“VTB Bank-Azərbaycan” 250 milyondan çox zərər edib — Göstəricilər AÇIQLANDI

İQTİSADİYYAT 01 fev 2019, 23:48
Artıq Azərbaycanda fəaliyyət göstərən bankların böyük əksəriyyəti 2018-ci ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıblar. Bankların çoxu ötən ili mənfəətlə başa vursa da, 3-4 bankın ili zərərlə tamamladığı məlum olub.

Demokrat.Az xəbər verir ki, ən çox mənfəət əldə edən bank Azərbaycan Beynəlxalq Bankıdır.

İlk beşliyə daxil olan digər banklar isə “Kapital Bank”, “PAŞA Bank”, “Xalq Bank”, “AFB Bank” olub.

Bununla yanaşı, banklar arasında ilin antirekordçusu da bəlli olub. Bu, “VTB Bank (Azərbaycan)”dır.
Bankın açıqladığı maliyyə hesabatı bir daha onu göstərir ki, “VTB Bank” 2018-ci ili 250 milyon 478 min manat xalis zərərlə başa vurub. Bu, Azərbaycandakı banklar arasında mənfi mənada ən yüksək göstəricidir. Zərərin miqdarına görə 2-ci yerdə qərarlaşan “Nikoyl Bank”ın xalis zərəri 135 milyon 200 min manat olub.
 

 

Onu da bildirək ki, “VTB Bank” 2017-ci ili 4 milyon 753 min manat xalis mənfəətlə başa vurmuşdu. Ancaq ötən il bankın xərcləri gəlirlərini əhəmiyyətli dərəcədə üstələyib, həmçinin bank, ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyata 218 milyon 800 min manat ayırmalı olub. 2018-ci ildə “VTB Bank”ın faiz gəlirləri 7 milyon 806 min manat, faiz xərcləri isə 8 milyon 614 min manat təşkil etdiyindən, 809 min manat xalis faiz zərəri əmələ gəlib.

Bank qeyri-faiz əməliyyatlarından isə əlavə 5 milyon 524 min manat zərər görüb. Bu da azmış kimi, “VTB Bank” 24 milyon 577 min manat inzibati və digər xərclər çəkib. Nəticədə “VTB Bank”ın 30 milyon 910 min manat əməliyyat zərəri yaranıb. Bunun üzərinə ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyata ayrılan 218 milyon 800 min manatı da gələndən sonra ortaya 250 milyon 478 min manatlıq zərər çıxıb. Ehtiyata bu qədər vəsaitin ayrılması bankın problemli kreditlərinin həddindən artıq çox olmasından xəbər verir.

Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə “VTB Bank”ın 32 milyon 552 min manat əməliyyat zərəri yaransa da, mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatdan ayrılan 39 milyon 919 min manatı azad olduğu üçün bank həmin ili 4 milyon 753 min manat xalis mənfəət əldə etmişdi. Göründüyü kimi, 2018-ci ildə bunun əksi baş verib və bank ili fantastik sayıla biləcək məbləğdə zərərlə başa vurmuş olub.

Xatırladaq ki, “VTB Bank” və “Nikoyl Bank” Rusiya banklarının Azərbaycanda fəaliyyət göstərən iki törəməsidir. Və hər ikisi ötən ili böyük ziyanla qapadıb.
Onu da vurğulayaq ki, “VTB Bank (Azərbaycan)” yaradılanda, onun səhmlərinin 49 faizinin “AtaHoldinq”ə aid olduğu elan edilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top