İlahiyyatçı: “Rəşid Mahmudov dinin mahiyyətini, əslini yox, xurafatı, mövhumatı tənqid edib”

GÜNDƏM 17 yan 2022, 13:16
Tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov Demokrat.az-a açıqlamasında bildirib ki,  Azərbaycanda olan din islam dini deyil. O qeyd edib ki, namaz qılmaq, “Quran” oxumaq bunların hamısı xürafatdır. Məsələ ilə bağlı Demokrat.az ilahiyyatçıların fikirlərini öyrənib. 

İlahiyyatçı Elşad Miri saytımıza açıqlamasında deyib ki, bu günləri elə şəxslər var ki, elədikləri hərəkətlər nə islama, nə Azərbaycançılığa, nə də insanlığa uyğundur:



“Biz o zaman “insanlıq yoxdur” deyə bilmərik, buna görə də, islam dini yoxdur demək düzgün deyil. Bir Allahın göndərdiyi din var, bir də insanların uydurduqları din. Allahın endirdiyi dinə insanlar özlərindən  fərqli məsələləri də qataraq, fərqli bir din ortaya çıxardıblar. Bu, məlum məsələdir. Amma Azərbaycanda konkret o var, bu yoxdur deyə bilmərik. Nəyə görə? Çünki bu günləri müsəlman var Ramazanda içmir, ancaq başqa zaman içir və özünü müsəlman adlandırır. Təbii ki, içir günahını qazanır, bu Allahla onun arasında olan bir məsələdir. Bu gün islamın yeganə mənbəyi “Quran”dır. “Quran”da namaz qılmaq da, oruc tutmaq da var. Rəşid müəllimə hörmətim var, çox dəyərli alimimizdir. Təbii ki, bu məsələlər də sadəcə dediyi mövhumatçı, xürafatçı məsələlərlə əlaqəli olan məqamlardır. Namazın olmadığını demək, bundan ötəri heç olmasa bir az müzakirə aparmaq, bunu demək daha gözəl olardı. “Quran” 6236 ayədən ibarətdir, həmin ayələrlə peyğəmbərlərin hədislərini heç bir zaman eyniləşdirmək mümkün deyil. Bəli, peyğəmbərlərin hədislərində dəyişikliklər çox olub. Həmin dövrün kütləvi informasiya vasitələrində bir növ demək olar ki, elə hədislər nəşr olunurdu. Bəziləri peyğəmbərə istinad edərək, uydurub öz fikirlərini peyğəmbərin adından sırımağa çalışıblar, hətta bəzi hakimiyyətlər bundan istifadə ediblər. Bu günləri vəhabisi, sünnisi, şiəsi də və s. hər müxtəlif adlarda olanların hamısı özünü islama aid edir, amma islam “Quran”dır. Allah da “Qurani Kərim”də “ mən sizi müsəlman adlandırdım” deyib. Allah bizi müsəlman adlandırıbsa, bizim başqa adlarla ortaya çıxmağımız səhvdir. Mən sünniyəm, o şiədir deməyimiz doğru deyil. Allah deyir ki, Allahın ipindən möhkəm yapışın, firqələrə, məzhəblərə bölünməyin. Bölünürüksə, burada həqiqət payı var ki, biz Allahın dediyinə qarşı çıxırıq. Biz Allahın dediyi ilə yox, məzhəblərin dediyi ilə oturub dururuq. Bu, əslində ciddi problemdir”.

İlahiyyatçı-ekspert Tural İrfan açıqlamasında isə bildirib ki, Rəşid müəllim xurafatı tənqid etmək baxımından elə deyib:



“Yəni, demək istəyib ki, ölkəmizdə mollalar dini pul yığmaq, nəzir toplamaq alətinə çevirib. Bəli, “Quran”da "Maun" surəsində deyilir ki, "vay olsun namaz qılanların halına. O namaz qılanlar ki, riyakardırlar". Peyğəmbərin hədisində deyilir ki, "Çox “Quran” oxuyanlar var, “Quran” onlara lənət oxuyur". Rəşid müəllim bax belə namaz qılan, “Quran” oxuyanları deyib ki, ondan qabaq onu Peyğəmbərin özü deyib. Yəni, dinin mahiyyəti riyakarcasına “Quran” oxuyub, namaz qılıb əyri işlərlə məşğul olmaq deyil. Qəbir üstündə ərəbcə “Quran oxunur”. Onu nə ölü anlayır (çünki ölüb), nə də ora toplaşanlar. Halbuki, “Quran” öyüd, nəsihət, qanun kitabıdır. Rəşid Mahmudov özü inanclı insandır və o, dinin mahiyyətini, əslini yox, xurafatı, mövhumatı tənqid edib”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top