Goranboydakı suvarma kanalı 30 illik fasilədən sonra istismara qaytarıldı

İNFRASTRUKTUR 19 yan 2022, 10:40
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC Goranboydakı Xanarx suvarma kanalının 30 illik fasilədən sonra istismara qaytarıb.

Bu barədə qurumun mətbuat katibi Dilqəm Şərifov məlumat verib.

Onun sözlərinə görə, səhmdar cəmiyyətinin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi uzun illər torpaq məcralı kanal kimi istifadə olunmuş Xanarx kanalının sahillərinə beton üzlük çəkib və kanal uzun illərdən sonra Suqovuşan su anbarı ilə əlaqələndirilib. Artıq onunla 6 300 hektar əkin sahəsini suvarmaq mümkün olacaq.

İdarə Yevlax rayonunda da su itkisinin qarşısının alınması və suyun fermerlərə itkisiz olaraq çatdırılması məqsədilə torpaq məcralı Qum kanalını beton üzlüyə alıb. Rayonun iki kəndi ərazisində mövcud olan əkin sahələrini suvarma suyu ilə təmin edən kanalın beton üzlüyə alınması ilə su itkisi minimuma endirilib. Növbəti suvarma mövsümündə su istifadəçiləri sudan daha asan istifadə edə biləcəklər.

Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi Yevlax və Goranboy rayonları ilə yanaşı ötən il İsmayıllı rayonunda da Aşıqbayramlı Su Anbarının təmir-tikintisini, Şamaxı rayonunda torpaq məcralı kanalın beton üzlüyə alınmasını, Ağdaş rayonu ərazisində torpaq məcralı kanalın lildən təmizləməsini və Göyçay rayonunun eyniadlı çayında çayın məcrasının genişlənərək ətraf ərazilərə ziyan vurmaması üçün sahil bərkitmə və bənd işləri həyata keçirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top