"Azərbaycanda ən azı 5 bank bağlanmalıdır" — XƏBƏRDARLIQ

İQTİSADİYYAT 01 fev 2019, 18:27

Bu gün Milli Məclisin iclasında deputat Vahid Əhmədov "Əmanətlərin tam sığortalanması haqqında” qanunun vaxtının uzadılmasını təklif edib. 


Qanun 2016-cı ildən tətbiq edilməyə başlandığını və müddətin bu ilin martında başa çatacağını xatırladan deputat deyib ki, əgər bu müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək.


Bəs bu proqnoz nə dərəcədə realdır?


Demokrat.Az xəbər verir ki, Bank üzrə ekspert Əkrəm Həsənov BakuPost-a açıqlamasında deyib ki, əgər əmanətlərin tam sığortalanması sistemi olmasa, əhalinin banklardakı əmanətlərinin sayı kəskin azala bilər: 


"Çünki insanlar banklarda pul saxlamağa qorxacaq. Digər tərəfdən isə bu gün bir neçə bankın vəziyyəti həqiqətən çox pisdir. Əgər həmin banklar bağlansa, banklardakı əmanətlərin qaytarılması üçün dövlətin üzərinə böyük yük düşə bilər.


Bank sektorunda reallıqda vəziyyətin necə olduğunu nə mən, nə Milli Məclisin üzvləri bilə bilməz. Yalnız maliyyə sisteminə rəhbərli edən qurumlar – Mərkəzi Bank, Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası bankların vəziyyətinin həqiqətdə necə olduğunu bilirlər. Hazırda banklar ötən il üzrə maliyyə hesabatlarını bir-bir dərc edirlər. Əksəriyyəti də elə təəssürat yaratmağa çalışırlar ki, vəziyyətləri pis deyil”.

Ekspert qeyd edib ki, bank sektorunda real vəziyyətin necə olduğunu bilən maliyyə qurumları hesablamalar aparırlar:


"Məsələn, düşünürlər ki, birincisi, tutaq ki, əmanətlərin tam sığortalanması müddətini uzatdıq. Amma ən azı 5 bank var ki, bağlanmalıdır və bu 5 bankı bağlayanda əmanətləri qaytarmaq lazımdır. Bu əmanətləri dövlət qaytaracaq və bu da dövlət büdcəsi üçün yük olur. Yaxud deyirlər ki, əmanətlərin sığortalanması müddətini artırmırıq, 5 bankı bağlayırıq, xeyli əmanətçinin pulu batır, nəticədə digər əmanətçilərin də xeyli hissəsi qaçıb digər banklardakı pullarını götürürlər. İndi maliyyə qurumları bu variantları müzakirə edirlər ki, bunlardan hansı onlara sərf edir. Burada dəqiq hesablama aparmaq lazımdır”.


Ə. Həsənov bildirib ki, əslində əmanətlərin tam sığortalanması sistemi sahibkarların və şirkətlərin hesabına aparılır: "Bunu da əslində mən kökündən düzgün saymıram. Məsələ ondadır ki, tutaq ki, hansısa bank bağlanıb, vətəndaşların 200 milyon manat əmanəti, sahibkarların və şirkətlərin isə 400 milyon manatı qalıb. Bu halda 200 milyon manatı Əmanətlərin Sığortalanması Fondu əmanətçilərə qaytarır. Axı əmanətlər tam sığortalanıb! Sonra isə Əmanətlərin Sığortalanması Fondu bankın daşınar, daşınmaz əmlakından, verdiyi kreditlərdən öz 200 milyonunu qaytarır. Yalnız ondan sonra nə isə qalırsa, sahibkarlara və şirkətlər verir. Deməli, son nəticədə biz nəyi görürük?

 

Картинки по запросу əkrəm həsənov


Sən demə, Azərbaycanda fiziki şəxslərin əmanətlərin tam sığortalanması əslində dövlətin deyil, sahibkarların hesabına aparılır. Bu, sahibkarlığa vurulan ciddi zərbədir. Biz bir tərəfdən deyirik ki, sahibkarlığı inkişaf etdirək, amma sahibkarlar bu gün banklarda pul saxlamağa qorxurlar. Çünki bilirlər ki, banklar bağlansa, fiziki şəxslərin pullarını onların hesabına qaytaracaqlar. Buna görə də mən hələ 2016-cı ildə əmanətlərin tam sığortalanması sistemi tətbiq ediləndə demişdim ki, bu, səhv addımdır. Amma indiki vəziyyətə artıq əhali əmanətlərin tam sığortalanmış olmasına öyrəşib”.


Ekspert əmanətlərin tam sığortalanması sisteminə keçəndən sonra banklarda əmanətlərin artmadığına da diqqət çəkib: 


"Sadəcə, əmanətlərin azalması bir qədər azaldı. Bu baxımdan indiki vəziyyətdə dövlət və sahibkarların maraqları baxımından bu sistemin olduğu kimi saxlanılmasını düzgün saymıram. Sadəcə, sığortalanmış əmanət məbləğini artırmaq olar. Əgər müddətini artırmasalar, 4 martdan sonra yalnız əmanətlərin 30 min həcmində hissəsi sığortalanmış olacaq. Bəlkə bu məbləği artırmaq olar, amma tam sığortalanma bütövlükdə özünü doğrultmur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top