“Prezidentlə görüş bir çox insanlarda xəyal qırıqlığı yaradıb” — Natiq Cəfərli

GÜNDƏM 03 mar 2019, 13:55

“Prezidentlə mədəniyyət işçilərinin görüşü ciddi müzakirələrə səbəb olub, bir çox insanlarda xəyal qırıqlığı yaradıb”.


Demokrat.az xəbər verir ki, bunu iqtisadçı, REAL hərəkatının icra katibi Natiq Cəfərli deyib. 


O, bildirib ki, bu görüşün məqsədi ölkə başçısının cəmiyyətin nəbzini tutduğu, toplumu dinlədiyi mesajı vermək üçün idi: 


“Bəs nədən belə ehtiyac yaranıb? Seçki sistemi olan ölkələrdə hakimiyiətlə xalq arasında münasibətləri Parlament tənzimləyir. Proporsional seçki sistemi və parlamentə keçid faizi aşağı (məsələn, 3%) olan ölkələrdə cəmiyyətin bütün rənglərini, fikirlərini təmsil edən siyasi partiyalar Məclisə düşür, parlament çatısı altında cəmiyyəti düşündürən məsələlər müzakirə edilir, azlığın fikri nəzərə alınmaqla çoxluq qərarlar verir - bu da ölkələrdə siyasi mədəniyyət formalaşdırır”.


İqtisadçı deyir ki, siyasi mədəniyyətin formalaşmadığı seçkisiz sistemlərdə isə psevdo-institut - xalqın tanıdığı şəxslərin hakimiyyətlə görüşləri təşkil edilir: 

“Rusiyada bu çoxdan tədbiq edilən yanaşmadır. Görüşün xəyal qırıqlığı yaratdığı insanları anlaya bilmirəm - siz nə gözləyirdiniz ki?! Aktyorlar "mənfur rejim", yazıçılar "istefa", aktrisalar "Flankəs bəy gələcək - zülm bitəcək", qışqırmalı idilər?! Təbii ki, yox, belə gözləntiləri olmaq zatən səhv düşüncənin nəticəsidir.


Mədəniyyət işçiləri sistemin oyun qaydalarını da, xalqın imkanlarını da yaxşı bilirlər. Ölkədə gəlir səviyyəsinin, oxumaq həvəsinin, izləmək istəyinin olmadığını yaxşı görürlər. Yazıçı cəmi 500 nüsxə kitapı öz pulunu çap edib, onin da tamamını sata bilmirsə, necə müstəqil ola bilər?! Aktyor, aktrisa bilir ki, tamaşa biletləri dotasiya ilə satılır, normalda bir bilet 50-200 manat arası olmalıdır ki, həm teatr özünü maliyyələşdirsin, həm də onlar, heç olmasa ayda 2000 manat maaş alsınlar, kino biletləri 50 manatdan aşağı olmamalıdır ki, rentabelli olsun - buna xalqın alıcılıq gücü çatırmı? Təbii ki, yox, o zaman da mədəniyyət BƏDƏNiyyətə çevrilir, sənətkar BƏDƏN tələblərini ödəmək haqqında düşünür.


Deməli ölkədə rifah yüksəlməli, gəlirlər artmalı, azad biznes olmalı, mesanatlar yaranmalıdır ki, mədəniyyət işçisi də müstəqil olsun, öz fikri və düşüncəsi formalaşsın, dövlətdən asılılığı azalsın. Öz fikrini o zaman azad ifadə edə biləcək ki, ölkədə söz və ifadə azadlığı olsun, ifadə azadlığı o zaman bərqərar olacaq ki, ədalətli məhkəmə formalaşsın, ədalətli məhkəmə o zaman formalaşacaq ki, azad seçkilər baş tutsun - əgər mədəniyyət işçilərinin başqa cür danışmasını istəyirsinizsə seçkiyə inanın, hazırlaşın, səs verin, səsinizi qoruyun - başqa yol yoxdur! BƏDƏNiyyətidən mədəniyyətə keçid yolu seçkidən keçir!”.(“Yeni Sabah”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top