Azərbaycanda "Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsi"nin yaradılması nə vəd edir? — AÇIQLAMA

GÜNDƏM 05 fev 2019, 14:49

“Şəbəkənin yaradılmasına dair Memorandumda məqsəd, vəzifələr, həyata keçiriləcək fəaliyyət istiqamətləri və üzvlərin iştirakçılılığının təmin olunması mexanizmləri öz əksini tapacaq”. 


Bunu Demokrat.Az-a açıqlamasında şəbəkənin yaradılması üzrə təşəbbüs qrupunun üzvü, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.


O bildirib ki, Azərbaycanda "Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsi"nin yaradılması təşəbbüsü bu ilin yanvarın 31-də Azərbaycanda fəaliyyət göstərən dövlət qurumları və araşdırma yönümlü vətəndaş cəmiyyəti təssisatlarının 20-dək nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə irəli sürülüb. 

 


R.İsgəndərlinin sözlərinə görə, “beyin mərkəzləri” (think tanks) adlanan təsisatların müasir dövrümüzdə əhəmiyyəti artmaqdadır və Azərbaycanda araşdırma yönümlü təşkilatların bu formatda bir araya toplanması müsbət haldır: 


“Bakıda təşkil edilən görüşdə hərbi-siyasi icmalçı - ekspert Ramil Məmmədlinin moderatorluğu ilə keçirilmiş müzakirələr zamanı beyin mərkəzləri arasında informasiya və təcrübə mübadiləsinin aparılması, eləcə də kommunikasiyanın qurulması üçün qeyri-formal şəbəkənin yaradılması təklifləri səslənmişdir”. 


R.İsgəndərli deyib ki, şəbəkə vasitəsilə periodik olaraq ekspertlər arasında görüşlər təşkil olunacaq, tədqiqatçılar və ekspertlər barədə onlayn məlumat bazası yaradılacaq, sosial şəbəkədə səhifənin və internetdə vebsyatın yaradılması, gənc mütəxxəssislər arasında araşdırma yazıları müsabiqələrinin keçirilməsi də təkliflər sırasındadır.

 
"Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsi"nin yaradılması üzrə təşəbbüs qrupunun üzvü, hərbi-siyasi icmalçı – ekspert Ramil Məmmədli isə Demokrat.Az-a açıqlamasında bildirib ki, Şəbəkənin yaradılmasına dair Memorandumun mətninin hazırlanması Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərliyə həvalə olunub:

 

 
"Dünyanın inkişaf etmiş ölkələrində “Beyin Mərkəzləri”nə yanaşma fərqlidir və dövlət qurumları bu mərkəzlərlə təmas şəklində fəaliyyətlərini genişləndirirlər. “Beyin Mərkəzləri” ciddi fikir, təhlil və təklif camiəsidir. Bu camiənin nümayəndələrinin bir şəbəkədə toplanması isə yalnız və yalnız Azərbaycanın dövlət maraqlarının xeyrinə olacaq".

 
R.Məmmədli bildirib ki, hazırda bu termin və format cəmiyyətə yad görünə bilər, lakin zaman keçdikcə “Beyin Mərkəzləri” ictimaiyyətdə qəbul olunacaq: 


“Şəbəkənin məqsədlərindən biri də təhlil və təklif bacarığı olan insanları bir araya toplayıb, dəstək verib və ictimaiyyətə təqdim etməkdir. Ümid edirəm ki, bu missiya reallaşacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top