"Gürcüstanla münasibətlərə yenidən baxılmalıdır" — Fəzail Ağamalı

GÜNDƏM 31 yan 2019, 17:59
Ana Vətən Partiyasının (AVP) sədri, Mİlli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycanın Gürcüstana satdığı qazın qiymətini qaldırması barədə yayılan xəbərlərə münasibət bildirib.

Demokrat.Az-ın xəbərinə görə, deputat "Ölkə.Az"a açıqlamasında deyib ki, bu addıma normal yanaşılmalıdır:

"Azərbaycanın Gürcüstana satdığı qazın qiymətini qaldırmasını müsbət yanaşıram. Gürcüstan və onun aparıcı simaları başa düşməlidirlər və qəbul etməlidirlər ki, onlar bir dövlət kimi ayaqda qalmalarına görə Azərbaycan dövlətinə, Ulu Öndər Heydər Əliyevə və prezident İlham Əliyevə minnətdar olmalıdırlar.
İndiyədək biz Gürcüstanla mehriban dostluq münasibətinə sadiqliyimizi nümayiş etdirmişik, ən çətin anlarında hər zaman gürcü xalqı ilə bərabər olmuşuq. Təbii ki, biz eyni münasibəti Gürcüstan iqtidarından və xalqından gözləyirik. Çox təəssüf ki, Gürcüstan ərazisində Azərbaycan torpaqlarının işğal olunmasında iştirak etmiş, vandalizmin və vəhşiliyin iştirakçısı olan bir qatilin büstü qoyulur, buna imkan yaradılır və dövlət səviyyəsində bu addıma göz yumulur. Təəssüflər olsun ki, azərbaycanlılardan savayı bu addımı Gürcüstan xalqından, iqtidarından və cəmiyyətindən heç bir etiraz bildirilmədi. Mən bundan çox təəssüflənirəm. Axı necə olur ki, Gürcüstan iqtidarının bu büstün qoyulmasından xəbəri olmur? O zaman belə çıxır ki, büst qoyulan əraziyə Gürcüstan hakimiyyəti nəzarət edə bilmir və ermənilər istədikləri edə bilirlər və sairə. Belə bir təsəvvürün yaranması belə kifayət qədər düşündürücüdür".

F.Ağamalı qeyd edib ki, Gürcüstana satılan qazın qiyməti SOCAR-ın daxili işidir:

"Mən dəqiq bilmirəm ki, Gürcüstana satılan qazın qiyməti hansı səbəblərdən qaldırılıb. Ola bilsin ki, bunu SOCAR kommersiya maraqları və ya yaranan əlavə xərclərlə əsaslandırır. Ancaq ortada bir həqiqət var ki, Gürcüstanın iqtidar və müxalifət nümayəndələri, cəmiyyətin ayrı-ayrı şəxsləri tərəfindən bu büstün qoyulmasına etiraz edilmədi. Bu məsələ ilə bağlı konkret addımlar atılmadı. Yalnız Gürcüstanın Xarici İşlər Nazirliyi belə bir bəyanat yaydı ki, bu məsələ Azərbaycan tərəfilə müzakirə olunub. Axı niyə müzakirə olunmalıdır? Bu məntiqlə Azərbaycan da gürcülərə divan tutan, onları qətlə yetirən adamların öz ərazisində heykəllərinin qoyulmasına icazə versin. O zaman Gürcüstan tərəfi bunu normal qəbul edə bilərmi? Bütün bu səbəblərə görə hesab edirəm ki, Azərbaycan Gürcüstanla münasibətlərə yenidən baxmalıdır. Əgər onların bu və ya buna bənzər ikiüzlü siyasətləri varsa, buna qarşı adekvat addımlar atılmalıdır. Bu bir millət vəkili olaraq mənim mövqeyimdir".  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top