Banka dollar kreditini ödəyə bilməyən vətəndaş həbs olundu

HADİSƏ 22 fev 2019, 09:39

Goranboyda vətəndaş banka olan ABŞ valyutası ilə kredit borcunu ödəmədiyi üçün həbs edilib.


 
Demokrat.Az xəbər verir ki, Movqe.az-a bu barədə borca görə həbs olunan Goranboy rayonunun Boruslu kənd sakini Həsənov Mail Qələndər oğlunun yaxınları məlumat verib. Onlar bildiriblər ki, Mail Həsənov "Azərkredit" MMC-nin Goranboy rayon filialından 1500 ABŞ valyutası məbləğində kredit götürüb. Kreditin 5 ayını ödəsə də devalivasiyadan sonra ABŞ valyutasının məzənnəsi dəyişdiyindən borcunun yerdə qalanını ödəyə bilməyib. Buna görə "Azərkredit" MMC tərəfindən məhkəməyə verilən Mail Həsənov barəsində krediti ödəməsi  barədə qərar qəbul edilsə də, o kredit borcu ABŞ valyutasının yeni məzənnəsi ilə hesablandığından borcunu ödəyə bilməyib. Mail Həsənov bu gün rayon icra məmuru tərəfindən həbs olunub. Amma vətəndaş həbsi barədə məhkəmə qərarının ona göstərilmədiyini iddia edir.

 

Məsələni dəqiqləşdirmək məqsədilə Goranboy rayon İcra və probasiya şöbəsi ilə əlaqə saxlanılıb. Şöbənin məsul şəxsi Rauf Cəfərov məhkəmənin həbs qəti imkan tədbiri olmadığı halda vətəndaşın həbsinin mümkünsüz olduğunu bildirib. Məhkəmə qərarını icra edən Goranboy rayon İcra və probasiya şöbəsinin Zaur adlı icra məmuru isə Movqe.az-a bildirib ki, sözügedən şəxsə bildiriş göndərilib və barəsində inzibati protokol tərtib edilib.  O, qeyd edib ki, M. Həsənovun həbsi barədə məhkəmə tərəfindən verilmiş qərar icra edilib. 

 

Qeyd edək ki, M. Həsənov  21 sutkalıq həbs cəzasına məhkum edilib. 

 

Tanınmış hüquqşünas, ATV-nin "Qanunla Biz" verilişinin aparıcısı Zülfiyyə Bayramova isə Movqe.az-a açıqlamasında bildirib ki, məhkəmənin qətnaməsi qüvvəyə mindikdən sonra icra edilməsi üçün rayon icra və probosiya şöbəsinə göndərilir. Bu zaman icraçı məhkəməyə təqdimat verə, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 40 sutkaya qədər həbs edilməsi üçün işi məhkəməyə göndərə bilər. 

 

"İnformasiyalı Cәmiyyәt Uğrunda" İctimai Birliyinin sәdri, bank hüququ üzrә mütәxәssis Mehman Muradlı isə Movqe.az-a açıqlamasında bildirib ki, məhkəmə icraçısı belə situasiyada  mәhkәmәdәn daxil olmuş icra vәrәqәsi әsasında icra işi açır: "İcranın könüllü icrası üçün borcluya 10 gün vaxt verir. Bu müddәt әrzindә borclu icra etmәsә, icra mәmuru icranı mәcburi qaydada icraya yönәldir. Bu halda icraçı borclunun әmlakını siyahıya almalı, gәlirlәri haqda mәlumat toplamalıdır. Әgәr borclunun әmlakı vә gәlirlәri haqda mәlumat olmasa әlavә olaraq borcluya borcun ödәnilmәsi üçün vaxt verilir. Bu müddәt әrzindә dә borclu icranı icra etmәdikdә vә yaxud yayındıqda icraçı borclu haqqında mәhkәmә qarşısında inzubati tәnbeh tәdbirinin görülmәsi haqqında tәqdimat qaldırır". 

 

Vəkil Vüqar Səfərli isə bildirib ki, məhkəmə borcun ödənilməsi barədə qətnaməni icraya yönəldir: "Qanuna görə məhkəmə qərarı üzrsüz icra edilmədikdə borcluya 10 gün müddət verilir. Daha sonra məcburi icra tədbirləri var. Əmlakı varsa əmlaka həbs qoyulması, əmək haqqına yönəldilməsi kimi məcburi icra tədbirlər aparılır. Bunlar fayda vermədiyi, borcun ödənilməsi borcludan tələbkara ödənmədiyi halda artıq üzrsüz səbəbdən icra olunmadığı üçün icraçı təqdimatla məhkəməyə müraciət edə bilər".

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top