Xızıda böyük tibb bacısından şok əməl — Təfərrüat

HADİSƏ 19 yan 2022, 12:17
“Xızı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində böyük tibb bacısı işləyən Könülün (ad şərti verilib – red.) məhkəməsi başa çatıb.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Könülün barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham elan edilib.

Könülün barəsində olan cinayət işi baxılması üçün Xızı rayon Məhkəməsinə göndərilib. 

Məhkəmədə ifadə verən Könül ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, “Xızı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində böyük tibb bacısı işləyir: “24 noyabr 2020-ci ildə işlədiyim xəstəxananın işçilərindən biri Covid-19 xəstəliyinə yoluxduğu üçün xəstəxananın baş həkiminin göstərişinə əsasən mən də xəstəliyə qarşı analiz verdim. Analizin cavabı telefon nömrəmə SMS şəklində noyabrın 26-da, saat 09.39-da göndərilsə də, telefonu səssiz rejimdə olduğundan həmin SMS cavabı vaxtında görməmişəm. Həmin gün ərim əmisi oğlunun qəbrini ziyarət etmək qərarına gəldi. Təxminən saat 10.00-da evdən çıxdıq, Xızı şəhərində Şəhidlər Xiyabanının üst tərəfində yerləşən qəbirstanlığa getdik”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt onda xəstəliyin hər hansı bir simptomu olmayıb: “Qəbirstanlıqda təxminən 10-15 dəqiqə qalaraq evə qayıtdıq. Evə qayıdandan sonra telefonuma baxanda SMS gəldiyini gördüm və Covid-19 xəstəliyinə yoluxmam məlum oldu”. 

Könülün ifadəsinə görə, bundan bir gün sonra, yəni noyabrın 27-də, saat 13.00-da Xızı rayon polis şöbəsinin əməkdaşları ona zəng edib, harada olmasını xəbər alıb: “Mən də evdə olduğumu dedim. Daha sonra Xızı rayon polis şöbəsinin polis sahə rəisi yaşadığım ünvana gəldi, mənimlə profilaktik söhbətlər apardı. Mənə qanunla məsuliyyət daşıdığım izah olundu və müalicə müddətimdə bir daha yaşadığım evi tərk etməyim ilə bağlı xəbərdarlıq olundu. Həmin tarixdən sonra karantin rejiminin tələblərinə riayət etdim”.

Könül bildirib ki, dekabrın 10-da özünütəcrid müddəti başa çatıb. 

Məhkəmənin hökmü ilə Könül 2500 manat cərimə olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top