Türkmənistanda KQB metodları — Ölkədən çıxış nəzarətə götürülüb

TƏHLİL 15 fev 2019, 23:07

Birinci prezident Saparmurad Niyazovun hakimiyyəti dövründən bu yana Türkmənistan keçmiş sovet ölkələri arasında ən qapalısı hesab olunur. Son dönəmlər Türkmənistanla bağlı ən çox işıqlandırılan mövzulardan biri bəzi vətəndaşların ölkədən çıxmaq qadağası ilə üzləşməsidir. “Qara siyahıya” adətən hakim rejimin tənqidçiləri və hakimiyyəti hansısa məsələdə məmnun etməyənlər düşürlər. Bu ilin əvvəlindən isə hökumət vətəndaşların ölkədən çıxışını bir qədər də çətinləşdirib.

Ölkə boyu “qara siyahıların” genişləndirilməsi prosesinə start verilib. Xüsusi xidmət orqanları hakimiyyətdə şübhə yaradan hər kəsi bu siyahılara daxil edir. Məlum siyahı ilə bağlı yeni bir kriteriya da var – xaricdəki anti-dövlət ideoloji mərkəzlərlə əlaqə. Belə əlaqələrdə şübhəli bilinənlər dərhal “qara siyahıya” daxil edilir.

Baş ofisi Vyanada yerləşən “İnsan haqları üzrə türkmən təşəbbüsü” təşkilatına məxsus “Türkmənistanın xronikası”portalı ölkədən çıxmaq qadağası ilə üzləşənlərin sayının artdığını bildirir. Qadağa barədə qərarı isə hava limanının miqrasiya və sərhəd xidmətinin əməkdaşları qəbul edir.

Yerli hüquq müdafiəçilərinin dediyinə görə, növbəti belə insident fevralın 3-də Aşqabad aeroportunda baş verib. Həmin vaxt Türkmənistanın ayrı-ayrı regionlarından olan 8 nəfərin İstanbula uçuşu baş tutmayıb. Bu şəxsləri iki qrupa ayıraraq növbə ilə sorğu-suala tutublar və səfərlərinin məqsədini öyrənməyə çalışıblar.

Fərid Tuxbatullin

“Fevralın 13-də mənə məlumat verdilər ki, İstanbul reysinin sərnişinlərinə hava limanına uçuşdan dörd-beş saat əvvəl gəlmək tövsiyə olunub. Xüsusi xidmət orqanları bu reysin sərnişinlərinin demək olar ki, yarısını yoxlayırlar və sorğu-suala tuturlar. Özü də bu sorğu-sualı tək-tək aparırlar. Proses xeyli uzun çəkir. Yoxlamanı o insanlar haqqında hər hansı material olmadan aparırlar. Və başlayırlar soruşmağa – adam hara və niyə uçur, internetdən istifadə edirmi, hansı saytları oxuyur və s. Bəzən qıcıqlandırırlar və emosional reaksiyaya səbəb olurlar”, deyə “İnsan haqları üzrə türkmən təşəbbüsü” təşkilatının rəhbəri Fərid Tuxbatullinbildirir.

Hüquq müdafiəçisinin sözlərinə görə, Türkmənistan xüsusi xidmət orqanları sovet metodlarını işə salıblar: “Sovet vaxtı KQB xarici radiostansiyaları ideoloji diversiyanın mərkəzi” adlandırırdı. İndiki çekistlər bunu çətin xatırlayar. Görünür, onları sovet xüsusi xidmət orqanlarında işləmiş kimsə təlimatlandırır”.

Türkmənistanın müxalifyönlü Respublika Partiyasının rəhbəri Nurməhəmməd Xanamov deyir ki, indi ölkədən çıxmaq Saparmurad Niyazovun dövründə olduğundan daha çətindir: 

“Niyazov da öz hakimiyyəti zamanı ölkədən çıxışı çətinləşdirmişdi və bu səbəbdən MDB ölkələri ilə viza rejimi tətbiq etmişdi. Türkmənistan MDB-də bunu edən ilk ölkə olmuşdu. “Qara siyahılar” onun dövründə tərtib olunmağa başlayıb, Berdiməhəmmədovun dövründə də davam etdirlir”.

Nurməhəmməd Xanamovun sözlərinə görə, Türkmənistandan adətən Rusiyaya, Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə səfər edirlər: “Məndə olan məlumata görə, Aşqabad Türkiyə ilə arasında viza rejiminin tətbiq olunması üçün Ankara ilə danışıqlar aparır. Ankara bunu istəmir. Türklər üçün vizasız rejim sərfəlidir. Bu istiqamətdə konkret qərar hələ yoxdur. Amma Aşqabad öz vətəndaşlarının başqa ölkələrlə, o cümlədən Türkiyə ilə əlaqələrini mümkün qədər daha çox məhdudlaşdırmağa çalışır”.

Qurbanqulu Berdiməhəmmədov

Hüquq müdafiəçisi bunun səbəblərinə də aydınlıq gətirib: “Bu, təkcə jurnalistlərə və onların ölkədə baş verənlərlə bağlı xəbər ötürəcəyinə görə deiyl. Həm də ona görədir ki, Türkmənistan vətəndaşları başqa ölkədə yaşayan və fərqli düşünən soydaşları ilə əlaqələr qura bilərlər. Bir səbəb də odur ki, Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə səfər edən türkmənlərin dini-ekstremist təşkilatlarla təmasa girmək imkanı yaranır. Hökumət ehtiyat edir ki, onlar geri qayıdandan sonra həmin təşkilatların təbliğatçısına çevrilərlər. Prezident beynəlxalq KİV-lər, o cümlədən “Azadlıq radiosu”, DW və BBC, digər tərəfdən də islamçı təşkilatlarla bütün əlaqələri kəsmək üçün fürsət axtarır”.

Fərid Tuxbatullin hesab edir ki, Türkmənistan hökuməti ölkə sakinlərinin xarici KİV-lər və digər informasiya resursları ilə təmasına imkan verməməyə çalışır: 

“İnsanlardan xeyli məlumatlar almışıq ki, xüsusi xidmət orqanları onları nə “Gülən hərəkatı”, nə də islamçı təşkilatlarla bağlı sorğuya çəkib. Onlardan əsasən müxalifyönlü nəşrlər və sosial şəbəkələr barədə soruşulub.

Похожее изображение

Əsasən İstanbula olan reyslər yoxlanılır. Ora ya ticarət, ya da başqa işlə bağlı gedənlər çoxdur. Məsələn, yanvarın sonlarında qış tətili üçün evlərinə gələn bir neçə türkmən tələbəyə geriyə – Moskvaya qayıtmağa icazə verilməyib. Bu, onların sosial şəbəkələrdə fəallığı ilə bağlı olub. Daxil olan məlumatlardan belə məlum olur ki, hər gün onlarla sərnişin Türkiyə və Rusiyaya uça bilmir”.

Fərid Tuxbatullin deyir ki, bu yolla hakimiyyət ölkədən çıxanların sayını azaltmağa çalışır:

“Ölkədə iqtisadi vəziyyət günbəgün pisləşir. Büdcə təşkilalarında kütləvi ixtisarların olması gözlənilir. Əhali arasında narazılıq artır. Çox güman ki, ölkədən çıxmaqla bağlı qadağalar önləyici tədbirlərdir”.

Tərcümə Strateq.az-ındır

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top