Bəhram Bağırzadə Tağıyevə Bakıda heykəl qoyulmasını istədi

GÜNDƏM 02 mar 2019, 12:58

“Cənab prezident, hörmətli Mehriban xanım. Mən üzr istəyirəm, bu gün səmimi çıxışıma görə. Heç vaxt sizin qarşınızda çıxış etməmişəm. İlk növbədə, mən ağsaqqallarımızdan və ağbirçəklərimizdən üzr istəyirəm. Rəhmətlik atam mənə deyərdi ki, həmişə ağsaqqallar, ağbirçəklər olan yerdə danışma, sus, qulaq as, söz verilsə, onda danışarsan. Ona görə hamınızdan dəfələrlə üzr istəyirəm. Hətta zalın 60 faizi mənim müəllimlərimdir. Hansılar ki, mənə vaxtilə dərs deyiblər. Hamınıza minnətdaram. Sizə də, cənab Prezident öz minnətdarlığımı bildirirəm. Siz də, Mehriban xanım da mənə efir vasitəsilə hər zaman dərs demisiniz”. 


Demokrat.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı qeyd edib.  


Aktyor təklif edib ki,  Bakıda məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın:


“Bu gün mən problemlər haqqında danışmaq istəmirəm. O demək deyil ki, mənim problemlərim olmayıb. Müəyyən həyat məqamlarında problemlər olub, onları şükür Allaha, Siz həll etmisiniz, istər 1995-ci il, istərsə də 2000-ci ildə. Özünüzün də xəbəriniz olmayıb, amma ətrafınızda olan insanlar mənim bütün problemlərimi həll ediblər. Ona görə mən Sizə dərin təşəkkürümü bildirirəm. Fürsət olmamışdı, bu gün xalqımın qarşısında bunu edirəm.


Bir tərəfdən də, bilirsiniz, mənim “Instagram” və “Facebook” səhifələrimdə yarım milyona qədər izləyicim var. Onlar mənə sual verəcəklər ki, Allah-Təala sənə fürsət yaratdı, cənab prezidentə bu xahişi, Elbay müəllim demişkən, xahiş yox, bir təklif kimi, Azərbaycan Respublikasının vətəndaşı kimi, Bakı şəhərinin sakini kimi çox istəyərdim ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın. Bunu nəinki mən, bunu milyonlarla insan istəyir.


Çünki onun çox böyük işləri olub Azərbaycanda, Bakıda. İnanın mənə ki, 10 milyonluq xalq həmişə dua edəcək Sizə, əgər bu yaxınlarda Hacı Zeynalabdin Tağıyevin heykəli ucalsa. Kukla Teatrının önündə bir bağ var, mən onu orada faytonda görürəm, Hacı Zeynalabdin Tağıyev faytonda oturub və Siz hər dəfə səhərlər işə gedəndə görəcəksiniz və sevinəcəksiniz ki, məhz Sizin vaxtınızda o heykəl ucaldı. Çox sağ olun, təşəkkür edirəm”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top