“Kəmaləddin Heydərovla ortaq biznesimin olması cəfəngiyyatdır” — “Əli İnsanov həddindən artıq cəzasını çəkib”

MÜSAHİBƏ 24 fev 2019, 14:28

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri Etibar Məmmədovun Demokrat.az xəbər portalına müsahibəsi:

 

- Bir neçə gün sonra cinayətkar erməni və rus hərbiçiləri tərəfindən törədilən Xocalı faciəsinin 27-ci ildönümü tamam olur. Bu faciənin qarşısını almaq mümkün ola bilərdimi?

 

- Xocalı faciəsi Ermənistan-Azərbaycan müharibəsinin ən ağır səhifəsidir, dinc əhaliyə qarşı törədilmiş cinayətdir, soyqırım cəhdidir. Bu, insanlığa qarşı böyük cinayət hesab olunur. Xocalı faciəsinin törədilməsində erməni işğalçıları ilə bərabər Rusiyanın 366-cı alayının hərbiçiləri də iştirak ediblər. Yəni, Xocalı faciəsinin məsuliyyətini həm Ermənistan, həm də Rusiya daşıyır. Onların da cəzalandırılması mütləq vacibdir. Çox təəssüf ki, indiyədək Xocalı faciəsinin törədilməsində iştirak etmiş cinayətkarların heç biri cəzalandırılmayıb. Halbuki, həm beynəlxalq, həm də Azərbaycan qanunlarının tələblərinə görə onlar cəzalandırılmalı idilər. Təəssüf ki, indiyədək onlar hələ də cəzasız qalıblar.

 

- ­Xocalı faciəsi törədilən zaman Azərbaycana rəhbərlik etmiş Ayaz Mütəllibov müsahibələrində bildirir ki, həmin dövrdə o, Xocalıda baş verənlərdən xəbərsiz olub. Necə düşünürsünüz, Prezidentin belə bir faciənin törədilməsindən və nə qədər adamın həlak olmasından xəbərsiz olması mümkün idimi?

 

- Belə danışan adamlar gərək öz məsuliyyətlərini dərk etsinlər. Yəni, dövlətə başçılıq edən və Prezident vəzifəsini daşıyan adam həm dövlətin, həm də əhalinin təhlükəsizliyi üçün məsuliyyət daşıyır, buna görə and içir. Prezidentin məsuliyyəti odur ki, o, belə məqamlarda lazımı tədbirləri görməlidir. İndi Ayaz Mütəllibov bu tədbirləri görüb və yaxud görməyib, bütün bunlar o zaman yaradılan Komissiyanın işində öz əksini tapıb. Heç kəs demir ki, Ayaz Mütəllibov bunu bilərəkdən edib və yaxud da xəyanət olub. Sadəcə olaraq, o bu məsələdə bir Prezident kimi vəzifə məsuliyyəti daşıyır.

Eyni zamanda həmin dövrdə hərbi və inzibati vəzifə tutanlar da məsuliyyət daşıyırlar. Təbii ki, onların məsuliyyəti başqadır, ermənilərin məsuliyyəti isə cinayət məsuliyyətidir. Bu günədək ermənilər insanlığa qarşı törədilən cinayətə görə məsuliyyətə cəlb olunmalı idilər. Çox təəssüf ki, bu təcrübədən hələ ki, istifadə olunmayıb. Dövlət tədbirlər görməli idi ki, Xocalı faciəsini törədənlər sonradan rahat yaşaya bilməsinlər. Onların rahat yaşamasına imkan vermək olmaz.

 

Image result for ayaz mütəllibov

 

- Ayaz Mütəllibovun da cəzalandırılmasını istəyirsiniz?

 

- Xeyr, mən demədim ki, Ayaz Mütəllibov da cəzalandırılsın. Onsuz da o cəzalandı və Prezident vəzifəsini itirdi. Dediyim kimi, Ayaz Mütəllibov Xocalı faciəsinin törədilməsində vəzifəsini yerinə yetirməməyinə görə məsuliyyət daşıyır. Ancaq burada cinayət törətmiş şəxslər Ermənistan və Rusiya tərəfidir.

Burada söhbət heç də dövləti cəzalandırmaqdan getmir. Xocalıda cinayəti törədən rusları və erməniləri cəzalandırmaqdan söhbət gedir. Bu şəxslər rahat həyatlarını davam etdirməməlidirlər. Yəni, dövlət tərəfindən lazımı tədbirlər görülməlidir ki, onlar ən azı narahatlıq keçirsinlər. Daha əl-qollarını sallaya-sallaya istədikləri yerə rahat gedib-gələ bilməsinlər.       

 

- Bəzən müxalifətdən olan tanınmış şəxslər sizin hakimiyyətlə yaxın əlaqələrdə olduğunu iddia edirlər. Bu nə qədər doğrudur?

 

- Mən bütün hakimiyyətlərin dövründə hamı ilə münasibətlərimi normal saxlamağa çalışmışam. Hesab edirəm ki, normal insani münasibətlərin saxlanılması başqa cür yozula bilməz. Hər zaman belə düşünmüşəm ki, Azərbaycan daxilində heç kəs bir-birinə düşmən kimi baxmamalıdır. Bizim düşmənimiz məlumdur. Düşmənə qarşı da düşmən mövqeyində olmalıyıq. Aydın məsələdir ki, mənim və hakimiyyətdə təmsil olunan adamların fikirləri fərqli ola bilər. Bu da təbiidir. Mən hakimiyyətin bir çox mövqeyləri ilə razı deyiləm. Mənim kimi narazı olan başqa adamlar da var. Onlar fikirlərini azad şəkildə bildirməlidirlər. Mənim istəyim də odur ki, fərqli fikir bildirən adamları təqib etmək, cəzalandırmaq olmaz. Əgər indi hakimiyyətdə olanlardan kim bunu edirsə, bu dövlətə ziyan vuran addımdır.

Ancaq bir daha deyirəm ki, bu gün hakimiyyətdə təmsil olunan adamlarla 30-40 illik münasibətlərim var. Əgər mən kiminləsə 30-40 ildir tanışamsa, o zaman bu gün ona üz çevirib getməli deyiləm.

 

Related image

 

- İddialardan biri də sizin fövqəladə hallar naziri Kəmaləddin Heydərovla ortaq biznesə malik olmağınızla bağlıdır...

 

- Xeyr, bu yalandır. Mənim Kəmaləddin Heydərovla əlaqələrimin və ortaq biznesimin olması barədə xəbərlər cəfəngiyyatdır. Ancaq bu gün iqtidarda təmsil olunan yüksək vəzifəli adamlarla münasibətlərim var. Hesab edirəm ki, bu qəbahət deyil. Mənim hərəkat yoldaşlarımdan bu gün vəzifələrdə olanları da, hərəkatda olmayıb hakimiyyətdə olanları da var. Bu cür münasibətlərin olmasını qınamaq doğru deyil.

 

Related image

 

- Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun martda azadlığa buraxılacağı ilə bağlı xəbərlər dolaşır. Bununla bağlı nə deyə bilərsiniz?

 

- Çox istərdim ki, Əli İnsanov tezliklə azadlığa buraxılsın. Çünki bu yaşda insanın həbsdə qalması heç də xoşagələn hal deyil.

Digər tərəfdən isə Əli İnsanov həddindən artıq cəzasını çəkib. Tanınmış alimin, yaşlı insanın hələ də həbsdə qalması Azərbaycana hörmət gətirmir.

 

Vasif Həsənli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top