"Onlar səhv ediblər" — Prezidentdən Tahirə DƏSTƏK

GÜNDƏM 02 mar 2019, 09:44

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.


Demokrat.az xəbər verir ki, görüşdə bir sıra mədəniyyət işçiləri çıxış edib, ölkəmizin inkişafından, dövlətin mədəniyyət sahəsinə göstərdiyi diqqətdən və həmçinin bu sahədə mövcud olan problemlərdəndə söz açıblar.


Görüşdə daha diqqət çəkən məqam Əməkdar artist Tahir İmanovun prezident İlham Əliyevə etdiyi xahişi olub. Belə ki, T.İmanov deyib ki, mən heç vaxt özüm üçün xahiş etməmişəm. Bu gün də xahiş etməyəcəyəm. Ancaq nəzərinizə çatdırmaq istəyirəm ki, bu son illərdə bizə qoyulan qadağalara baxmayaraq, biz aktiv fəaliyyətimizi davam etdiririk. Bir neçə biznesmenə, tanınmış iş adamlarına müraciət etmişik, amma hamı bir nəfər kimi deyir ki, qadağalarınız olmasaydı kömək edərdik. Sizdən xahiş edirik ki, bizə bu işdə yardımçı olasınız. Əgər imkan olarsa, başqa bir görüşdə biz bu barədə daha ətraflı məlumat verə bilərik.


Prezident yekun çıxışında qaldırılan vacib məsələlərin həlli ilə bağlı tapşırıqlarını verdi. İlham Əliyev həmçinin Tahir İmanovun qadağa ilə bağlı qaldırdığı məsələyə toxundu.


"Mən Tahir İmanovun sözlərini də şərh etmək istərdim. Mən bilmirəm, mən Əbülfəs Qarayevdən soruşdum, kim qadağa qoyub sizə? Sizə heç kim qadağa qoya bilməz. Əgər qadağanı kim qoyub, de, biz bu qadağanı aradan götürək.


Tahir İmanov: Özəl telekanallar qoyub qadağanı.


Prezident İlham Əliyev: Özəl telekanallar? Hesab edirəm ki, onlar səhv ediblər. Onlara da məsləhət görürəm, tövsiyə edirəm ki, əgər doğrudan da bu qadağa varsa, tamamilə götürülməlidir. Hesab edirəm ki, bütün televiziya kanalları sizin kimi istedadlı insanlar üçün açıq olmalıdır.


Tahir İmanov: Təşəkkür edirik.


Prezident İlham Əliyev: Mən şadam ki, bu məsələni sən qaldırmısan. Çünki görünür ki, burada hansısa anlaşılmazlıq olub. Yəni, dövlət xətti ilə sizə heç bir qadağa qoyula bilməz. Mən sizi artıq 20 ildən çoxdur ki, tanıyıram. Əvvəlki illərdə yaxşı təmaslarımız olubdur. Bu gün də sizin fəaliyyətinizi izləyirəm. Gördüyünüz işlərlə bağlı mənə müntəzəm olaraq məlumat verilir. Şadam ki, siz öz fəaliyyət dairənizi genişləndirirsiniz. Siz çox istedadlı insanlarsınız və Azərbaycan xalqı sizi çox sevir.


Tahir İmanov: Çox sağ olun.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top