"Mən “budka”nı da işlətməyi bacarmaram" — Deputat yayılan “biznes siyahısı”ndan DANIŞDI

GÜNDƏM 01 mar 2019, 21:58

Milli Məclisin üzvü, Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva çoxsaylı mülkləri barədə yayılan məlumatlarla bağlı açıqlama verib. 


Demokrat.az xəbər verir ki, xanım deputat adına çıxarılan siyahının doğru olmadığını deyib:


“Mənə köməkçi məlumat verdi, dedi ki, bir siyahı çıxıb, əmlaklarınızın, biznesinizin olmasını yazıblar. Siyahı ilə tanış oldum. Təəssüflər olsun ki, siyahıdakı əmlakların reallıqda mənimlə heç bir bağlılığı yoxdur. Mən biznesdən uzaq adamam. Rəhmətlik yoldaşım Rövşən Mustafayev də, mən də sırf elmlə məşğul olmuşuq və oluram. İnstitutda sırf qanunlarla məşğulam. Sabah mənə hədiyyə də gətirib versələr ki, bu “budka”nı işlət, mən bunu bacarmaram. Mənim heç vaxt o siyahıda göstərilən əmlaklardan olmayıb. 1 evim, 1 də bağım var. Bağım Nardarandadır, o da yarımçıqdır, tam tikilməyib. Mənim başqa mülküm yoxdur. Xaricdə də heç bir əmlakım, mülküm olmayıb, yoxdur. Azərbaycanda 1 evim və 1 bağım var, hansı ki, sonacan tikilməyib. Orada qarovulçu yaşayır. Mənim əmlaklarım, biznesim, pulum olsa, gedib bağı tikərdim. Bunlar hamısı yalandır, böhtandır. Başqalarının nəyi var bilmirəm, bilmək də istəmirəm. Həmin siyahıdan olan əmlakın, biznesin birinin sənədini mənə göstərsinlər. Açıq-aşkar şər, böhtan atırlar”.


Xanım deputat adına bu qədər mülk siyahısının çıxarılmasının səbəbini bilmədiyini deyib. 


O, belə siyahıların bədxahları tərəfindən  yayıla biləcyini gizlətməyib: 


“Mən  çıxışlarımda dəfələrlə müavinətlərin aşağı olması ilə bağlı fikirlərimi açıqlamışam. Direktoru olduğum institutda hazırladığımız qanunlar parlamentdə müzakirə olunur, təsdiqlənir. Bu məni çox sevindirir.  Şükürlər olsun ki, prezidentimiz bu məsələni həll etdi. Bəlkə kimlərinsə bir insan kimi məndən xoşu gəlmir. Heç kəsə pisliyim dəyməyib, heç kimdən pul götürüb aldatmamışam ki, barəmdə belə xəbərlər yayılsın. O siyahıdan bir əmlak mənim olsaydı, mənə bu qədər təsir etməzdi. Adıma niyə belə siyahı çıxarırlar bilmirəm”.


Azərbaycanda vəzifəli şəxslərin, məmurların əmlakları qohumları, tanışları, ətrafında olan şəxslərin adına rəsmiləşdirilməsi prakrikası mövcuddur. Bu baxımdam Aytən Mustafayevaya bu praktikaya müraciət edib-etməməsi haqda da sual ünvanladıq. 


“Mənim şirniyyat biznesim olsaydı, institutda keçirilən tədbirlər zamanı gedib öz şirkətimin istehsal etdiyi şirniyyatları alardım. İşdə də deyirlər ki, Aytən xanım, şirniyyat biznesiniz varsa, niyə mağazadan şirniyyat alırsınız. Vallah mənim biznesim yoxdur. Nə üçün mənim biznesim olmalıdır? Başa düşə bilmirəm ki, insana 2-ci, 5-ci, 10-cu ev niyə lazımdır? 1 ev, 1 bağ olar. Başqa mülkə nə ehtiyac var” – deyə deputat sual edir.


A.Mustafayeva yayılan fotosunun tarixçəsini da danışıb: 


“Yazırlar ki, guya Las-Veqasda dincəlirəm. Həmin foto mən 2012-ci ildə Las-Veqasda Dünya Tibb Hüququ Assossasiyası üzvlərinin konfransında iştirak etdiyim zaman çəkilib. Həmin konfrans Las-Veqasda keçirilib və orada konfrans zaldan hotelə keçəndə holda oturub söhbət etmişik. Mən Las-Veqasa istirahətə yox, konfransa getmişəm. Mənim atam da, yoldaşım da Azərbaycanda transplantasiyanın yoxluğuna görə rəhmətə gediblər. Bu hadisələrdən sonra qarşıma məqsəd qoymuşam ki, transplantasiya problemi ilə məşğul olum, problem həll olunsun. Rövşən Mustafayev bizdə transplantasiya olmadığına görə dünyasını dəyişdi. Həmin vaxt bizdə qara bazar var idi. Atam həkim səhlənkarlığı üzündən dünyasını dəyişdi. Mən tibb hüququ ilə bu hadisələrdən sonra məşğul oldum və Dünya Tibb Hüququ Assosiasiyasının üzvü oldum. Mən tibb hüququnu Azərbaycana gətirdim. Bütün bunları ona görə deyirəm ki, adıma siyahı çıxaran düşük adamlar xəcalət çəksinlər”. (“Yeni Müsavat”)

BEATRICE-da növbəti endirimlər

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top