"Valideynlər öz övladlari ilə şəxsiyyət kimi rəftar etmirlər" — Psixoloq uşaq intiharları HAQQINDA

SOSİAL 17 fev 2019, 08:30

Azərbaycanda növbəti dəfə yeniyetmə intiharı baş verib. Belə ki, Biləsuvar rayonunun Çinarlı kəndində 2004-cü il təvəllüdlü Asəf Xeyrulla oğlu Həsənov özünü qonşunun bağında ağacdan asaraq, intihar edib. İntihara ilkin səbəb kimi Asəfi atasının danlaması göstərilir. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. A.Həsənov Çinarlı kənd tam orta məktəbinin 9-cu sinifdə təhsil alırmış.


Demokrat.az musavat.com-a istinadən bildirir ki, bu kimi intihar hadisələri ilə bağlı xəbərlərə son zamanlar tez-tez rast gəlirik. Psixoloqlar bildirirlər ki, xüsusilə də bölgələrdə valideynlər uşaqları ilə düzgün davranmırlar. Eyni zamanda, o bildirilir ki, bölgələrdə yeniyetmə və gənclərin asudə vaxtlarını keçirmələri üçün normal şəraitin olmaması da onlarda əlavə psixoloji gərginlik yaradır. Nəticədə iradəsi zəif olanlar və bir qədər də valideyni tərəfindən yüklənən uşaqlar suisid yolunu seçirlər.


Psixoloq Fərqanə Mehmanqızı bildirir ki, məsələnin ciddi şəkildə müzakirəsinə ehtiyac var: 


"Çünki sosial şəbəkələrdə yayılan və yayılmayan intihar hadisələri var. Belə fikir var ki, bölgələrdə intiharlar daha çoxdur. Mənə elə gəlir ki, bölgələrimizin sayı Bakı və kəndləri ilə müqayisədə çox olduğu üçün  oradan gələn ümumi xəbərlərin nisbətinə görə bu cür fikir ortaya çıxıb. Ancaq bu, o demək deyil ki, bölgələrdə problem azdır. Orada əsas məsələ budur ki, uşaqların problemləri ilə məşğul olunmur. Məsələn, yalnız böyük rayonlarda bağçalar, dərnəklər, idman zalları var. Lakin bölgələr ancaq rayonlardan ibarət deyil. Aydındır ki, bir rayonun bir neçə kəndi var. Həmin kəndlərdə böyüyən  uşaqlar isə məşğuliyyətsiz qalıblar. Hər hansı işləri yoxdur. Ancaq onların asudə vaxtları da mövcud deyil. Çünki kənddə iş çoxdur. Sadəcə olaraq, maarifləndirməyə ciddi ehtiyac var. Belə ki, valideynlər öz övladları ilə şəxsiyyət kimi rəftar etmirlər. Əsas problem də budur. Psixoloji və fiziki təcavüz də çoxdur. Biz görürük ki, valideynlərdə uşaqlara qarşı zorakılıq təhqir də var. Ona görə də uşaqların şəxsiyyətlərində problemlər ortaya çıxır. Bunun da çıxış yolunu ancaq intiharda görürlər.  İntihar əslində şüuraltı yeridilən bir şeydir. Uşaq var ki, gözünü açandan atadan, anadan "ölsəydim canım qurtarardı" kimi ifadələr eşidir. Yaxud deyirlər ki, filankəs öldü, canı qurtardı. Biz fərqinə varmasaq da, bu kimi frazalar şüuraltı olaraq işləyir. İnsanlar artıq ölümün bir çıxış yolu olduğunu düşünürlər. Ona görə də yeniyetmələr də uşaq ağlı ilə düşünürlər ki,  ölsələr canları qurtaracaq".


Psixoloq valideynlərin öz uşaqlarına əsəbiləşdikləri zaman yanlış ifadələr işlətdiyini deyir:


"Unutmamalıyıq ki, şəxsiyyətin formalaşmasında valideynlərin uşaqlarına, bir-birilərinə olan münasibəti böyük rol oynayır. Məhz bu davranışların uşağın şəxsiyyətinin formalaşmasında əhəmiyyətli təsiri var. Bu gün baxırsan ki, kəndlərdə valideynlər uşaqlarını kobud səslənsə də qul kimi işlədirlər. Mən demirəm ki, uşaqlar bu işləri görməli deyil. Ancaq bunu elə etməlidirlər ki, uşaq işi sevsin. Ona görə də uşaqların rayonlarda məhdudlaşmış həyat şəraitləri var. Psixoloji və fiziki zorakılıq görən insan çıxış yolu kimi ölümü düşünür. Eləcə də bilirik ki, bölgələrdə və xüsusilə ucqar kəndlərdə təhsil də çox aşağı səviyyədədir. Bu zaman isə insanlar sanki "bataqlıq" içərisində qalırlar. O şəraitdə uşaqların stress keçirməsi halları çoxalır. Uşaqlar fikirlərini bir başqası ilə paylaşa bilmirlər. Çünki bunun üçün nə şərait, nə də variant var.  Belə bir şəraitdə yenə də təbii ki, uşağın formalaşmış psixologiyasında müəyyən qüsurlar olacaq.  Nəticədə isə uşaqlar intihar yolunu seçə bilirlər. Eyni zamanda bu cür psixoloji şərait, intihardan əlavə cinayətə də sövq edir. Uşaq ya başqasının, ya da özünün qatili olur. Şəxsiyyət pozuntularının əsas səbəbləri, həyatında müəyyən bir marağın, hədəfin olmamasıdır. Çünki insan elə yaradılıb ki, hər zaman axtarışda olmalıdır, yeniliklər axtarmalıdır. Bu yenilik olmadığı təqdirdə isə beyin demək olar ki, ac qalır. Ac qalan ruh və beyin isə azğınlaşır. Ona görə də hədəf və yeniliklərdən kənarda qalan uşaqlarda aqressivlik, ətrafa qarşı kin və nifrət yaranır".


Psixoloq valideynlərə məsləhətlərini də verdi: 


"Övlarınızla şəxsiyyət kimi davranın. "Dədə-babamdan belə görmüşəm, belə də edirəm", "uşaq kimdir" kimi fikirləri artıq unutmaq lazımdır. Həzrət Əlinin gözəl sözü var. O deyir ki, övladını öz dövrünüzə görə yox, onun yaşadığı dövrə uyğun böyütməlisən. Bu gün çox valideynlər səhvən öz dövrlərinə uyğun düşünürlər. Deyirlər ki, mənim atam-anam axşama qədər bizi döyürdü, heç nə olmurdu. Belə düşünmək yanlışdır. Uşaq elə sağlam psixologiyada böyüməlidir ki, bugünkü cəmiyyətə, dövrə sağlam baxa bilsin, iradəsi möhkəm olsun. Belə olmalıdır ki, hər hansı bir sarsıntıda intihar etməyib, cani olmasın. Eşitmişəm ki, dövlət rayonlardan idmançıları, bacarıqlı uşaqları yığır. Hesab edirəm ki, bunları gücləndirmək lazımdır. Bunun üçün xüsusi qurumlar, məmurlar var. Ancaq çox təəssüf ki, bəzi məmurlar işlərinin öhdəsindən lazımınca gələ bilmirlər. Əgər məmurlar öz işlərinin öhdəsindən normal qaydada gələrsə, bunun cəmiyyətə çox böyük faydası olar və normal şəxsiyyət yetişər. Valideynlərlə, uşaqlarla maarifləndirici iş aparmaq bu gün bizim cəmiyyət üçün lazımdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top