Hakimiyyət "elçisi" birdən-birə necə "Orduxançı" oldu? - FOTOLAR

TƏHLİL 15 yan 2019, 11:51

2018-ci ilin siyasi Azərbaycan üçün uğurla sona çatması yeni ildə istər daxildə, istərsə də xaricdə nailiyyətlərimizin daha çox olacağından xəbər verir. İlham Əliyevin apardığı məntiqli və məqsədyönlü siyasət ölkəmizin iqtisadi inkişafının illərdir davam etməsi ilə şərtlənmişdir. 


Regionun lider ölkəsi olmaqla bərabər postsovet məkanında iqtisadi artım tempinə görə də ilk yerlərdən birini tutan ölkəmizə qarşı gözügötürməməzliklə hər cür qarayaxma kampaniyası həyata keçirilir. Gənclərimizin elmə və təhsilə yiyələnməsi, idmançılarımızın beynəlxalq yarışlarda uğurları, nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi bədxah qonşularımızın siyasi məğlubiyyətinin yaxınlaşmasını göstərir. Əslində 2018-ci ildə qazandığımız uğurlar onu deməyə əsas verir ki, biz eyni templə bu ili də başa vuracağıq və yəqin ki, yaxın gələcəkdə Qarabağ problemində də əməli addımların şahidi olacağıq.


Ulu öndər, Azərbaycan dövlətini xilas edən Heydər Əliyevin siyasi xəttinin davam etməsi isə onu göstərir ki, ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Bu cür inkişaf modeli olan Azərbaycan Respublikasının günü-gündən çiçəklənməsi yuxarıda qeyd etdiyimiz kimi təbii olaraq bizi istəməyən qüvvələrin narahatçılığına səbəb olur. Onlar isə öz düşmənliklərini xəyanətkar şəkildə nümayiş etdirməkdən çəkinmirlər. Bu zaman isə Azərbaycanın daxilində olan və araqarışdırmaq istəyən qüvvələrdən, eyni zamanda Avropa və Amerikadakı havadarlarından istifadə etməyə çalışırlar. Yaxın keçmişimizdə Dövlət Təhlükəsizlik Orqanlarında baş verənləri xatırlamaq dediklərimizə əyani sübutdur. Həmin kriminal qrupun bir anda uğurla zərərsizləşdirilməsi nə qədər bizi sevindirsə də, düşmənlərimizi ən azı o qədər məyus etdi. 


Son dövrlərdə isə Mehman Hüseynov kartından yararlanmaq istəyən həmin qüvvələr Avropa Parlamentində siyasi qərarların qəbul edilməsi və ABŞ Dövlət Departamentinin sanksiya çağırışları vasitəsilə ölkəmizi təhdit etmək istəyirlər. Təbii ki, Azərbaycan siyasi hakimiyyətinin ardıcıl və məntiqli gedişləri düşmənlərimizin bu arzularını da ürəyində qoyacaq. 


Məsələnin ən ağrılı tərəfi isə odur ki, Azərbaycana qarşı həyata keçirilən bu çirkin kampaniyalarda Avropada yaşayan vətəndaşlarımızdan və düşmənlərimizin vasitəsilə yaradılan təşkilatlardan istifadə olunur. Həmin təşkilatlar və insanların bir çoxu hal-hazırda Avropaya səpələnərək küçələrdə “vətənsevərlik” nəğmələri oxuyurlar. Bu nəğmələrin də başında demokratiya, ifadə azadlığı, insan haqları, azlıqların hüquqları, siyasi məhbus nağılları dayanmadan söylənilir. Ermənipərəst qüvvələrdən dəstək alan Orduxan, Tural, Məhəmməd kimi “patriotlar” elə bu günlərdə özlərinin kim olduqlarını bütün Azərbaycan xalqına və dünyaya göstərdilər və məlum oldu ki, bu insanların məqsədi sadəcə pul qazanmaqdır. Çox təəssüf edirəm ki, bu vətən xainlərinə yenə də özləri kimi “demokratlar” qoşulmağa davam edirlər. 


Bizə məlum olan “AND” adlı populizm mərkəzinə, Müsavat Partiyasının “AKM” adlı siyasi oyunbazlıq mərkəzinə bu gün DAS adlı boşboğaz bir qrup da qoşulmuşdur. Özü də sonuncu yığım məhz Avropanın mərkəzi Berlində yaradılmışdır ki, Azərbaycan Səfirliyi qarşısında təşkil olunan siyasi oyunlara dəstək versinlər. Nümunə kimi bu DAS yığıntısının “baş qəhrəmanlarından” birini sizə göstərmək istəyirəm ki, bunların əsl mahiyyəti haqqında xəbəriniz olsun. 


Natiq Həziquliyev Azərbaycanda media sahəsində çalışmış və ideya, mövqe və s. gözləmədən hər cür işə dəstək vermişdir. Birdən-birə necə oldusa Almaniyada peyda olan Natiq bir anda facebook qəhrəmanına çevrildi və Azərbaycan Səfirliyinin önündəki mitinqlərdə baş rol almağa başladı. Azərbayanın prezidentinə, nüfuzlu dövlət adamlarına qarşı məsuliyyətsiz çıxışlar etməkdə davam edir və guya Mehman Hüseynova dəstək verirmiş kimi özünü göstərir. Bu cür adamlar əslində cəmiyyətə çatdırılmalı və millətinin, dövlətinin maraqlarını hər şeyə satdıqlarına görə ictimai qınağa çəkilməlidirlər. Yəni, təsəvvür edin ki, Natiq Həziquliyev kimi “demokrat patriotlar” üç gündən bir Berlində Azərbaycan Səfirliyinin qarşısında 5-6 nəfərlə vətənşüvənlik salırsa, deməli Azərbaycan və beynəlxalq qanunlar çərçivəsində bu kimi adamların cəzalandırılması üçün onların deportasiyasını təşkil etmək lazımdır. Necə ki, Hüseyn Avdullayev bu gün həmin qaydada öz cəzasını almışdır. 


Düşünürəm ki, Natiq kimi hərəkətlərinin mahiyyətini bilməyən və vətənə qarşı xain mövqedə dayanan insanlar cinayət məsuliyyətinə cəlb edilməklə yanaşı həm də ictimai qınağa çəkilməlidir. Onlara bilməlidirlər ki, nə qədər Almaniyada gizli qrupların sifarişlərini yerinə yetirsə də, həqiqət hər şeyi aşkara çıxarır. Sadəcə bu insanlar anlamırlar ki, etdikləri hərkətlər vətən maraqlarını qurban vermək anlamına gəlir. Bunun isə cəzası çox ağırdır. O cəza təkcə qanun qarşısında cavab verməkdən ibarət deyil, həm də milyonlarla insanın nifrətinə tuş gəlməkdən ibarətdir.


Arif Cavadlı


P.S. Müəllifin mövqeyi ilə redaksiyanın mövqeyi eyni ola bilməz! 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top