"Mehriban Əliyevanın insanların işlə təmin edilməsi barədə "Azərenerji" ASC-yə göstəriş verməsi çox əhəmiyyətlidir" - Ekspert

SOSİAL 27 yan 2019, 12:56
"Birinci vitse-prezident Mehriban Əliyevanın işdən ixtisar olunan əməkdaşların işlə təmin edilməsi ilə bağlı "Azərenerji" ASC-yə göstəriş verməsi yeni struktur islahatlarının mühüm bir xüsusiyyətini göstərmək baxımından əhəmiyyətlidir".

Demokrat.Az bildirir ki, bunu Trend-ə "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, indiki struktur islahatlarının əsas xüsusiyyətlərindən biri onun təkcə idarəçilik məsələsi yox, həm də sosial məsələ kimi təzahür etməsidir:

"Struktur islahatları bəzi qurumların ləğvi və ya hüquqi statusunun dəyişdirilməsi ilə müşayiət olunduğu üçün iş yerlərinin qismən məhdudlaşması və az sayda insanın müvəqqəti işsiz qalması mümkün haldır. Lakin bu kateqoriyadan olan insanların başqa mənbələr hesabına dərhal işlə təminatı struktur islahatlarına həm də sosial-humanitar məzmun verməklə onu bütövləşdirir. Struktur islahatlarının həm də məhz sosial-humanitar xarakter daşıması bu prosesə cəmiyyətin dəstəyini və etimadını təmin edən ən təsirli faktordur. Söz yox ki, struktur islahatlarının əsas məqsədi idarəçiliyin effektivliyini artırmaq və mümkün qədər az məsrəflərlə nisbətən daha çox nəticə əldə etməkdir. İstənilən ölkənin təcrübəsindən məlumdur ki, bu məqsədə bir an içində nail olunmur və nəticələr hansısa zaman intervalında nəzərdə tutulur".

Ekspert bildirib ki, bu interval çərçivəsində isə insanların islahatlara böyük etimadının təmin edilməsində islahatlatın sosial və humanitar xarakteri həlledici rol oynayır:

"Əgər insanlar islahatlarla paralel iş yerlərini itirsələr, təbii ki, islahatlara o qədər də etimad etməzlər. Əksinə, islahatlarla paralel insanların məşğulluğuna ziyan dəyməsə, cəmiyyətin islahatlara dəstəyi daha da artar. Bu nöqteyi-nəzərdən Birinci vitse-prezident Mehriban Əliyevanın "Azərenerji" ASC-yə verdiyi tapşırıq Prezident İlham Əliyevin başlatdığı struktur islahatlarının tərkib hissəsi və davamıdır, islahatların uzunömürlülüyünə və uğurla davam etdirilməsinə təminatı artırır. Şübhə yoxdur ki, gələcəkdə də islahatlar nəticəsində işini itirmiş insanların müvafiq işlə təmin olunması davam etdiriləcək və bununla da cəmiyyətin islahatlara inamı artacaq".

Baş redaktor bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında Prezident İlham Əliyevin bu istiqamətdə cəmiyyətə verdiyi açıq mesajların böyük əhəmiyyətini qeyd edib:

"Cənab Prezident islahatlara ictimai inam və etimadın uğurlar üçün misilsiz şərt olduğunu nəzərdə tutaraq islahatların ixtisarlara gətirib çıxarmaması və hər kəsin işlə təmin olunması barədə qəti tapşırıq verdiyini bildirdi. Bütün bunlar islahatlar prosesində məmur məsuliyyətinin artırılması üçün də əhəmiyyətlidir. Beləliklə, cənab Prezidentin struktur iskahatları praktikada belə bir konseptual xarakter alır: struktur islahatları ilə idarəçiliyin səmərəliliyini artırmaq, bütün hallarda insanların əmək hüquqlarının təmin edilməsini gücləndirmək və rifahının yüksəlməsini davam etdirmək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top