Xocalının izləri FOTOLARDA

GÜNDƏM 26 fev 2019, 11:26

Xocalı soyqırımından 27 il keçsə də, izləri hələ də qalmaqdadır. Erməni vəhşiliyi qəlblərdə, ağıllarda, yuxularda “iz” salmaqla yanaşı, həm də Xocalı şahidlərinin bədənlərində həkk olunub. 

Demokrat.az Xocalının silinməz izlərini fotolarla təqdim edir:

Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsinin əhalisinin 90 faizi Xocalı sakinidir. Onlar 2003-cü ildən burada yerləşdiriliblər. 

 

1940-cı il təvəllüdlü Abbasov Salman və 1943-cü il təvəllüdlü Abbasova Bəsti. S.Abbasovun bacısını Xocalı gecəsi gözlərinin qarşısında güllələyiblər. Səkkiz aylıq hamilə olan 20 yaşlı gəlini meşədə soyuqdan donaraq ölüb.

Bacısının meyitini belə götürə bilməyən S.Abbasov bir müddət sonra gəlininin parçalanmış sümüklərini və saçını tapıb. Doqquz gündən çox meşədə gizlənən Abbasovlar ailəsinin ayaqları soyuqdan donub. Pəncədən aşağı hissəsi amputasiya edilib.

1953-cü il təvəllüdlü İsmayılov Bilal. Xocalı qətliamı günü postda olub. Atəş səsləri eşidən kimi evə, ailəsinin yanına gəlib. Yaxınlarını evdən çıxarmağa nail olsa da, qardaşı ilə birlikdə erməni gülləsinə tuş gəlib. Qardaşını gözləri önündə güllələyiblər. Özü isə aldığı yaradan sağ ayağını dizdən aşağı itirib.

1941-ci il təvəllüdlü Qasımova Ayna. Dəhşətli gecədə 12 gün ailəsi ilə birlikdə meşədə qalıb. Soyuq və qarlı hava onun, oğlunun da ayaqlarının donmasına səbəb olub. Nəticədə, barmaqları amputasiya edilib.

1975-ci il təvəllüdlü Qarayev Vüqar. Anası ilə birlikdə Xocalı dəhşətindən qaçarkən onlardan ayrı düşüb. Anası oğlunun öldüyünü düşünüb. Vüqar isə doqquz günə yaxın meşədə tək-tənha yol gedib. Ağdama çatanda isə həkimlər onun ayaq barmaqlarının kəsilməli olduğunu deyiblər. 

1977-ci il təvəllüdlü Qasımov Salman. Dəhşətli gecədə ermənilərdən qaçarkən meşədə yollarını itirirlər. Meşədə 12 gün qalan Salman həyatda qalmaq üçün qar yediyini deyir. O deyir ki, bu qar onun həm həyatını xilas edib, həm də həyatında silinməyən izlər qoyub. Şaxtadan onun ayaqları pəncədən donaraq qopub. 

1961-ci il təvəllüdlü Zeynalova Tovuz. Atəş səslərini eşidən kimi övladını kürəyinə bağlayıb meşəyə doğru qaçıb. Qızının həyatını xilas etməyə çalışsa da, ermənilərin atdığı ilk güllə qucağındakı uşağına dəyir. Güllə uşağın sinəsindən keçərək onun sağ əlini yaralayır.

1970-ci il təvəllüdlü Abbasov Elbrus. O zaman polis əməkdaşı olub. Ermənilər əsir götürəndə polis olduğunu bildikləri üçün onu ac-susuz saxlayıblar. Ağır işgəncələrə məruz qalan E.Abbasov deyir ki, 160 nəfər azərbaycanlını müxtəlif hücrələrdə saxlayıblar. Onlardan 40 nəfəri həlak olub. Qolundakı güllə yarası, bədənindəki işgəncə izləri 27 ildir ona əzab verir.

Goranboy sakinləri hər il 26 fevral tarixində kənd ərazisində qoyulmuş “Xocalı” abidəsinin qarşısında toplaşaraq yaxınlarının, o gecə şəhid olan insanların xatirəsini yad edir.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top