“Televiziya kanallarımızda söyüş, təhqir, bir-birini döymək baş alıb gedir” — Vahid Əziz

SOSİAL 18 fev 2019, 23:10

“Hər televiziyanın özündə Bədii Şura olmalıdır”.

 

Bunu Moderator.az-a tanınmış şair Vahid Əziz bir müddət öncə AzTv-də yaradılan  Bədii Şura ilə bağlı danışarkən  deyib. 

 

O, açıqlamaslnda özəl televiziyalardakı problemlər barəsində də danışıb:

 

“Hər dəfə demişəm, yenə də deyirəm ki, ölkə üzrə ümumi Bədii Şura olmalıdır: ya Mədəniyyət Nazirliyinin nəzdində, ya AzTV-nin nəzdində. Orada da özünə hörmət edən, əsl şair, bəstəkar, müğənni, musiqiçi olmalıdır ki, yüngül şeirləri, oğurluq əsərləri ortaya çıxmağa icazə verməsinlər. Hər televiziyanın özündə Bədii Şura olmalıdır. Bunu dəfələrlə demişəm, təklif etmişəm!


 Sovetin vaxtında bir televiziya var idi - AzTV. İndi kanallarımız çoxalıb. O vaxt senzura mədəniyyətsizliyin qarşısını alırdı. Senzura olmayan yerdə mədəniyyətsizlik baş verər. 


İndi kanallarımızda söyüş, təhqir, bir-birini döymək baş alıb gedir. Çəkilən filmlərdə mentalitetimizə aid olmayan hərəkətlər təbliğ olunur. Nə vaxtdan Azərbaycanda kişi qadınını şillənin altına salıb döyür?!

 

Niyə millətimizi tərbiyəsizliyə sövq edirsiniz?! Bir ziyalı kimi hər zaman demişəm indi də deyirəm: ya Mədəniyyət Nazirliyinin, ya Bəstəkarlar İttifaqının, ya Nazirlər Kabinetinin nəzdində yalnız bir Bədii Şura olmalıdır və bütün efirə gedən musiqi əsərləri, verilişlər, filmlər burada baxılmalıdır, dəyərləndirilməlidir. Ya da ki, hər televiziya kanalı öz Bədii Şurasını yaratmalıdır. Azərbaycanda kifayət qədər istedadlı bəstəkarlar, musiqiçilər, mədəniyyət nümayəndələri var. Hər kanalda bir neçəsi iştirak etsə, efirlərimiz də düzələr”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top