"İlham Əliyevə müraciət etmişəm" — "Onlara təşəkkürümü bildirirəm"

GÜNDƏM 05 mar 2019, 12:57

Martın 2-də azadlığa çıxan bloqer Mehman Hüseynov bu gün evində mətbuat konfransı keçirib.


Demokrat.az xəbər verir ki, Hüseynov mətbuat konfransında azadlığa çıxması üçün ona dəstək olanlara təşəkkürünü bildirib:


“Azadlıqda olmağımın səbəbkarlarına təşəkkür edirəm. Bu, ilk növbədə Azərbaycan xalqıdır. Mən aclıq aksiyası keçirəndə onlar mənim yanımda olublar. Avropa Şurası, Amerika senatları, beynəlxalq təşkilatlara təşəkkür edirəm. Milli Şuraya mitinq təşkil etdiyi üçün minnətdaram. Həmin mitinqdə siyasətdən uzaq adamlar da var idi”.


Bloger qeyd edib ki, aclıq aksiyası keçirənlər, aclığın nə olduğunu yaxşı bilirlər:


"Bu, çox çətin proses idi. Qərar vermişdim ki, haqsızlıq aradan götürülən qədər davam edəcəm. Aclıq aksiyasına dekabrın 26-da başlamışdım. Mətbuatda araşdırdım ki, kimlər haqqımda nə fikirlər səsləndiriblər. Peşəsindən asılı olmayaraq hər kəs mövqeyini bildirməli idi. Sosial şəbəkələrdən də bilirəm ki, hamı deyirdi ki, xalq yatıb, siyasi proseslərə qarışmır. Ancaq biz gördük ki, xalq yenə də mübarizədədir və bütün proseslərdə var. Dekabrın 30-da vəziyyətim pisləşib, huşumu itirmək üzrəydim . Həkimləri cəlb edib və bildiriblər ki, aclıq aksiyasını dayandırmasam, sistem vasitəsilə yemək yedirdib, çəkib, ictimaiyyətdə göstərəcəyik. Özümü bu vəziyyətdə göstərməmək üçün qərara gəldim ki, 2 marta qədər ayaq üstə durmalıyam. Çünki bilirdim ki, çöldə xalq nə düşünür və prosesdən artıq xəbərdardır. Bundan sonra başladım yalnız su içməyə ki, martın 2-nə qədər ayaq üstə qalıb, prosesin sonunu gözləyim. Mətbuatda gedib ki, Mehman 1 gün aclıq edib. Bunların hamısı yalandır”.


Mehman Hüseynov bildirib ki, Ədliyyə məmuru Əli Abdalovla aralarında heç bir hadisə baş verməyib: 


“İki il müddətində həbsdə baş verənlər barədə danışmaq istəmirəm. Bu müddət ərzində anamı itirmişəm. Anamı itirəndən sonra çökəcəyimi düşünürdüm. Amma gördüm ki, çox güclüyəm. Mübarizə apardım. Həbs müddətimin bitməsinə 2 ay qalmış mənə yeni sürpriz hazırlandı. Ümumiyyətlə, həmin hadisə baş verməyib. Ona görə də bu barədə sizə heç nə deyə bilmərəm. Məni cərimə təcridxanasına apardılar. Bildirdilər ki, ədliyyə işçisi xəstəxanadadır, ölür. Heç olmasa hadisəni süni şəkildə yaradıb, nəsə edərdilər. Amma belə hadisə olmayıb deyə, mənə çox pis təsir etdi. Mən də qərara aldım ki, sərt mübarizə aparım. Bildirdim ki, ölümcül aclıq aksiyasına başlayacam. Sudan belə imtina etmişdim. İk ay ərzində böyük proseslər getdi. Bu mübarizənin nəticəsidir ki, saxta cinayət işinə xitam verildi və bu gün azadlıqdayam”.


Mehman Hüseynov bildirib ki, o, yanvarın 7-nə qədər yalnız su içib: 


“Proseslərdə irəliləyiş olduğu üçün sonradan mən yoqurt, süd də qəbul etdim. Bəziləri deyirlər ki, Mehman yemək də yeyib. Bu, doğru deyil. Prezidentə müraciətimə gəlincə isə hamı indi düşünür ki, Mehman bunu boynundan atacaq. Xeyr, açıq şəkildə deyirəm ki, müraciəti mən imzalamışam. Əlbəttə ki, hansısa şərtləri irəli sürərək… Müraciətdə bildirmişəm ki, mən Əli Abdalovu vurmamışam bu, mənə qarşı haqsızlıqdır və aradan götürülməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top