"Müstəqil düşüncəli gənclər mütləq irəli çəkilməlidir" — Siyavuş Novruzovdan YUBİLEY MÜSAHİBƏSİ

MÜSAHİBƏ 16 fev 2019, 14:25

Siyavuş Dünyamalı oğlu Novruzov – 17 fevral 1969-cu ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Cəhri kəndində anadan olub. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini,1999-2002-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur. Əfqanıstan və Qarabağ müharibələri veteranıdır. Siyavuş Novruzov sərbəst güləş üzrə idman ustasıdır. 10 yaşından profesional idmanla məşğuldur. Hərbiçilər arasında keçirilən yarışın qalibi olub.


Siyavuş Novruzov 1990-cı ildən "Əlincə" Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləyib. 1994-1999-cu illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İşlər müdiri, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb, 1995-2005-ci illərdə partiyanın Gənclər Birliyinin sədri olub. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın İcra katibinin müavinidir.


Azərbaycan Respublikasının Milli Məclisinə II, III, IV və V çağırışlarının deputatıdır. O, uzun müddət parlamentin İntizam Komissiyasının sədri işləyib, hal-hazırda isə Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədridir.


Siyavuş Novruzov, Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 1-ci dərəcəli "Vətənə Xidmət Ordeni" lə təltif olunub.


Ailəlidir, iki övladı var.


Demokrat.az Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsini təqdim edir:

 

- Siyavuş müəllim, ilk öncə 50 illik yubileyinizi təbrik edirik və fəaliyyətinizdə uğurlar arzulayırıq. Uzun illərdir ki, siyasətlə məşğul olursunuz. Ötən illərə nəzər salarkən hansı məqamları xatırlayırsınız?


- Təşəkkür edirəm. Bilirsiniz, ötən illərə nəzər salarkən, bir çox insanlardan fərqli olaraq, həyatımız müxtəlif dövrlərə düşüb. Həm çətin dövr olub, həm də şərəfli. Çətin dövr o olub ki, Azərbaycanın müstəqilliyinin əldə olunması, Azərbaycan ərazilərinə göz dikən düşmənə qarşı mübarizə, səngərlərdə döyüşlər, ictimai-siyasi vəziyyət, Ümummilli Liderə qarşı olan təzyiqlər, Onun əleyhinə aparılan işlər, eləcə də müdafiə komitəsinin yaradılması və bu istiqamətdə aparılan işlər, Yeni Azərbaycan Partiyasının yaradılması və nəticədə müstəqil Azərbaycanın indiki inkişaf səviyyəsinə çıxması. Ona görə deyirəm ki, ötən illər həm çətin, həm də şərəfli anlarla yaddaşlarda qalıb.


Bir müddət əvvəl cənab Prezident gənclərlə görüşündə müstəqillik tariximizdə baş verən önəmli hadisələri bir daha sadaladı. Yəni gənc nəsil də başa düşməli, anlamalıdır ki, bu dövlət elə-belə qurulmayıb və onun qurulması zamanı çox çətin və acınacaqlı hadisələr baş verib – vətəndaş müharibəsi, qarşıdurma, separatizm meyllərinin yaranması, Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğala məruz qalması, bütün bunlardan sonra Azərbaycan iqtisadiyyatının yenidən qurulması, dövlət çevrilişlərinin qarşısının alınması və s. Yəni bizim hamımız gənc yaşlarımızdan bu dövrün iştirakçılarıyıq və ən fəal olan insanlarıq. Bu baxımdan, həmin dövrlərə təsadüf edən hadisələr bir-iki deyil ki, onların hər birini sadalayasan. O qədər rəngarəng və o qədər müxtəlif hadisələr, şərəfli və olduqca ağır proseslər baş verib ki, onları qısa müddətdə saymaq mümkün deyil. Bu hadisələrin ən şərəflisi isə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərməyimizdir.


- Ötən əsrin 90-cı illərinin əvvəllərində gənclərin bir çoxu hələ də sovet təfəkkürü ilə yaşayırdılar və bu təfəkkürdən ayrılma prosesi necə baş verdi?


- Əlbəttə, həmin dövrlərdə sovet təfəkküründə yaşayan gənclərimiz də vardı, yeni nəslin nümayəndələri də vardı. Doğrudan da çətin idi. İnsanlar müstəqilliyin nə olduğunu qavraya bilmirdilər. Çoxları düşünürdülər ki, bəlkə də qaytardılar. Yəni sovet hökuməti bir də qayıdacaq, süquta uğramış SSRİ bir də bərpa olunacaq və s. Partiya və dövlət işində çalışanların, komsomolda fəaliyyət göstərənlərin çoxu o dövrün arzusu, həsrəti ilə yaşayırdı.


Lakin bir qrup insan vardı ki, onlar Azərbaycanın gələcəyini, müstəqilliyini görərək, fəaliyyətlərini Milli Azadlıq Hərəkatından başlamış, ta son dövrə qədər bu fəaliyyətlərini davam etdirmişlər. Görürsən ki, bir yazıçı, bir şair qeyd edir ki, Azərbaycanın müstəqilliyini, azadlığını görürdüm. Əgər yazıçı və şair bunu görürdüsə, Ümummilli Lider bunu daha çoxdan görürdü və vaxtilə dövlətin strukturlarını da həmin istiqamətdə hazırlayırdı. Hələ hakimiyyətinin birinci dövründə bu proseslərin hazırlıqlarını görürdü. Azərbaycanda müəssisələrin, zavodların çox tikilməsi, ölkəmizin aqrar ölkədən sənaye ölkəsinə çevrilməsi, neftayırma zavodlarının əksəriyyətinin Azərbaycanda olması, hətta Orta Asiya neftinin Azərbaycana gətirilərək, buradakı zavodlarda işlənməsi, benzin və s. məhsullara çevrilməsi – ümumiyyətlə, bütün bunlar müstəqilliyə hazırlıq dövrü olaraq qiymətləndirilməlidir.


O cümlədən, hərbi məktəblər, ayrı-ayrı post-sovet məkanındakı ölkələrə tələbələrin göndərilməsi, onların ölkə kadrı kimi formalaşdırılması prosesi gedirdi.


Gənclərə gəlincə, komsomol təşkilatı dağılandan sonra, gənclər tamamilə qeyri-müəyyən vəziyyətdə qalmışdılar. Onların bir qrupu silahlı dəstələrə, bir qrupu pis vərdişlərə qoşulmuşdu, digər qrupu baş verən hadisələrə laqeyd yanaşırdı, iş yerləri dağılmışdı, heç yerdə gənclərin problemlərini dinləyənlər yox idi...


Belə bir vaxtda Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ümummilli Liderin irəli sürdüyü əsas tələblərdən biri də gənclərin formalaşması, onların müstəqil Azərbaycan dövlətinin həyatındakı rolunun müəyyənləşməsi idi. Əlbəttə ki, əsas məsələlərdən biri də partiyanın nəzdində Gənclər Birliyinin yaranması idi. Xatirimdədir ki, 1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk görüşü gənclərlə oldu. Məhz bundan sonra Azərbaycanda gənclər hərəkatı başladı. Bundan sonra Gənclər Birliyi yarandı və mən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçildim. 10 il müddətində sədr vəzifəsini həyata keçirdim. Sonra biz 11 təşkilatla Milli Şuranı yaratdıq. Həmin vaxt Milli Şurada birləşən təşkilatların sayı 30 idi, indi isə təşkilatların sayı 3 minə qədər gəlib-çatıb. Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi kifayət qədər uğurlu fəaliyyət göstərir, müxtəlif ölkə əhəmiyyətli proseslərdə təmsil olunur. Bütün bunların fundamenti məhz həmin dövrlərdə qoyulub.


Ümumiyyətlə, bütün proseslər ardıcıllıqla qurulurdu. Gənclər və İdman Nazirliyinin yaradılması, cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi bizim əldə etdiyimiz uğurların göstəriciləridir.


Əvvəldə dediyim kimi, gənclərin bir çoxu ayrı-ayrı kriminal qruplarda fəaliyyət göstərirdilər, onların gələcəyi barədə düşünən yox idi. Məhz həmin gənclərin doğru və sağlam yola cəlb edilmələri üçün fəaliyyətimizi genişləndirdik. Hətta idmançı gənclər var idi ki, onlar heç bir çempionatlarda, idman yarışlarında iştirak edə bilmirdilər, ümumiyyətlə, məşq zalları və s. yox idi. Bütövlükdə, bu hallar aradan qaldırıldı və gənclərimiz, yeni nəsil müstəqilliyin bəhrələrini gördükcə, onun mühüm mahiyyətlərini anlamağa başladılar. Həmçinin, yeni nəsil köhnə düşüncəliləri də yeniliklər barədə düşünməyə vadar edirdi.


Bu gün ölkəmizin bütün regionlarında möhtəşəm olimpiya kompleksləri, idman qurğuları mövcuddur və gənclərimiz bütün bunlardan istifadə edir, o cümlədən, idmançı gənclər ölkəmizin bayrağını müxtəlif beynəlxalq yarışlarda, turnirlərdə yüksəklərə qaldırırlar.


- Siyavuş müəllim, böyük siyasi yol keçmisiniz, bəs sizcə, siyasət nədir?


- Siyasət çox ağır və çətin bir prosesdir. Siyasətlə məşğul olmaq həm də bir peşədir. Bəziləri siyasətə bir iş yeri, karyera kimi, yaxud inkişaf xətti kimi baxır. Amma professional siyasətlə məşğul olmaq, doğrudan da hərtərəfli olmaqla, insana təkan verən amillərdən biridir. İstənilən insan siyasətlə məşğul ola bilər, amma bu siyasətdən necə çıxmalı olduğunu özü müəyyənləşdirməlidir. Götürək Ümummilli Lider Heydər Əliyevi. O, müxtəlif dövrlərdə siyasətdə olmasına baxmayaraq, sübut etdi ki, zamanından və dövründən asılı olmayaraq, siyasətlə xalqa xidmət etmək olar. Bax, budur siyasət, budur siyasi ruh. Yoxsa ki, biri deyir o vaxtkı dövr məni sıxırdı, zaman inkişafa imkan vermirdi və yaxud, vəzifəm olsaydı, mən daha yaxşı xidmət edərdim... Məncə bu doğru yanaşma deyil.


Ulu Öndər vəzifədə olanda – Milli Təhlükəsizlik Komitəsində çalışanda da, istefada olanda da, işsiz olanda da, Naxçıvanda fəaliyyətsiz olanda da, hansı ki, Naxçıvanın xilası Ümummilli Liderin adı ilə bağlıdır, Ali Məclisin Sədri olanda da, parlamentin Sədri olanda da, Prezident olanda da həmişə bunu sübut edib ki, xalqa xidmət, xalqın xilası yolu zamandan, quruluşdan asılı deyil. Xalqa xidmət və onu inkişaf etdirmək yolu insanın özündən və dövlətə, dövlətçiliyə xidmət etməkdən asılıdır. Bax, budur əsl siyasət, budur siyasətin nə olması sualının cavabı.


- Siyavuş müəllim, Siz Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini olmaqla yanaşı, həm də millət vəkilisiniz. Hər iki məsuliyyətli vəzifəni icra etmək sizə çətinlik yaratmır ki?


- Bilirsiniz, əslində bu iki iş bir-birini tamamlayır. Çünki əvvəllər bizim Milli Məclisdə 72 nəfər partiya üzvümüz var idi. Məhz, ayrı-ayrı təyinatlar olduqdan sonra sayımız 68-ə qədər müəyyənləşdi. Onların hər biri məhz Prezident İlham Əliyevin siyasətinin təbliği, insanlara çatdırılması, görülən işlər, Azərbaycanın inkişaf strategiyası, ölkəmizə qarşı yönələn təzyiqlərin qarşısının alınması, anti-Azərbaycan dairələrə tutarlı cavabların verilməsi, xalq-iqtidar birliyinin təmin olunması məsələsi ilə yanaşı, həm də partiyanın, o cümlədən, Milli Məclisin deputatı kimi bilavasitə əsas vəzifə kimi daşıyır. Əlbəttə ki, bu vəzifələri biz layiqincə yerinə yetirməyə çalışırıq. Bilirsiniz ki, cənab Prezidentin atdığı addımlar çox uzaqgörən, düşünülmüş və gələcəyə hesablanmış mütərəqqi addımlardır. Hətta bəzən elə olur ki, bu addımlara çatmaq olmur. Çünki bu addımlar sürəkli və ardıcıldır. Misal üçün, atılan hər hansı bir addımın təbliğatı ilə məşğul olanda görürük ki, dövlətimizin rəhbəri tərəfindən növbəti bir addım atılır. Biz, hər gün bunların şahidiyik. İstər Azərbaycanın daxilində, istər xaricində, beynəlxalq aləmdə. Bu da onu göstərir ki, cənab Prezident xalqın maraqlarını tam şəkildə özündə təmsil etməklə yanaşı, həm də təmin edir. Ona görə də biz də çalışırıq ki, həmin istiqamətdə işimizi quraq ki, atılan addımlara dəstək olaq və reallaşdırılan işlərin əhaliyə düzgün çatdırılmasında bu dəstəyimizi davam etdirək. Həmçinin, Azərbaycana qarşı təzyiq dili ilə danışan qüvvələrə qarşı lazımi tədbirlərimizi həyata keçiririk.


- Prezident İlham Əliyevin apardığı islahatları, o cümlədən, kadr islahatlarında apardığı gəncləşdirmə siyasəti kontekstində, gənclərimizə hansı tövsiyələrinizi verərdiniz?


- Bizdə gəncləşmə siyasəti təkamül yolu ilə gedir. Lakin bizə qonşu olan dövlətlərdə vaxtilə fərqli addımlar atıldı və gənclər tam yetkin bir dövrə çatmadıqları üçün düşüncə tərzlərində müvafiq dəyişikliklər olmadığı üçün bu onlarda ağır nəticələrə səbəb oldu.


Amma bizim Azərbaycan gəncliyi 28 illik müstəqilik dövründə kifayət qədər inkişaf edib. İstə xarici ölkələrdə, istərsə də ölkəmizdə yüksək təhsil alıb, siyasi yetkinliyə çatıb, müxtəlif siyasi məktəblər keçib və bu gün mərhələli şəkildə bu nailiyyətlərə çatıblar. Artır onların təyinatları idarəçiliklərində heç bir problemlər yaratmır. Yəni bu gənclər kifayət qədər yol keçiblər və iş sistemini, cənab Prezidentin siyasətini kifayət qədər dərindən dərk ediblər. Ona görə də hesab edirəm ki, kadr islahatları da davam edəcəkdir və müstəqil düşüncəli, müstəqil fikirli və xalqını, millətini, dövlətini sevən, eləcə də Prezidentinin siyasətini dəstəkləyən, bu siyasəti aparan gənclər mütləq irəli çəkilməlidirlər. Bu yolda gənclərimizin hər birinə uğurlar arzulayıram.

 

P.S. Demokrat.az kollektivi olaraq, bizlər də Siyavuş Novruzovu 50 illik yubileyi münasibəti ilə təbrik edirik.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top