“Bələdiyyələrin fəaliyyətini koordinasiya edəcək mərkəzi icra orqanın yaradılmasına ehtiyac var” — Vüqar Tofiqli

GÜNDƏM 18 fev 2019, 17:35

Bu il bələdiyyələrin fəaliyyətə başlamalarının iyirminci ili tamam olur. Bu illər ərzində bələdiyyələrin inkişafı üçün zəruri olan addımlar demək olar ki, atılıb. Lakin bələdiyyələr nə qədər inkişaf etsələrdə, üstəlik cəmiyyətdə hörmət və nüfuz sahibi olsalar da etiraf etməliyik ki, bu gün bələdiyyələrin bir sıra həlli vacib problemləri qalmaqdadır. Bəs bu problemləri aradan qaldırmaq üçün hansı addımların atılmasına ehtiyac vardır?


Demokrat.az xəbər verir ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyin sədri Vüqar Tofiqli bu suallara aydınlıq gətirir:


Bələdiyyələrin inkişafı və qarşılaşdıqları problemlərin həlli ilə bağlı irəli sürülən təkliflər paket formasında təqdim edilməlidir. Əsas məqam isə bir istiqamətə - dövlət siyasətinin sürətli və operativ şəkildə icrasına yönəldilməlıdir.


Bu gün Ədliyyə Nazirliyinin Baş idarə statusunda olan Bələdiyyələrlə İş mərkəzi öz üzərinə düşən işin öhdəsindən layiqincə gələ bilir. Bu danılmaz bir faktdır. Lakin məsələ ondadır ki, mərkəz qurumlararası koordinasiyanı həyata keçirmək səlahiyyətində deyil. Yəni bu qurum ona edilən müraciətlərə baxır, protokolları qəbul edib, onun qanunauyğunluğunu müəyən edir, yəni inzibati nəzarəti həyata keçirir və ciddi şəkildə bələdiyyələrə metodoloji yardım göstərir. Yəni fəaliyyət müəyyən qanun çərçivəsində davam etdirilir.


Bu gün bələdiyyələrin qarşılaşdığı problemlərin aradan qaldırılması tək mərkəzin hazır ki statusu çərçivəsində həll edilə bilməz. Bu gün mərkəzin səlahiyyətində ancaq inzibati nəzarət funksiyası saxlanılmaqla strukturunun və statusunun artırılmasına ehtiyac vardır.


Ancaq bununla yanaşı həm inzibati nəzarəti, həmdə metodoloji dəstəyin həyata keçirməsini bir mərkəzdə cəmləşdirilməsi düzgün sayılmamalıdır. Belə götürək, Təhsil nazirliyi və Dövlət İmtahan Mərkəzini. Biri yalnız təhsil proqramı hazırlayıb tədrislə məğuldur, digəri isə sırf hazır tələbələrin bilik səviyyəsini mütərəqqi üsullarla yoxlamaqla məşguldur. Çox düzgün olaraq bu qurumlar tam ayrı-ayrı orqan kimi fəaliyyətdədirlər.


Odur ki, mövcud təcrübədən yararlanaraq, bu məqamı bələdiyyə sisteminə də tətbiq etmək olar. Yəni, bu gün inzibati nəzarətin tətbiqi Ədliyyə nazirliyində qalmaqla, bələdiyyələrə metodoloji yardımın göstərilməsi, mərkəzi, yerli icra və qanunverici orqanlararası koordinasiya əlaqələrinin qurulması, bələdiyyələrə ayrılan dotasiyanın və subvensiyanın bölüşdürülməsi, bələdiyyə problemlərinin ictimailəşdirilməsi, qəbul edilmiş qanunların yerlərdə izahının həyata keçirilməsi və digər məsələləri həyata keçirən dövlət orqanın yaradılmasına ehityac vardır.


Etiraf edilməlidir ki, bu gün elə bir vəziyyət yaranıb ki, yerli özünüidarəetmə orqanların fəaliyyətinə bu və ya digər formada yerli-yersiz müdaxilələr olur. Məhz bu müdaxilənin nəticəsində bələdiyyələrin DSMF-yə kifayət qədər borcu yaranıb. Nəticədə 1000-ə yaxın bələdiyyənin bank hesabı bağlanıb. Üstəlik dotasiyanın bölüşdürülməsi məsələsi, habelə bu il ayrılacaq subvensiya məsələsi və ya bələdiyyələrə əmlakın və torpaq fondunun verilməsiylə bağlı problemlərin olması göz qabağındadır. Məhz ayrılan dotasiyanın və subvensiya bu yaradılacaq qurumun peşəkar mütəxəssislərdən ibarət xüsusi komissiya üzvlərinin iştirakıyla bölüşdürülməsi ilk növbədə bu sahədə şəffaflığı təmin etmiş olar. Nəticədə bu gün ortada olan neqativ hallara da birdəfəlik son qoyular. Və ən əsası bələdiyyələrin əmlak məsələləri və torpaqla bağlı problemlərin olması da danılmaz faktdır. Günü-günə calamaqla bu günədək bələdiyyələrə xəritələrin verilməməsi, onlara məxsus torpaq fondunun müəyyən edilməməsi, paytaxt bələdiyyələrinə əmlakın və torpağın verilməsi hələ də sual altında qalır. Biz nə qədər “yasalasaqda” problem həll edilməmiş qalmaqdadır.


Fikmizcə, istənilən halda, atılan addımların əsas qayəsi bələdiyyələrin fəaliyyətinə kənar müdaxilənin azadlımasına yönəldilməlidir. Məhz yaradılacaq qurum, Yerli özünüidarəetmə Şurası və ya Azərbaycan Prezidenti yanında Bələdiyyələrin inkişafına Dövlət Dəstəyi Fondu qismində ola bilər. Ölkəmizdə isə artıq bu tipli özünü doğruldan bir qurum QHT-lərə Dövlət Dəstəyi Şurasının şəxsində mövcuddur.


Yaradılacaq orqan öz səlahiyyətləri daxilində dövlət siyasətini və bələdiyyələrin fəaliyyətində normativ-hüquqi tənzimləmələri həyata keçirən, bələdiyyələrin qarşılaşdığı problemləri həll edən, kənar müdaxilələrin qarşısının alınmasına köməklik göstərən, mütərəqqi ideyaları bələdiyyə sisteminə tətbiq edən mərkəzi icra hakimiyyəti orqanı kimi də təsis edilə bilər. Həmçinin, bu orqana qurumlararası koordinasıya ilə bağlı səlahiyyətin verilməsi, bələdiyyələrə real metodik yardımın göstərilməsi, beynəlxalq təcrübənin paylaşılması, dotasiya və subvensiyanın ayrılmasına və xərclənməsinə nəzarətin və digər əlavə səlahiyyətlərin verilməsi nəticədə bələdiyyələrin inkişafına təkan verər, habelə hazırda dolaşan neqativ halların qarşısı alınmış olar.


Yekun olaraq, bir daha qeyd etmək istərdik ki, yaradılacaq qurum istənilən halda bələdiyyələrin fəaliyyətinə bir mərkəzdən dəstək verməyə yönəldilməli, bələdiyyələrə hər hansı üstqurum təsəvvürünü yaratmamalı, məhz onlara dövlət dəstəyini sistemli və planlı şəkildə həyata keçirməyə yardımçı olmalı və beləliklə də bununla da Ümummilli Lider Heydər Əliyevin sözləriylə desək “bələdiyyələr Azərbaycanda demokratiyanın inkşafında yeni mərhələ olacaqdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top