Bakıda iki qardaş mülk üstündə düşmən oldular — İnanılmaz hadisə

KRİMİNAL 19 yan 2022, 11:00
Bakının Nəsimi rayonunda 1984-cü il təvəllüdlü Zaur mülk üstündə yaranan mübahisə zamanı qardaşı Vəlini (adlar şərti verilib – red.) döyüb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 15-də baş verib. 

İstintaq orqanı tərəfindən Zaurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Azər Tağıyevin sədrliyi ilə araşdırılıb. 

Məhkəmədə ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, qardaşı Vəli ilə aralarında uzun müddətdir ev mübahisələri var: “Noyabrın 15-də işlədiyim yerdən dostlarım zəng vuraraq qardaşımın məni axtardığını və təcili 3 mikrorayon dairəsinə gəlməyimi bildirdilər. Mən də dərhal ora getdim. Qardaşımı zorla maşına mindirərək yaşadığım mənzilə gətirdim. Evdə aramızda mübahisə yarandı. Qardaşımı yalnız bir dəfə itələyərək divanın üzərinə yıxdım”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vəlinin sözlərinə görə, Zaur ilə aralarında uzun müddətdir ev mübahisələri var: “Noyabrın 15-də qardaşı ilə görüşərək bu məsələni həll etmək üçün onun işlədiyi yerə getdim. Yalnız qardaşım orada olmadı. Biraz keçdikdən sonra qardaşım ora gələrək insanların içində məni zorla maşına mindirdi, özünün yaşadığı evə apardı. Evdə aramızda mübahisə yarandı. Qardaşım qəsdən sifət nahiyəmdən bir neçə dəfə əl zərbələri ilə vuraraq məni döydü, müxtəlif xəsarətlər yetirdi. Beynimə qan sızdı və zərbələrdən hələdə sol qulağım eşitmir”.

Məhkəmənin hökmü ilə Zaur 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilib. 

Hökmün icrası Zaurun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.

Zaurun üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top