Bakıda Qarabağ əlili özünü yandırmaq istədi — Deputat və icra başçısının müavininə AĞIR İTTİHAMLAR (VİDEO)

SOSİAL 15 fev 2019, 14:59

Bakıda bir qrup Qarabağ əlili şikayətləndikləri məmurların fotolarını boyunlarından asaraq etiraz aksiyası keçiriblər. 


Demokrat.az xəbər verir ki, etirazçılar döyüş yoldaşları olan Məhəmmədəli Hacıyevə dəstək üçün onun paytaxtın Xətai prospektində sökülən obyektinin önünə toplaşıblar.


Aksiya zamanı Qarabağ qaziləri bildirib ki, ərazidə “Poleks” MMC tərəfindən məhkəmənin icazəsi olmadan qanunsuz söküntü işləri aparılır.

  
Şikayətçilər deyib ki, söküntü işlərini aparan “Poleks” MMC Milli Məclisin deputatı Əsabil Qasımova məxsusdur.


Etirazçılar deputat Əsabil qasımovun və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun ünvanına ağır ifadələr işlədiblər. 


Zərərçəkmiş Məhəmmədəli Qasımov isə iddia edir ki, ərazidə bina tikən “Poleks” MMC deputat Əsabil Qasımov və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun şərikli biznesidir:


O, özünü və avtomobilini yandırmağa cəhd edərək, adı çəkilən məmurların əraziyə gəlməsini tələb edib. 


Az sonra hadisə yerinə gələn icra başçısının müavini Şahmar İbadov ona qarşı səsləndirilən ittihamları rədd edib:


“Mən dövlət məmuruyam. Heç bir biznesim yoxdur”.


“Poleks” MMC-nin qanuni təmsilçisi Şahin Qasımov isə bildirib ki, şikayətçilərin mülkiyyətini onlar istəyərək sökməyib.


Məsələ ilə bağlı icra başçısının müavini Şahmar İbadov Demokrat.az-a açıqlama verib. 


Ş.İbadov sözügedən insanlar tərəfindən səsləndirilən ittihamların böhtan olduğunu söyləyib:


"Mən şirkətlə insanlar arasında yaranan mübahisəli məsələyə qarışmıram. İcra Hakimiyyəti pilot layihənin icrasına icazə verib. Həmin ərazidə isə bu adamların 1 kvadrat belə mülkü yoxdur. O adam şantajla məşğuldur, bizə böhtan atır. Bizdə məlumat var ki, artıq bu, həmin adamın yaratdığı sayca beşinci şoudur. Həmin adam bundan əvvəl də başqa şəxslərə və dövlət məmuruna qarşı bu cür şantajlar edib. Bununla bağlı araşdırma aparılır. Yaxın vaxtlarda faktlarla bunu sübut edəcəyik".

 


Zaur Əziz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top