İlham Əliyev Zurabişvili ilə təkbətək görüşdü

SİYASƏT 27 fev 2019, 12:35

Bakıda səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvili Azərbaycan prezidenti ilə görüşüb. 

 

Demokrat.Az xəbər verir ki, qarşılanma mərasimindən sonra dövlət başçısı İlham Əliyevin Zurabişvili ilə təkbətək görüşü olub.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Gürcüstan bütün sahələrdə uğurlu əməkdaşlıq edir və bu əməkdaşlıq gündən-günə dərinləşir: “Hörmətli xanım Prezident, mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. İlk növbədə, bu yaxınlarda prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm, Sizə uğurlar arzulayıram.

 

Əminəm ki, Sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafı üçün çox önəmli addım olacaqdır. Əminəm, aparacağımız müzakirələr bir daha təsdiqləyəcək ki, Gürcüstan və Azərbaycan bir-birinə çox yaxın ölkələrdir və birgə apardığımız işlər böyük nəticələr verir. Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq gündən-günə dərinləşir”.

 

Prezident bildirib ki, siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, energetika sahələrində çox gözəl nəticələr var: “Əslində elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək. Əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bizim çox aydın fikirlərimiz var. Əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edəcəyik. Bir daha xoş gəlmisiniz”.

 

Zurabişvili də qeyd edib ki, Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və o da bu ənənəni davam etdirir: “Təşəkkür edirəm, cənab Prezident. Şadam ki, regiona ilk səfərimi bizim dostumuz olan qardaş ölkəyə edirəm. Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm. Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var”.

 

Gürcüstan prezidenti bildirib ki, bizim region üçün və dünya üçün yeni perspektivlər açılır: “Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəyik. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm”.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top