“Mixail Avaqyan gürcülərə qarşı döyüşən hərbi cinayətkar olub” – Müharibə veteranı

GÜNDƏM 08 fev 2019, 23:50

“Mixail Avaqyan Abxaziyada gürcülərə qarşı döyüşüb. O, hərbi cinayətkar olub. Ona Gürcüstanda qoyulan büst götürülməlidir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri M.Avaqyanın büstünə qarşı keçirilmiş etiraz aksiyasında iştirak edən Abxaziya müharibəsi veteranı Vaxtanq Corcikia jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Abxaziyada ermənilərdən ibarət Baqramyan adına batalyon etnik təmizləmə həyata keçirib və dinc sakinlərə qarşı insanlığa sığmayan vəhşiliklər törədib: “Batalyon üzvləri hətta bir kənddə təkərlərə od vuraraq bir ailənin üzvləri olan qadın və uşaqları diri-diri yandırıblar. Bu barədə materiallar da var”.

V.Corcikia bildirib ki, M.Avaqyana büstün qoyulması qəsdən törədilmiş təxribatdır:

“Büstün qoyulması qanunsuzdur. Abidənin qoyulması barədə mərkəzi hakimiyyət məlumatlandırılmayıb. Büstün qoyulmasını şəxsi təşəbbüs adlandırırlar. Lakin istənilən halda abidə qeyri-qanuni qoyulub və mütləq götürülməlidir”.

Müharibə veteranı büstün götürüləcəyini hesab etdiyini vurğulayıb: “Çünki hakimiyyət bu məsələyə loyal qala bilməz. Bu, dövlətə qarşı çağırışdır. Gürcüstan ictimaiyyəti də büstün ucaldılmasını təxribat sayır. Bu addımın məqsədi Gürcüstan və Azərbaycanın arasını vurmaq, Gürcüstanda yaşayan millətləri qarşı-qarşıya qoymaq və qeyri-sabitlik yaratmaqdır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top