münaqişənin səviyyəsini aşağı salmaqdır. Məsələn, ailə məsələlərində mediasiya təkcə o deyil ki, tərəflərin ailəsini bərpa etsin. Təbii ki, ən öndə olan məsələ əgər tərəflərin arasında dərin mübahisələr yoxdursa mediasiya o ailənin bərpa olunmasına yönəlib.  Amma gəlin praktikaya baxaq. 

Bir ailə mübahisəsi özü ilə məhkəməyə 5-6 məhkəmə mübahisəsi aparır. Nigahın pozulması, əmlak bölgüsü, uşaqlarla görüş, aliment, yaşayış hüqüqü... Amma mediasiya çərçivəsində tərəflər öz vaxtlarına, enerjilərinə, əsəblərinə, maliyyə resurslarına qənaət edə bilər və yalnız bir məsələ - nigahın pozulması ilə məhkəməyə gedə bilərlər. Digər məsələləri öz aralarında mediasiyada razılığa gələ bilərlər. 

Mediasiyanın fəlsəfəsi təkcə məhkəməyə gedən iş yükünün azaldılmasına xidmət etmir, həm də tərəflərin özlərinə xidmət edir. Daha sadə izah edim. Biri var vəkilə 1 iş üçün xidmət haqqı ödəsin, biri də var 5-6 iş üzrə. Tərəflər bu qədər maliyyə resurslarına da qənaət etmiş olurlar. İnsan psixologiyası elədir ki, hər hansı mübahisə zamanı, tutaq ki, ailə mübahisəsində əgər uşaqla bağlı mübahisə yoxdursa belə, məhkəməyə gedəndə orada ortaq nöqtəyə gəlmək istəmirlər. Ona görə ki, digər maddi məsələlərə görə onların bir-birinə qərəzi yaranır. Əslində mediasiya insanların arasında barışıq, razılığa gəlmə vərdişinin yaranmasına da gətirib çıxarır.

- Kommersiya təşkilatı deyilsə şuranın büdcəsi haradan formalaşır?

- Mediasiya Şurası mediatorların peşə birliyidir. Şuranın əmlakı, vəsaiti mediatorlar tərəfindən ödənilən üzvlük haqqı hesabına formalaşır. Eyni zamanda qanunvericilik Mediasiya Şurasına ianələrin verilməsini qadağan etmir. Yəni şuranın büdcəsi bunlar və digər əvəzsiz ödəmələr hesabına da formalaşa bilər.

Mediasiya təşkilatlarına gəldikdə mediatorlar, mediasiya və təlim qurumları Mediasiya Şurasının üzvləri hesab olunur. Mediasiya təşkilatları mediasiyanın marketinqini həyata keçirən qeyri kommersiya təşkilatıdır. Təşkilatda mediatorlar təmsil olunur və onlar fəaliyyətini həm fərdi qaydada davam etdirə bilərlər, həm də təşkilatla əməkdaşlıq edərək.

Azərbaycanda boşanma çətinləşir?

- Mediasiyanın tətbiqi o demək deyilmi ki, Azərbaycanda boşanma prosesləri çətinləşdirilir.

- Boşanma üçün mütləq mediasiya prosesindən keçirilməlidir. Mediasiyadan keçmədən iddia ərizələri məhkəmələr tərəfindən qəbul olunmur. Bunun ən ali hədəfi nədir? Biz statistikaya baxsaq görərik ki, boşanmaların sayı çoxalıb. Bəzi hallarda ailənin dağılması üçün ciddi əsas olmur. Mediasiya prosesində mediator tərəflərin hər ikisinə ailənin bərpası üçün onların maraqlarını üzə çıxarır, onlara bir növ təsvir verir ki, sadə bir səbəbdən ötəri əsəbiləşib məhkəməyə müraciət etmək istəyirlər, yoxsa, bunun dərin səbəbləri var. 

Bir çox halda dərin səbəblərin olmadığını görürük. Bax bu hallarda mediasiya kömək edir ki, nigah pozulmasın, ailə dağılmasın. Konstitusiyamıza görə də ailə dövlətin himayəsindədir.

Amma elə məqamlar olur ki, məsələn zorakılıq, aqressiya varsa cütlüklərin bir yerdə yaşaması yolverilməzdir.

- Barışdıra bildiyiniz ailələr olubmu?

- Bu gün Azərbaycanda 241 mediator fəaliyyət göstərir. Statistikaya nəzər salanda barışıqların sayı ümumi fonda bizi hələ ki, qane etməsə də, çoxsaylı barışıqlar var. Təkcə ailə deyil, əmək, kommersiya mübahisələri üzrə də yaxşı nəticələr var. Düşünürəm ki, 1-2 ilə daha pozitiv nəticələr əldə edəcəyik.

Mediasiya yoxsa, ağsaqqallar?

- Əvvəl bu funksiyanı ağsaqqallar, ağbirçəklər yerinə yetirirdi. İndi bu işləri Şura öz öhdəsinə götürüb?

- Bəli, mən çox rastlaşmışam bu sözlərlə ki, mediasiya vaxtilə bizim ağsaqqalların etdiyi proses idi və yeni bir şey deyil. Amma bir məsələni nəzərinizə çatdırım. Mediasiya İnstitutunun elementləri, bəli, öz əksini vaxtilə bizim ağsaqqalarımız, hansı ki, bu gün qohum-əqrəba iki nəfəri barışdırmağa çalışır və yaxud da Mediasiya İnstitutu tətbiq olunana qədər iki tərəfin vəkilləri də öz aralarında ortaq nöqtəyə gəlmə barədə bir söhbət edirdilər. 

Yaxud hakimlər Mülki Prosessual Qanunvericiliyin tələbindən irəli gələrək tərəflərə barışmaq təklifini irəli sürürdülər. Təbii ki, bunlar mediasiyanın elementlərinə bənzəyən bir xarakteristikadır, amma bunların heç biri mediasiya deyil.

Mediasiya peşəkar bir faəliyyətdir. Mediator qohum-əqrəbanın etdiklərindən daha peşəkarcasını həyəta keçirilir. Nəyə görə? Mediator olmaq üçün müəyyən bir imtahanlar keçirilir. Peşə vərdişlərinə yiyələnmək lazımdır. Burada tərəflə danışıq texnikası, tərəfin doğrudan da, həqiqi alt marağının üzə çıxarılması çox mühüm bir elementdir, amma bizim dediyimiz qohum-əqrəba, böyüklərin və yaxud da digər vəkillərin etdikləri mediasiya deyil. Mediasiya daha tam, daha həcmli və peşəkar bir faəliyyətdir. Mediasiyanın nəticəsi ona görə uğurlu olur ki, danışıqlar aparılır, saziş bağlanır, yəni bu peşəkarcasına həyata keçirilən bir proses olur. 

- Tez-tez xəbərlərdə oxuyuruq ailə münaqişələri hətta qətllərə gətirib çıxarır. Bu halları nəzərə alanda düşünmürsünüzmü, ümumiyyətlə, boşanmaq bəzən ən uyğun variantıdır?

- Mən çıxışımın əvvəlində də qeyd etdim ki, mediatorlar müəyyən edirlər ki, ailənin, əgər dağılmasına səbəb açıq-aşkar ortaya qoyulursa və ya tərəflərdən biri bildirirsə ki, arada zorakılıq, aqressiya var, bu halda heç bir formada ailənin bərpa olunmasına cəhd olunmur. Hətta qanunvericiliyin tələbinə görə, mediator bu halda tərəfləri birlikdə qəbul etməməlidir. Tərəflər üçün ayrı-ayrı vaxtlarda, hətta ayrı-ayrı görüş otaqlarında mediasiya prosesi keçirilir. Bütün hallarda zorakılıq halları ilə bağlı ki, qadın uzun müddət şiddət görür və bu şiddətin nəticəsi olaraq qətlə yetirilir, bu doğrudan da dəhşətlidir. Məişət zorakılığı, ümumiyyətlə, aqressiya, şiddət olarsa, bu çox pis bir haldır və çox təəssüf ki, bütün dünyada bu cür hallar faciəvi sonluqlara gətirib çıxarır. Mediasiyanın mövqeyi ondan ibarətdir ki, zorakılıq olan yerdə barışıqdan söhbət gedə bilməz.

Şiddətə məruz qalan kişilər...

- Heç şiddətə məruz qalan kişilər sizə müraciət edibmi?

- Mənim təcrübəmdə olmayıb. Hətta vəkil statusunda da şiddətə məruz qalan kişilərin müraciəti ilə rastlaşmamışam. Amma bu, o demək deyil ki, kişilər şiddətə məruz qalmır. Təbii ki, statistikaya nəzər yetirəndə kişilərin də şiddətə məruz qaldığı, ailə-məişət zorakılığına məruz qalma halları var. Həmçinin, onu da sizə bildirim ki, mən özüm də bu yaxınlarda məişət zorakılığı ilə bağlı Ailə, Qadın və Uşaq Komitəsinin layihəsinin yekunları olan iclasda iştirak edirdim. Həmin iclasda statistik göstəriciləri elan etdilər çox cüzi də olsa Azərbaycanda da məişət zorakılığına məruz qalan kişilər var.

- Tərəflərdən hansı daha çox barışığa meyilli olur?

- Mən mediator təcrübəmdə, ailə münasibətləri zamanı iki hal olub ki, tərəflər nigahın pozulması üçün məhkəməyə müraciət edib. Lakin saziş bağlanıb. Saziş nə ilə bağlı olub: Tərəflər razılıqla əmlakı öz aralarında bölüb. Uşağın kiminlə qalmağını müəyyən ediblər. Alimentin həcminə, görüşün ata-ana ilə vaxtına, sayına qədər sivil qaydada razılığa gəliblər və biz bu prosesi sazişlə təsdiq etmişik.

Əgər tərəflər arasında mübarizənin qərəzi bizə demədikləri dərinliklərdədirsə, o zaman mediator alt marağı üzə çıxara bilmir. Amma təkbətək görüşlərdə əsas problemi, nədən qaynaqlandığını, nə istədiyini dediyi zaman mediatorlar üçün onları barışdırmaq rahat olur.

- Tərəflər nəyə görə mediatora bütün fikirlərini, əsas istəklərini deməlidir?

- Çünki meditasiya haqqında qanuna görə mediator konfidensiallıq deyilən  öhdəlik daşıyır. Bəzən tərəflərdən birinin istəyi olur, lakin ürəyində saxlayır, komplekslərdən və ya “qarşısındakı onun haqqında nə düşünər” deyə dilə gətirmir.

Bu səbəbdən mediasiyada imkan var ki, tərəflər ayrı-ayrılıqda görüşsün. Mediatorlar səmimi olub, bütün alt fikirlərini bildirən zaman həmin şəxs üçün də problemin həllini tapmaq rahat olur.

Kişi pensiyasını qadınla bölməlidir

- Bəzi insanlar boşanmazdan öncə psixoloqa müraciət edirlər və psixoloq onlara boşanmalı olduqlarını bildirir.

- Bilmirəm psixoloqlar hansı meyarlarla yanaşırlar. Mediatorların içərisində, psixoloqlar, hüquqşunaslar, iqtisadçılar, pedoqoqlar, müxtəlif peşə sahibləri var. Niyə? Çünki mediator olmaq üçün hansı peşənin sahibi olmaq önəmli deyil. Ali təhsilli və əmək stajına malik olmalıdır.

Sualınıza cavab olaraq bildirim ki, mənim yanaşmam bundan ibarətdir ki, əgər nigahın pozulması barədə mediasiya prosesindəyəmsə, burada mən məişət zorakılığı görürəmsə (psixoloji, iqtisadi zorakılıq da ola bilər) ailəni barışdırmağa cəhd etmərəm.

- İqtisadi zorakılıq nədir?

- Məişət zorakılığı haqqında qanuna görə iqtisadi zorakılıq odur ki, məsələn, bir ailədə qadının ali təhsili var, peşəsi var və amma həyat yoldaşı onu işləməyə qoymur. Qadın üzərində daima aqressiv zorakılığı həyata keçirir. Yaxud, qadın işləyir və maaşı alan kimi əri əlindən alır və onun heç bir sərbəstliyə əlçatımlılığı olmur. İqtisadi zorakılıq odur ki, bu zorakılığa məruz qalan şəxsi digər tərəf bütün iqtisadi çatımlılıqdan məhrum edir.

- Hətta deputatlarımızdan biri təklif etmişdi ki, kişilər həyat yoldaşlarına maaş verməlidir...

- İşləməyən qadın yoxdur. Təsərrüfatı idarə etmək qadının hər hansı bir vəzifədə işləməsindən daha çətin bir işdir. Bu işin istirahət günü, saatı yoxdur. Müqabilində hər hansı ödəniş olmur. Əgər bizim millət vəkilimiz belə bir təklif irəli sürübsə, bunu qanunvericilik baxımından haqlı bir misalla bildirə bilərəm. Məncə ev təsərrüfatını həyata keçirən xanımlara psixoloji dəstək üçün bu fikirlər səsləndirilib. Təəssüf ki, məhkəmə təcrübəsində belə məqamlara rast gəlirəm.

Ömürboyu kişi hansısa bir vəzifədə işləyir, müəyyən bazanı yığır, pensiyaya çıxır. Qadın isə evdə oturub, işləmir. Əvəzində uşaqları böyüdür. Həmin kişinin evini, təsərrüfatını idarə edir. Nəticədə həmin xanım pensiyaya çıxa bilmir. Pensiya hüququndan belə məhrum olur.

Ən yaxşı halda həm qanunvericilik baxımından ailə qanunvericiliyini bir qədər təkmilləşdirmək lazımdır. Məhkəmə praktikasını da bir qədər müsbət etmək lazımdır. Son illər hətta uzun ilin ailələri də dağılır. O cür hallarda kişi qazandığı pensiya hüququnun ən azı ikidə birini qadına verməlidir. Qanunvericilikdə Ailə Məcəlləsində bu ümumi bir şəkildə göstərilib. Lakin nə qanunvericilik, nə də məhkəmə praktikası baxımından tam təkminləşməyib.

- Pensiyanın yarsının qadına verilməsi hüququ varsa, proes necə tənzimlənməlidir?

- Kişi pensiyaya çıxdı. Tutaq ki, əldə etdiyi pensiya 1500 manatdır. O həmin pensiya məbləğinin yarısını tam-tamına qadına verilməlidir. Çünki illər boyu onun evini, təsərrüfatını idarə edən, o işləsin, gələcəkdə pensiyasını alsın deyə özünün pensiya hüququnu qurban verən qadının ən azı ikidə bir məbləğə sahib olmaq hüququ var. Kişi özü könüllü olaraq, bu məbləği bölüşməlidir. Yox əgər könüllü deyilsə, bu təbii ki, məhkəmə qaydasında, ailə mübahisəsi mediasiyasında baş verəcək. Mediasiyada bir razılıq əldə olunacaqsa, bu sazişlə öz təsdiqini tapacaq. Mediasiyada həll olunmasa məhkəmədə həll olunacaq.

Biz cəmiyyət olaraq barışığa meyilliyik

- Sizə belə bir müraciət olunsa, burada perspektiv görürsüzmü?  Məhkəmə belə bir qərar qəbul edə bilər?

- Əlbəttə. Çünki Ailə Məcəlləsində bu ümumi qayda da göstərilib. Bəlkə bizim deputatımız həmin qadınlara psixoloji dəstək kimi demişdi. Həmin hissə yaxşı olardı ki, qanunvericilik baxımından təkmilləşdirilsin. Bu Ailə Məcəlləsində birgə nikah dövründə əmək kateqoriyasına aiddir. O hissəni tənzimləyir. Və açmasını deyir. Həmin hissədə pensiyalar da qeyd olunub. Amma bir tək o hissədə qeyd olunub. Digər praktikada bu təkmilləşməyib.  

- Əmək mübahisələri ilə bağlı problem özəl yoxsa dövlət şirkətlərində daha çox olur?

- Burada faiz nisbəti eynidir. Əmək mübahisələrini faiz etibarı ilə mediasiyaya müraciətləri statistik faizlə təqdim etsək, onda ən çox faiz ailə mübahisələrinə düşər. Daha sonra isə kommersiya və əmək. Əmək mübahisələri daha çox özəl şirlətlərdə rast gəlinəndir.

- Çox güman ki,  bunların çoxu pul məsələləri ilə bağlıdır?

-  Təkcə pul məsələləri ilə bağlı deyil, bəzən elə olur ki, tərəfi 70.2-ci maddə ilə işdən çıxarırlar, işdən çıxarılmanın əsası  əmək intizamının pozulmasıdır. Bu halda tərəf işdən çıxarılandan sonra başqa yerdə onu işə qəbul eləmirlər. 

- Siz bu proseslərin canlı müşahidəçisisiniz, necə düşünürsünüz, Azərbaycan cəmiyyəti toplum olaraq barışığa meyillidirmi?

- Birmənalı olaraq mənim bu suala cavabım “Bəli”dir. Sadəcə dedim ki, statistik göstəricilər bizim reallıqda gördüyümüzü əks etdirməyə bilər. Bunun yeganə bir səbəbi var: biz cəmiyyət olaraq barışığa meyilliyik. Bir məsələ var, bu qanunvericilik tərəfindən cəmiyyətə tətbiq olunur deyə, biz cəmiyyət olaraq buna vərdiş etməliyik. Əvvəllər vərdiş eləmişdik ki, bizim tanıdığımız kimlərsə bizi ortaq nöqtəyə gətirsin, amma indi tanımadığımız, həyatda görmədiyimiz bir şəxs – mediator bunu həyata keçirir. Ona görə də ilkin olaraq tərəflərin istər-istəməz özünün skeptik baxışları yaranıb və o etimadı ümumilikdə qazanana qədər müəyyən az da olsa vaxta ehtiyacımız var.

- Sevgilisi ilə problemi olan şəxs sizə müraciət edibmi və etsə, nə kömək edərsiniz?

- Belə bir müraciət olmayıb. Çünki mediasiyaya müraciət üçün sırf qanunda nəzərdə tutulan kateqoriyaya aid mübahisə olmalıdır. Bir şəxsin sevgilisi ilə mübahisəsini biz mediasiyaya qoya bilmərik. Onlar psixoloqa müraciət etsələr, daha yaxşı olar. Mediasiya üçün mübahisə olmalıdır. Mediasiya ilə psixoloqun fərqi var, mediasiyada həm psixoloqun elementləri, həm də hüququn müəyyən elementləri var. Bu müəyyən peşələri özündə birləşdirməklə yaranan başqa bir sahədir. Hesab edirəm ki, mediasiyanın faydaları, cəmiyyətimizə gətirəcəyi pozitiv yekun nöqtə az zaman sonra öz töhfəsini verəcək.

- Tutaq ki, hansısa ucqar bir rayonda ailədə problem yaranıb və onlar mediasiyaya müraciət etmək istəyir. Onlar nə etməli, hara yaxınlaşmalıdırlar?

- İndiyə kimi şuraya olurdu, bu ona görə olurdu ki, təşkilatlar qeydiyyatdan keçməmişdi, amma indi bunu mediasiya təşkilatları edəcək. Təşkilatlar hər rayonda yəqin ki, zaman-zaman qeydiyyata alınacaq, amma Bakı üzrə 6 mediasiya təşkilatı qeyd olunub.

Ərazisindən asılı olmayaraq, mediator təyin olunması üçün vətəndaş mediasiya təşkilatına mürəciət etməlidir. Amma bu gün praktikada Bakı, Abşeron, Sumqayıt üzrə 6 təşkilat var və onlardan birinə vətəndaşlar müraciət edə bilərlər. Həmin təşkilatların əlaqə nömrələri, ünvanları mediasiya şurasının saytında və özlərinə məxsus sosial şəbəkə hesablarında qeyd olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top