"İnsanlar meşələrdəki ağaclardan vəhşicəsinə meyvə dərirlər" — Deputatdan meyvə cəriməsinə DƏSTƏK

GÜNDƏM 06 fev 2019, 13:39

Milli Məclisin deputatı, xalq yazıçısı Elmira Axundova Nazirlər Kabinetinin Azərbaycanda meşələrdə bəzi meyvələrin yığılmasının qadağan edilməsi barədə qərarına münasibət bildirib. 


Elmira Axundova Demokrat.az-a açıqlamasında bu addımın atılmasına dəstək verdiyini söyləyib:


"Novruz müəllim Məmmədov xalq içindən çıxmış adamdır, o heç zaman camaata qarşı olan addım atmaz. Hörmətli baş nazirimiz xalqı düşünən adamdır. Onun bu addımı da insanları düşünməyindən irəli gəlir. İnsanlar bəzən meşələrdə bitən ağaclardan meyvə dərən zaman vəhşicəsinə onun budağını kəsirlər, təbiətimizə böyük zərər vururlar. Belə etmək olmaz. Axı meşədə bitən vəhşi meyvələr insanların nəyinə lazımdır? Meyvəni istifadə etmək olar, daha bunu vəhşicəsinə dərmək yolverilməzdir. Mən gözümlə görmüşəm, rayonlara gedəndə yol kənarlarında qoz satırlar. Həmin qozları budaqları ilə bərabər dərirlər. Uşaqlar meşədə bitən qoz ağaclarının üzərinə çıxıb onun budaqlarını kəsirlər, sonra da qozu, fındığı aparıb satırlar. Bir qoz ağacı neçə ilə bar verir. Bunu belə etmək olmaz axı! Ona görə də mən Nazirlər Kabinetinin bu qərarını dəstəkləyirəm".

 

Deputat deyib ki, ağacların qırılması nəticəsində paytaxt Bakıda havasızlıq mühiti yaranıb:


"Yadınıza gəlirsə, "Göygöl" milli markı istifadəyə veriləndə insanlarımız oranı çox pis vəziyyətə salmışdılar. İnsanlarımızda təbiətə etinasız münasibət var. Belə davam etsə, bir müddətdən sonra Bakıda hava almaq mümkün olmayacaq. Bu gün Bakıda hava qıtlığı mövcuddur. Bütün bunların səbəbi insanların təbiətə olan mənfi münasibətidir. Axı nə qədər ağac qırmaq olar? Bu gün Bakıda yaşıllıq qalmayıb, ağacları kəsirlər. Nəticədə iqlim də dəyişir. Təbiət bizdən qisas alır".


Elmira Axundova həmçinin təklif edib ki, plastik torbalar marketlərdə pulla satılmalıdır:


"Mən zaman-zaman Milli Məclisin iclaslarında və mediada ekoloji problemlərlə bağlı məsələ qaldırmışam. Hətta, 10 il əvvəl hökumətin hesabatı zamanı bildirmişdim ki, plastik torbalar marketlərdə pulla satılmalıdır. Çünki plastik torbalar ekoloji problemlər yaradır. Əgər plastik torbalar marketlərdə pulla satılarsa, o zaman küçələrdə daha az bu tullantılara rast gəlinər. 

Dəfələrlə demişəm ki, Bakı küçələrinə atılan plastik torbalar ölkəmizə gələn turistlərdə Azərbaycan haqqında mənfi rəy yaradır. 


Vaxtilə Azərbaycanın cənub zonasında qazlaşma 40 faiz idisə, indi 95 faiz təşkil edir. Demək olar ki, bütün kəndlərə mavi qaz gəlir. Nəticədə də ağac qırmağa ehtiyac qalmır. Vaxtilə oduna ehtiyac var idi, ona görə də dövlət meşələrin qırılmasına bəzən göz yumurdu. Ancaq indi meşələrin qırılmasına qətiyyən göz yummaq olmaz".

 

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top