Problemli kredit məsələsinin həllinə görə vətəndaşlar hara müraciət etsin?

GÜNDƏM 02 mar 2019, 21:49

Prezident İlham Əliyev fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

 

Sözügedən fərman sayəsində minlərlə kredit borcu olan şəxslərə güzəştlər nəzərdə tutulsa da, vətəndaşları maraqlandıran bir sıra suallar hələ də cavabsız qalıb. Başlıca olaraq, insanlar banklara necə müraciət edəcəkləri, hansı sənədləri təqdim edəcəkləri barədə məlumatsızdırlar.

 

Mövzu haqda Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli xatırladıb ki, Prezidentin fərmanına görə, 15 gün ərzində Maliyyə Nazirliyi və digər əlaqədar qurumlar müvafiq mexanizm təklifləri hazırlamalıdırlar:

Картинки по запросу Natiq Cəfərli

"Bu təkliflərin hazırlanmasından sonra əlavə 45 gün də ayrılır. Mexanizm tam hazır olduqda prosesə start veriləcək. Qeyd etdiyimiz 2 ay ərzində mexanizmlərin hazırlanması prosesində bankların vətəndaşlarla birbaşa əlaqə yaratması üçün  mexanizm ortaya qoyulacaq. Yəni əslində, banklar özləri vətəndaşlara müraciət etməli olacaqlar”.

 

İqtisadçı bağlanan banklarla bağlı əhalinin narahatlığına da münasibət bildirib:

 

"İndiyə qədər 10 bank bağlanıb. Onlarda da problemli kreditlərlə bağlı məsələlər var idi. Hətta məhkəmələrə qədər uzanan işlər var. Bununla bağlı xüsusi mexanizm hazırlanmalıdır. Görək 15 gün ərzində Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlar nə təklif edəcəklər. Məntiqlə hər bir bağlanan bankın Ləğvetmə Komissiyası Maliyyə Bazarlarına Nəzarət Palatasına hesabatlıdır. Həmin ləğvetmə komissiyaları bu öhdəlikləri üzərlərinə götürməli, vətəndaşlara kompensasiya ödəməlidirlər. Amma bu, ağır problemdir. Çünki Ləğvetmə Komissiyaları barədə məlumatlılıq azdır. Yaxşı olar ki, Maliyyə Nazirliyi yaxın günlərdə açıqlayacağı mexanizmlərə vətəndaşların işini asanlaşdıran müddəalar daxil etsin”.

 

N. Cəfərli vətəndaşlara məsləhət görüb ki, problemli kreditlərə güzəştləri tezləşdirmək üçün banklara ərizələrlə müraciət etsinlər:

 

"Bu sual altındadır ki, bankların yüz minlərlə insana müraciət etməyə marağı olacaqmı? Ona görə, 15 günün tamamından sonra ilkin mexanizmlər açıqlanan kimi vətəndaşlar özləri ərizələrlə banklara müraciət etsələr daha yaxşıdır. Bununla onlar bankları problemin həlli üçün tələsdirmiş olarlar. Çünki fərmanda kommersiya banklarına tövsiyə xarakterli maddələr yer alıb. Bu tövsiyəni həyata keçirmək üçün vətəndaşlar bankların üstünə düşməlidirlər”.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top