Siyəzəndə həbs olunan narkotik bağbanının anasına qarşı cinayət — Şok təfərrüat

KRİMİNAL 24 yan 2022, 11:32
Siyəzən rayonunda 1982-ci il təvəllüdlü Mircəlal tanışını Yaşarın qohumu Saraya qarşı dələduzluq edib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mircəlal Saranın etibarından sui-istifadə edib, ona Siyəzən rayon polis şöbəsinin istintaq bölmədində Cinayət Məcəlləsinin 188.1-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma), 237.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) və 237.2.3-cü (külli miqdarda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddələri ilə ibtidai istintaqı tamamlanaraq baxılmasından ötrü aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş cinayət işi üzrə təqsirləndirilən övladı Yalçının barəsində məhkəmədə azadlıqdan məhrum etmə ilə əlaqəli olmayan azadlığın məhdudlaşdırılması və ya icbari cəza növündə hökm çıxarılmasına nail olacağına yalandan vəd verib. 

O, aldatma yolu ilə Saradan 7650 manat məbləğində pulu alaraq ələ keçirib. 

İstintaq orqanı tərəfindən Mircəlalın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mircəlal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Saranın kürəkəni Yaşarı təxminən 10 ilə yaxın olar tanıyır: “Buna görə də hər dəfə Siyəzən şəhərinə gələndə onunla görüşürəm. 2020-ci ilin yay aylarının birində, tarixini dəqiq xatırlamadığım gündə Yaşar mənə zəng vurdu. Qaynı Yalçınnın polis əməkdaşları tərəfindən tutulduğunu bildirdi. Yalçının azadlığa buraxılması üçün müəyyən tanışlarım olduğundan onlara köməklik göstərməyimi xahiş etdi. Siyəzən şəhərinə gələrək Yaşarla görüşdüm. Lakin görüş zamanı Yaşar üzrxahlıq edərək bu işi özlərinin həll edəcəklərini bildirdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 5-10 gün keçdikdən sonra Yaşar yenidən ona zəng vurub: “Yaşar qaynı Yalçının həbsdən azad olunması məsələsi ilə bağlı köməklik göstərməsini xahiş etsə də, sonuncu daha sonra qaynı Yalçının zaminliyə buraxıldığı, müvəqqəti azadlıqda olduğu müddətdə özünün bu işi həll edəcəyini qeyd etdi. Bundan təxminən 3-5 gün keçdikdən sonra Yaşar yenidən mənə zəng vurd. Bu məsələni mənim həll etməyimi xahiş etdi”.

Təqsirləndirilən şəxs bildirib ki, 2020-ci ilin təxminən iyul ayının sonlarında Siyəzən şəhərinə gəlib: “Yalçıngilin yaşadıqları evdə Yaşar, Yalçın və onun anası Sara ilə görüşdüm. Söhbət zamanı onlara guya Bakı şəhərində Rəsmiyə adlı qadın vəkil tanışımın olduğunu, həmin vəkil vasitəsilə onların işini həll edəcəyimi, Bakı şəhərinə gedərək həmin vəkillə danışdıqdan sonra işin həlli ilə bağlı yekun sözümü, həmçinin işin həll olunması müqabilində lazım olacaq məbləğ barədə onlara məlumat verəcəyimi bildirdim. Onlardan Yalçının zaminliyə buraxılması haqqında məhkəmə qərarını da aldım”. 

Mircəlal qeyd edib ki, Bakı şəhərinə qayıtdıqdan bir gün sonra Yaşara zəng vurub: “Ona yalandan guya həmin Rəsmiyyə adlı vəkillə görüşdüyümü, iş barədə ona məlumat verdiyimi, həmin vəkilin Yalçın və onunla əlbir olan Elnur adlı şəxsin azadlığa buraxılmalarının həll olunması müqabilində ayrı-ayrılıqda hər birinə 9000 manat olmaqla, ümumilikdə 18000 manata həll edə biləcəyini bildirdim. Yaşar qayınanası Sara ilə məsləhətləşdikdən sonra bu barədə mənə məlumat verəcəyini qeyd etdi. Daha sonra mənimlə əlaqə saxlayaraq qayınanasıgilin bu işin düzəlməsinə razı olduqlarını ifadə etdi. Bundan sonra Yaşara işin həlli üçün ilkin məbləğ kimi 6000 manat lazım olduğunu bildirdim. İnandırıcı olsun deyə həmin məbləğ hazır olduqdan sonra həmin rayonda Seyidəşrəf kimi tanıdığı, lakin əsl adı Məhərrəm olan atama verməsini istədim. Sonra atamla əlaqə saxlayaraq ona Yaşarın pul verəcəyini və ondan həmin pulu Bakı şəhərinə göndərməsini xahiş etdim. Lakin həmin 6000 manat məbləğində pulu özüm üçün istəmişdim. Sonradan Yaşar mənimlə a əlaqə saxlayaraq 6000 manatı qayınanası ilə birlikdə atama verdiklərini bildirdi. Atam da həmin gün pulu mənə göndərdi. Mən isə pulu alandan sonra onu öz şəxsi ehtiyaclarıma və borclarıma xərclədim”.

Mircəlal bildirib ki, həmin ərəfədə bir gün Siyəzən şəhərinə gəlib: “Geri qayıtmaq üçün pulum olmadığından Yaşarla əlaqə saxladım, ona Bakı şəhərinə geri qayıtmaq üçün borc olaraq 150 manat lazım olduğunu bildirdim. Yaşar da 150 manat mənə verdi. Bakı şəhərinə getdikdən bir müddət sonra yenidən Yaşarla əlaqə saxladım,  inandırıcı olması üçün ona Yalçın Yusifovun işinin göndəriləcəyi Bakı Ağır Cinayətlər Məhkəməsində guya işi onlara münasib olan hakimin icraatına verilməsindən ötrü işi qəbul edən dəftərxanadakı şəxsə 1000 manat məbləğində pul “hörmət” edilməli olduğunu bildirdim. Yaşar isə qayınanası ilə danışdıqdan sonra bu barədə xəbər edəcəyini qeyd etdi. Sonradan Yaşar əlaqə saxlayaraq həmin pulu taksi ilə yola saldığını dedi, pulu göndərdiyi taksi sürücüsünün nömrəsini mənə verdi. Mən isə Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə həmin taksi sürücüsü ilə görüşdüm, 1000 manatı ondan götürdüm. Yaşar mənimlə əlaqə saxlayanda pulu götürdüyümü bildirdim. Həmin pulu da şəxsi ehtiyaclarıma xərclədim”. 

Mircəlalın sözlərinə görə, ona yenidən pul lazım olduğundan Yaşarla əlaqə saxlayıb, ona özü üçün 500 manat lazım olduğunu bildirib: “Hətta, işin müqabilində Yalçın Yusifova görə verməli olduqları 9000 manat ümumi məbləğdən həmin 500 manatını öz aralarında haqq-hesab edəcəyimizi də qeyd etdim. Həmin vaxt atama məxsus əmək haqqı kartı məndə olduğundan Yaşara həmin kartın nömrəsini atdım, pulu həmin karta köçürməsini xahiş etdim. Sonuncu da həmin pulu karta köçürtdü. Mən də bu pulu da öz şəxsi ehtiyaclarıma xərclədim”.

Təqsirləndirilən şəxs deyib ki, Yaşargil onun bu işi tamamilə həll edəcəyinə inanıb: “Bundan sonra bu müddət ərzində həm Yaşarla, həm də Sara ilə mütəmadi olaraq əlaqə saxlamağa başladım. 2020-ci ilin oktyabrın 20-də və ya 20-dən sonrakı günlərin birində Yaşar mənimlə əlaqə saxladı. Məhkəmədə Yalçına 4 il iş verildiyini bildirdi. Ardınca Sara da mənə zəng vuraraq həmin sözləri təkrar etdi. Onların hər ikisinə ortada nəsə anlaşılmazlıq olduğunu, həmin vaxt yolda olduğumu və geri qayıdaraq işlərini həll edəcəyimi bildirdim. Sonradan Bakı şəhərində Yaşarla görüşdüm, ona işi həll edəcəyimi, həll edə bilməyəcəyim təqdirdə,onlardan aldığım pulu geri qaytaracağımı dedim. Fikrim həmin müddət ərzində 7650 manat məbləğində pulu toplayaraq Yaşarın vasitəsilə Saraya geri qaytarmaq olub. Hətta, onlara 17 noyabr 2020-ci ildək pulu geri qaytaracağıma söz versəm də, həmin pulu düzəldə bilmədim. Yaranmış müəyyən problemlərlə əlaqədar pulu Saraya qaytara bilmədim”. 

Təqsirləndirilən şəxs bildirib ki, barəsində aparılan cinayət işinin ibtidai istintaqı müddəti dövründə Saraya vurduğu 7650 manat məbləğində maddi ziyanı tam formada ödəyib, onunla barışıq əldə edib. 

Bi cinayət işinə Siyəzən rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Mircəlal 4000 manat məbləğində cərimə cəzası məhkum olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top