Etibar Məmmədov: “Xalqımız o gün öz müqaviməti, qəhrəmanlığı ilə müstəqilliyə doğru fikrini qətiləşdirdi”

MÜSAHİBƏ 19 yan 2022, 11:27
Sabah 20 Yanvar faciəsinin 32-ci ildönümüdür. 20 Yanvar həm də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində bir qəhrəmanlıq səhifəsidir. 

Demokrat.az o vaxtkı hadisələrə yenidən nəzər salmaq məqsədilə, Milli Azadlıq Hərəkatının liderlərindən biri, Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədovdan müsahibə alıb. 

Həmin müsahibəni təqdim edirik:

-  Etibar bəy, 32 il əvvəl baş vermiş 20 Yanvar faciəsi barədə insanlarda hələ də müəyyən suallar qalmaqdadır. Baş verən hadisə ilə bağlı nələr yadınızda qalıb, əslində, nə baş vermişdi?

- 20 Yanvar Azərbaycan tarixində dönüş nöqtəsi olub. Bildiyimiz kimi, Milli Azadlıq Hərəkatının qarşısını almaq və boğmaq üçün SSRİ imperiyasının rəhbərliyi Azərbaycan xalqını cəzalandırmağı qərara aldı. Ona görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritdi və dinc insanlara divan tutdu, Bakının müqavimətini qırmağa çalışdı. Lakin Azərbaycan xalqı həmin gün öz müqaviməti, qəhrəmanlığı ilə müstəqilliyə doğru fikrini qətiləşdirdi, müstəqilliyinə nail oldu.

- Qanlı Yanvar hadisələri Azərbaycan tarixində hansı izlər buraxdı?

- 20 Yanvar hadisələrinə Azərbaycanın istiqlalının başlanğıcı demək olar, yəni ictimai rəydə xalqın fikrində SSRİ-nin imperiya olması və Azərbaycanın da bütün problemlərin həlli üçün bu imperiyadan azad olması fikrinin qətiləşməsi hadisəsidir. 

- Belə fikirlər səslənir ki, bu faciə baş verməyə də bilərdi. Bu hadisəni əngəlləmək mümkün idimi?

- Bütün imperiyaların tarixində belə şeylər olur. İmperiya tərkibində olan xalqlar öz azadlıqlarını istəyəndə imperiya da onları cəzalandırmaq yolunu tutur, ona cəhd edir. Müəyyən dövr üçün bəzisi nəticə verir. Ancaq əksəriyyətində isə vəziyyəti daha da gərginləşdirir və imperiyanın dağılmasına gətirib çıxarır.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top