"Gözləntimiz doğrulmadı" — Baş bankir

İQTİSADİYYAT 01 fev 2019, 17:59

"Azərbaycanda nağdsız hesablaşmaların payı tədricən artır". 


Demokrat.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bugünkü mətbuat konfransında deyib.


Onun sözlərinə görə, nağdsız hesablaşmaların payının müəyyən olunması məqsədilə bir neçə alətlərdən istifadə etmək olar.


"Bu alətlərdən biri ümumi pul kütləsində nağdsız hesablaşmaların payıdır. 2018-ci ildə ümumi pul kütləsində nağd pulların payı 60%-dən 52%-dək azalıb. Bu yaxşı göstəricidir. Digər göstərici ödəniş sistemimiz vasitəsilə nağdsız hesablaşmaların həcmidir. Ötən il bu rəqəm 274 mlrd. manat təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 32% çoxdur", - deyə o bildirib.


Baş bankir həmçinin qeyd edib ki, son illər ərzində ödəniş kartları ilə əməliyyatlarda nağdsız hesablaşmaların payı kifayət dərəcədə artıb.


"2018-ci ildə ödəniş kartları ilə əməliyyatların həcmi 16 mlrd. manat təşkil edib, bunun 2,8 mlrd. manatı nağdsız hesablaşmaların payına düşüb. Bu, əməliyyatların ümumi həcminin 17%-ni təşkil edir. 2017-ci ildə bu göstərici 10,2% təşkil edib, ötən illərdə isə uzun zaman ərzində 4%-dən çox olmayıb", - o vurğulayıb.


Yeni 200 manatlıq əskinazın dövriyyəyə daxil edilməsinə toxunan Mərkəzi Bankın sədri qeyd edib ki, hazırda ona tələbat gözləniləndən aşağıdır: 


"Bu günə ümumi dövriyyədə 200 manatlıq əskinasların payı 5% təşkil edir. Hazırda 2 mln. bu cür əskinas dövriyyədədir. Düzünü desəm, 200 manatlıq əskinasların ümumi nağd pul kütləsinin təxminən 10%-ni təşkil edəcəyini gözləyirdik. Lakin banklardan bizə sorğu daxil olmur, deməli, iqtisadiyyatda tələbat yoxdur".


Xatırladaq ki, 2018-ci il mayın sonunda 200 manatlıq əskinası dövriyyəyə buraxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top