Ən ali duyğudur Vətən sevgisi... — Ukraynada yaşayan həmvətənimizlə söhbət

DÜNYA 18 yan 2022, 21:41

Vətənpərvərlik təkcə Vətəni sevməklə ölçülmür. Vətəni sevmək milli mədəniyyətə, adət-ənənələrə, ana dilinin qorunmasına, doğma yurda məhəbbətə, Vətən qarşısında öz borcunu yerinə yetirməyə, sağlam həyat tərzinə böyük diqqət ayrılmasını tələb edir. Xaricdə yaşayan həmvətənlərimiz üçün isə bütün bunlar ölkələrdə ikiqat məsuliyyətdir. Azərtac-ın müsahibi Ukraynanın Çerniqov şəhərində tanınan soydaşımız İbrahim Əliyevdir. O, 39 ildir Ukraynada yaşayır. Keçdiyi həyat yolu elə də asan olmayıb. 30 ildən artıq müddətdə Ukraynanın polis orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ilin sentyabrından polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb.

Polis orqanlarında vəzifədə çalışdığım zaman azərbaycanlılara qarşı haqsızlığa görə mübarizə aparmışam

1963-cü ildə Ağcabədi rayonunda anadan olduğunu deyən İbrahim Əliyev bildirib ki, 1983-cü ildə Ukraynanın Çerniqov şəhərində həqiqi hərbi xidməti bitirdikdən sonra burada əmək fəaliyyətinə başlayıb. Musiqi fabrikində çilingər işləyən İbrahim sonradan Kommunist Partiyasının üzvü olub. Polkovnik rütbəsinə qədər uzun yol qət edən soydaşımız Novozavodskoy, Desnyanskiy rayonlarının polis idarəsinin rəis müavini vəzifələrində çalışıb. Həmvətənimiz axtarışda olan ağır cinayətkarın tutulması əməliyyatında iştirak edən zaman başından xəsarət alıb, ikinci qrup əlildir.

İbrahim Əliyev qeyd edib ki, polis orqanlarında çalışarkən azərbaycanlılara qarşı haqsızlığa görə mübarizə aparıb. Ona görə də həmişə üzərində təzyiq hiss edib: “Azərbaycanlılara qarşı haqsızlığa qarşı mübarizə apardığım üçün rəhbər heyətlə yaranan mübahisə ucbatından 3 dəfə polis orqanlarından xaric edilmişəm və yenidən qayıtmışam. Yoxsa, bəlkə də general rütbəsinə qədər yüksələrdim”.

Qızı deputat, oğlu polis mayoru olan atanın etirafları

Soydaşımızın övladları da Çerniqovda artıq müəyyən vəzifə sahibidirlər, tanınırlar. Onun qızı Kamilə Əliyeva 2020-ci ilin dekabrında “Doğma Ev” partiyasının siyahısından Çerniqov Rayon Şurasının deputatı seçilib, aktiv ictimai-siyasi fəaliyyətlə məşğuldur. Oğlu Vadim Əliyev isə atasının yolunu davam etdirir, artıq polis orqanlarında mayor rütbəsinə qədər yüksəlib. Hazırda Çerniqov vilayəti Polis Baş İdarəsinin Nejinsk rayon Polis İdarəsinin rəis müavini, İstintaq İdarəsinin rəisidir. Həmvətənimiz vurğulayıb ki, övladları Ukraynada doğulub böyümələrinə baxmayaraq, Vətən sevgisini unutmayıblar. Azərbaycan adını uca tutmaq üçün üzərilərinə düşən işləri ləyaqətlə həyata keçirirlər. “Onlarla qürur duyuram. Övladlarıma həmişə demişəm ki, sizin iki vətəniniz var. Azərbaycan və Ukraynanı öz övladlarınız kimi sevməli və bəsləməlisiniz”, - deyə o bildirir.

Qalib ölkənin vətəndaşı kimi yaşamaq qürurvericidir

Vətən müharibəsi haqqında danışarkən qəhərini boğa bilməyən İbrahim Əliyev deyib: “Vətən müharibəsi zamanı həm sevincdən, həm də kədərdən gözümə qan sızmışdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşımız, o cümlədən Ukraynada yaşayan həmvətənlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək mübarizə apardılar. Sosial şəbəkələrdə ermənilərə qarşı mübarizə aparıldı, kütləvi aksiyalar keçirildi, KİV-lərdə məqalələr dərc edildi. Prezi¬dent, Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz Ordumuz Azərbaycan tarixinə yeni şanlı səhifə yazdı. Bizi qürurlu, başıuca etdiyi üçün Müzəffər Ali Baş Komandana, Ordumuza minnətdaram. Qalib ölkənin vətəndaşı kimi yaşamaq qürurvericidir.



Emil Hüseynli

AZƏRTAC-ın  xüsusi müxbiri

Çerniqov

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top