"Maaşlarla bərabər, işçinin pensiya kapitalı da artacaq" — Nazir

SOSİAL 09 fev 2019, 23:51

"Yeni sərəncam 180 manatdan çox maaş alanların da əməkhaqqına müsbət təsir göstərəcək".

 

Bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

 

Nazir qeyd edib ki, hazırda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda 450 mindən çox işçini əhatə edən 19 pilləli VTC (vahid tarif cədvəli) üzrə əməyin ödənişi sistemi mövcuddur. 

 

“Əgər bu 19 pillədən ilk pillədə əməkhaqqı 180 manata qalxırsa, digər pillələr üzrə bundan yuxarı olan əməkhaqlarında da müəyyən faizlərdə də artım baş verir. Nəticədə, həmin 450 min şəxsin əməkhaqlarında orta olaraq 30 faiz artım olacaq”, - deyə S. Babayev bildirib.

 

Onun sözlərinə görə, özəl sektorda işləyənlərin də minimum əməkhaqqı 180 manat müəyyən olunduğuna görə həmin sektor üzrə əməkhaqları üzrə zəncirvari müsbət effekt özünü göstərəcək. 

 

“Bu səbəbdən həmin sektor üzrə maaş artımının əhatə edəcəyi şəxslərin sayı üzrə ilkin rəqəm kimi 150 min olsa da, bu göstəricinin daha yüksək olacağı gözlənilir. Ümumilikdə, dövlət və özəl sektor üzrə maaş artımının 600 mindən daha artıq işçini əhatə edəcəyini düşünmək olar”, - deyə nazir Babayev qeyd edib.

 

Nazir minimum əməkhaqqı artımının işçilərin təkcə bu gün üçün maaş formasında gəlirlərinin çoxalmasına deyil, həmçinin, gələcək sosial təminatlarına müsbət təsir edəcəyini vurğulayıb.

 

“Artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya kapitalı daha çox artır ki, bu da onun gələcək sosial təminatı, habelə gələcəkdə bu və ya digər səbəbdən işini itirərsə, ona təyin olunan işsizlikdən sığorta ödənişinin çox olması baxımından faydalıdır”. (Moderator)

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top