“Arif Quliyev heç vaxt ölümü özünə yaraşdırmırdı, bu haqda danışmırdı”

MƏDƏNİYYƏT 16 yan 2022, 20:41
Elə bir gün yoxdur ki, evdə Arif müəllimi xatırlamayaq. İstər uşaqlar, istərsə də biz onun yoxluğundan sonra böyük travma almışıq. Onun xatirəsi həm ailəsi,  həm də insanlar arasında unudulmazdır. Sənətkar var evdən gedər, amma Arif müəllim təkcə evdən yox, həm də eldən getdi. Onsuz evimizin dadı-duzu, hüzuru yoxdur. Hələ də həyat yoldaşına çatmır, elə hey deyir ki, Arif harasa gedib, gələcək. Heç inanmağı gəlmir. Hətta onu dəfn etmək üçün tabutunu həyətə gətirəndə dedi ki, yox bu Arif deyil, inanmıram. Biz də inanmazdıq ki, o bizi belə tez tərk edib gedəcək”
 
Bunu Moderator.az-a açıqlamasında  mərhum Xalq artisti Arif Quliyevin gəlini Nəzifə Quliyeva bildirib. O daha sonra əlavə edib.
 
“Arif müəllim evdə çox az olurdu, onu evdə görəndə bu bizim üçün toy-bayram idi. Qastrol səfərləri, toyları çox olurdu. İndi də elə bilirik ki, hansısa səfərdədir. Bəzən oxuduğu mahnıları qoyub dinləyirik, öz adını daşıyan nəvəsi Arif qulaq asa bilmir o mahnılara. Çox pis olur. İstəyirik ki, onun səsi daim evdən gəlsin. Sağ olsun efirlərimiz də onu unutmur. Hər zaman gənclərə dəstək olurdu, bəyənməsə belə dəstəyini onlardan əsirgəmirdi. Deyirdi ki, hər kəsin bir sənəti var, yaxşı-pis o da sənətkar olacaq. Təbii ki, Arif müəllimin sənəti tam başqa idi. Onun siması insanların üzündə gülüş doğururdu. Elə evə də daxil olanda elə bil bir işıq saçırdı üzümüzə” deyə o bildirib.
 
Sənətkarın gəlini bildirib ki,  mərhum Arif Quliyev heç vaxt ölüm haqda fikirləşməyib.
 
“Heç vaxt ölümü özünə yaraşdırmırdı, bu haqda danışmırdı. Kimsə ölümdən danışanda Arif müəllim oradan uzaqlaşırdı. Ümumiyyətlə pozitiv insan idi, neqativ insanları sevməzdi. Hər zaman həyatın gözəl tərəflərini fikirləşirdi. Çalışırdı ki, öz problemi olsa belə insanların problemini həll etsin. Bizə heç nə bildirmirdi, usta tutub yoxsul insanların evini təmir etdirirdi. Hətta özü də usta ilə birlikdə işləyirdi. Nəvəsi Arif rəssamlıqa gedirdi, istəyirdi ki, onu incəsənətdə görsün. Çox təəssüf, bu günləri görmədi. Biz böyük sənətkar itirməklə yanaşı, çox gözəl insan və dost itirmişik” deyə o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top