“Sputnik Azərbaycan” bağlanılmalı, ona rəhbərlik edən şəxslər haqqında ciddi ölçü götürülməlidir — Deputatdan ÇAĞIRIŞ

GÜNDƏM 05 mar 2019, 19:44

Milli Məclisin deputatı, professor Fəzail İbrahimli Rusiyanın “Sputnik” informasiya agentliyinin Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlunun milli mövqeyinə görə işdən çıxarılmasına münasibət bildirib. 


Deputat Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda bu cür anti-milli mövqeyli xarici KİV-in fəaliyyət göstərməsi yolverilməzdir:


"Mənə elə gəlir ki, Əflatun Amaşovun bu gün parlamentdə qaldırdğı məsələ sıradan bir məsələ deyil. Bu, dövlətimizin və xalqımızın ruhuna təsir edə bilən kifayət qədər ciddi məsələdir. Hesab edirəm ki, müvafiq qurumlar, o cümlədən Əflatun Amaşovun özü bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Əflatun müəllim niyə Ombudsmana şikayət edir? O öz səlahiyyətləri çərçivəsində də bu məsələni qaldırmalıdır, ictimai rəyə təqdim etməlidir. Bunun hər hansı hüquqi forması var. Bu məsələ hüquqi müstəvidə həll olunmalıdır. Bu məsələ ilə bağlı müvafiq dövlət orqanları lazımı araşdırmalar aparıb, onun nəticələrinə uyğun olaraq ciddi addımlar atmalıdır".


F.İbrahimli qeyd edib ki, son işdən çıxarılan jurnalistlərlə bağlı məsələ “Sputnik Azərbaycan” agentliyinin Azərbaycan dövlətinə və xalqına qarşı anti-mövqedə dayandığının sübutudur:


"Bu agentliyin fəaliyyəti, ona rəhbərlik edən şəxslər ciddi araşdırılmalıdır. Həmçinin, bu agentliyi himayə edən şəxslər barəsində də araşdırmalar aparılmalıdır, ciddi ölçü götürülməlidir. Qarabağ məsələsi bizim haqq işimizdir, millətimizin ağrılı yarasıdır. Ümumiyyətlə, bu cür qurumların qarşısında Qarabağla bağlı məsələ kifayət qədər ciddi qoyulmalıdır. Bu məsələdə iqtidarın və müxalifətin mövqeyi eynidir. Bu məsələdə millətimiz bütöv və vahiddir".

 


Deputat vurğulayıb ki, anti-Azərbaycan mövqeyli agentliyin fəaliyyət göstərməsinə icazə verilməməlidir:


"Axı anti-Azərbaycan mövqeyli bir agentlik nə üçün yaşamalıdır? Bu məsələ qanun müstəvisində həll edilməlidir. Lazımı qurumlar tərəfindən ciddi addımlar atılmalıdır".


Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın “Sputnik” informasiya agentliyinin Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlu işdən çıxarılıb.


Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Sputnik Azərbaycan” saytında baş verən son hadisələrə münasibət bildirib.

 


Ə.Amaşov Milli Məclisin bu gün keçirilən plenar iclasında Ombudsman Elmira Süleymanovanın təqdim etdiyi hesabatında mediaya bağlı məqamların yer aldığını vurğulayıb.


Onun sözlərinə görə, Ombudsmanın illik hesabatında jurnalistlərin fəaliyyətinə dair araşdırma aparılması təqdirəlayiq hadır:


“Ombudsmanın hesabatında ilk dəfədir ki, konkret spesifik sahələr, o cümlədən media ilə bağlı məqamlara da toxunulub.


Jurnalistlərin ötən il öz peşə fəaliyyətlərini yerinə yetirərkən yol verdikləri nöqsanlar da yer alıb. 


Hesabatda əsasən, internet resurslarında jurnalistikanın prinsiplərinə zidd olan fəaliyyətə yol verildiyi qeyd edilib. Burada bəzi deputat həmkarlarım “Sputnik Azərbaycan”da baş verən hadisələrə toxundular. Hesab edirəm ki, Ombudsman aparatının “Sputnik Azərbaycan”da baş verənləri araşdırmasına ehtiyac var”.


Onu da bildirək ki, “Qarabağ qaziləri” birliyi də Mətin Yaşaroğlunun işdən çıxarılması ilə bağlı bəyanat yayıb. 


Bəyanatda deyilir:


“Xəbər verildiyi kimi Rusiyanın Rəsmi informasiya agentliyi “Sputnik”in Azərbaycan bürosunun şef redaktoru, təcrübəli və istedadlı jurnalist Mətin Yaşaroğlu işdən çıxarılıb. 


Əldə etdiyimiz məlumatlara görə, M.Yaşaroğlu "Sputnik Azərbaycan"dan məhz erməni təbliğatına qarşı olduğuna, ermənilərin maraqlarının birbaşa və ya dolayısı ilə təmin edilməsinə imkan vermədiyinə görə belə ədalətsizliklə üzləşib. Bu isə “Sputnik”in Moskvadakı erməni baş redaktoru Marqarita Simonyanın və agentliyin Azərbaycan ofisinin ermənipərəst direktoru Əziz Əliyevin (Onun da erməni qarışığı olduğu bildirilir) xoşuna gəlməyib.


Onu da qeyd edək ki, M.Yaşaroğlu ilə yanaşı "Sputnik Azərbaycan"da çalışan, milli və dövlətçilik maraqlarına sadiq digər əməkdaşlara da həmişə xoş olmayan münasibət sərgilənib. Onu da dəqiq bilirik ki, agentlikdə çalışan kifayət qədər vətənpərvər və ədalətli jurnalistlər neçə illərdir erməni təbliğatına, imkanları daxilində, mane olublar. 

 

Qarabağ qaziləri Sputnik Azərbaycanla bağlı bəyanat yaydı - Erməni təzyiqlərinə son qoyulsun


Düşünmək olardı ki, bu büronun erməni əsilli rəhbərinin əməlidir, amma M.Yaşaroğluyla bağlı baş verənlər göstərdi ki, bu Rusiya “Sputnik”inin məqsədi elə Azərbaycan bürosunda erməni təbliğatı aparmaq, Azərbaycan oxucusuna qarşı informasiya savaşında erməniyə kömək etməkdir. Unutmamalıyıq ki, müharibədə informasiya savaşı çox ciddi bir silahdır.

“Qarabağ qaziləri” birliyi baş verənlərə etiraz edir. Və tələb edirik ki, M.Yaşaroğlu dərhal yenidən öz işinə qaytarılsın, aegntliktdə erməni təbliğatı dayandırılsın! Əks təqdirdə kollektivində Azərbaycanın ləyaqətli övladlarının işləməsinə baxmayaraq, "Sputnik Azərbaycan" bağlansın. Erməni təbliğatına sinə gərən M.Yaşaroğlu və digər jurnalistlərimiz isə daha yüksək əməkhaqqı, daha yaxşı şərtlərlə digər işlərlə təmin edilsin!


Tələb edirik, ölkəmizdə öz xalqımıza qarşı erməni təzyiqlərinə son qoyulsun!


Bütün bunları nəzərə alaraq biz Qarabağ qaziləri dövlətimizin təhlükəsizlik və hüququ mühafizə orqanlarından məsələni ciddi şəkildə nəzarətə götürməyi xahiş edirik!”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top