Polşada 20 Yanvar faciəsi ilə bağlı beynəlxalq konfrans olub

HADİSƏ 01 mar 2019, 19:27

Polşanın Varşava Universitetində “Azərbaycanda Qara Yanvar – kommunizm dövründə xalq üsyanlarının yatırılması” mövzusunda beynəlxalq konfrans keçirilib.


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan Demokrat.az-a verilən məlumata görə, konfrans Polşanın Milli Yaddaş İnstitutunun prezidentinin fəxri himayəsi altında baş tutub.


Tədbirin təşkilatçıları AMEA-nın Tarix İnstitutu, Azərbaycanın Polşadakı səfirliyi, Varşavada fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi və Varşava Universitetinin siyasi elmlər və beynəlxalq tədqiqatlar fakültəsidir.


Konfransın açılışında Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, Polşanın Milli Yaddaş İnstitutunun vitse-prezidenti Mateuş Şpitma, Varşava Universitetinin siyasi elmlər və beynəlxalq tədqiqatlar fakültəsinin dekanı Stanislav Sulovski və başqaları çıxış ediblər.


Səfir Həsən Həsənov 20 Yanvar və Xocalı faciələrinin 1918-ci il mart soyqırımının davamı olduğunu və Polşanın Poznan şəhərində də 1956-cı ildə dinc insanların sovet qoşunları tərəfindən qırıldığını bildirib.


Varşavadakı Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri Nərgiz Axundova plenar məruzəsində sovet totalitarizminin xarakteristikasından və Şərqi Avropa və SSRİ-dəki demokratik və xalq hərəkatlarının yatırılmasından danışıb.


Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri İlqar Niftəliyev bildirib ki, 20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi planlaşdırılmış ağır cinayətdir. Sovet ordusu Tbilisi (1989) və Vilnüs (1991) hadisələrindən fərqli olaraq Bakıda genişmiqyaslı və qəddarcasına qırğın törədib.


Beynəlxalq konfransda alimlər 1956-cı ildə Polşa və Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada, 1990-cı ildə Azərbaycanda və 1991-ci ildə Litvada baş verən antisovet xalq hərəkatları barədə məruzələrlə çıxış ediblər.


Konfransda, həmçinin 20 Yanvar faciəsinə həsr olunmuş “Qara şənbə - Qərbin reaksiyası” və “Qara Yanvar 1990-cı illərin Polşa mətbuatında” mövzusunda məruzələr dinlənilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top