Şəmkirdə 36 yaşlı kişi avtomobil ustasını döydü — TƏFƏRRÜAT

HADİSƏ 20 may 2024, 17:34
Şəmkir rayonunda 1988-ci il təvəllüdlü Elvin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Zülfüqara xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 17-də Şəmkir rayonunun Qapanlı kəndində baş verib.
 
Elvin kənddə yerləşən “Turxan” marketin qarşısında tanışı Zülfüqar ilə həmin hadisədən bir neçə saat əvvəl ona məxsus “VAZ 2106” markalı avtomobilin təmirini gecikdirdiyinə görə aralarında telefon vasitəsilə yaranmış sözlə mübahisə zamanı qarşılıqlı olaraq bir-birlərinə nalayiq ifadələr işlətmələri səbəbindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə nəticəsində onu qəsdən əlləri ilə vuraraq xəsarət yetirib.
Daha sonra Elvin ağacla Zülfüqarın baş və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə zərbə ilə vurub.

Hadisəni törədən Elvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, yaşadığı kənddə Zülfüqarın avtomobil təmiri sexi var: 

“Mən təxminən hadisədən 2 gün əvvəl özümə məxsus “Vaz 2106” markalı avtomobilini təmir etmək məqsədilə Zülfüqara verdim. İyulun 17-də mobil telefon ilə Zülfüqara zəng edərək avtomobilin təmir olunub–olunmamasını soruşdum. Zülfüqar isə axşam saatlarınadək hazır olacağını bildirdi. Həmin tarixdə axşam saatlarında avtomobili götürmək üçün Zülfüqarın yaşayış evinə getdim. Bu zaman Zülfüqarın oğlu atasının toyda olmasını, avtomobilin səhərə hazır olacağını bildirdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Zülfüqarın mobil nömrəsinə zəng edib: 

“Nə üçün mənə məxsus avtomobili təmir etmədiyini və toya getdiyini, əlindəki işi qurtarıb sonra getməyini bildirdim. Telefon danışığında Zülfüqarla aramızda narazlıq oldu. Bundan sonra Zülfüqar bir neçə dəfə mobil telefon ilə zəng edərək telefonda məni söyüb təhqir etməyə başladı”.
 
Elvin bildirib ki, iyulun 17-də, saat 19 radələrində Şəmkir rayonu, Qapanlı kəndində yerləşən mərhum qardaşına məxsus mağazanın qarşısında olub: 

“Həmin vaxt həmkəndlimiz Bəhlul da yanımda olub. Bu zaman Zülfüqar mənim olduğum yerə gəldi. Məni nalayiq söyüşlər söyərək əlbəyaxa oldu və məni vurdu. Mən  mağazanın qarşısında olan ağac parçasını götürərək Zülfüqarın baş nahiyəsindən vurdum. Zülfüqar isə yenidən məni nalayiq söyüşlər söyərək sakitləşmədi və üzərimə hücüm etdi. Yenidən əlimdəki ağac parçası ilə yenə onu vurdum”.

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Elvin 7 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top