Jurnalist hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət etdi — FOTOLAR

HADİSƏ 25 fev 2019, 18:46

"Criminal.az" saytının baş redaktoru Anar Məmmədov Daxili İşlər Naziri Ramil Usubova, Baş Prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundova, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadəyə şikayət müraciəti ünvanlayıb. 


Demokrat.az xəbər verir ki, müraciət Anar Məmmədovun elektron hesablarına hakker hücumlarının qarşısının alınması və həmin şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlıdır:


Müraciətin mətnini təqdim edirik:


"Mən, Məmmədov Anar Şahin oğlu, criminal.az internet saytının baş redaktoruyam. 
AR Baş Prokurorluğu 09 iyul 2018-ci ildə məlumat yayaraq bəyan etdi ki, Y.Səfərovun icra başçısına və mühafizəçisinə qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsi ilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb. Beləliklə, faktla bağlı CM-nin 214-2 və 281.1-ci maddələri ilə cinayət işi başlanıb. 


Baş Prokurorluq bildirib ki, “criminalaz.com” və “bastainfo.com” internet saytlarının internet informasiya resurslarına məlumatları yerləşdirməyə məsul olan vəzifəli şəxslərinə ötən dövr ərzində “Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən iki dəfə rəsmi xəbərdarlıq edilmələrinə baxmayaraq, həmin qanunun tələblərini qərəzli şəkildə yenidən pozaraq, 03-06 iyul 2018-ci il tarixlərdə dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edərək yayımlayıblar.


Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb.


09 iyul 2018-ci ildə saat 12-də Bakı şəhər Prokurorluğuna dəvət edilərək saatlarla dindirilmişəm. İki telefonum- İPHONE 5 və İPHONE 5 S markalı telefonlarım əlimdən alındı. Gecə saat 10-11 arası 2 müstəntiq və iki hal şahidi ilə ailəmlə yaşadığım mənzildə axtarış-götürmə istintaq hərəkəti edərək mənə məxsus Macbook Pro markalı kompüter və sənədlərimi (kassa mədaxil orderi, sertifikat və nizamnamə) götürüblər. Evimizdə axtarış aparılarkən müstəntiq mənə nə məhkəmə qərarı təqdim etmədi, nə də axtarış protokolunu. Hətta mən protokolun mənə təqdim edilməsini istəsəm də, müstəntiq dedi ki, sonra verəcək. Lakin bu günə kimi verməyib.


İbtidai araşdırmanın gedişində mən əlavə olaraq CM-nin 281.2-ci və 309.2-ci maddələrini törətməkdə ittiham edildim. 
Hazırda ibtidai araşdırma bitib və cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə verilib. 


Barəmdə cinayət işi başlandıqdan və telefonlarım və kompüterim müsadirə edildikdən sonra mütəmadi olaraq elektron poçt hesabıma, facebook hesabıma, İ-Cloud-a hakker hücumları müşahidə edirəm. Hər dəfə google məni “Government-backed attackers may be trying to steal your password” kimi xəbərdar edir.


AR CM-nin aşağıdakı maddələrinə əsasən,


Maddə 272. Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə


272.1. Kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi –

iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
272.2. Eyni əməllər:

272.2.1. təkrar törədildikdə;

272.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

272.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Maddə 273. Kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə


273.1. Kompyuter məlumatlarının qəsdən zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması buna hüququ olmayan şəxs tərəfindən törədilməklə əhəmiyyətli zərər vurulmasına səbəb olduqda –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

273.2. Kompyuter məlumatlarının daxil edilməsi, ötürülməsi, zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması yolu ilə kompyuter sisteminin işləməsinə buna hüququ olmayan şəxs tərəfindən qəsdən ciddi maneə törədilməsi –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

273.3. Bu Məcəllənin 273.1 və ya 273.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
273.3.1. təkrar törədildikdə;

273.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

273.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Xahiş edirəm ki, mənim elektron poçt, facebook və İ-Cloud hesabıma mütəmadi edilən hakker hücumlarını edən şəxslərin müəyyən edilməsi və onların CM-nin müvafiq maddələri ilə barələrində cinayət işi başlanması və məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz.


Qoşma: Hesabımdan çıxarışlar


Hörmətlə,
Məmmədov Anar
15 fevral 2019".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top