"Mübariz İbrahimovun təhqir olunmasına görə məhkəməyə yalnız ailəsi üz tuta bilər" — Hüquqşünas

GÜNDƏM 26 yan 2019, 18:22

Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadə idmançı Araz Musayev tərəfindən Xətai rayon məhkəməsinə verilərək, məhkəmədən onun 147-ci maddə ilə məsuliyyətə cəlb olunması tələb edilsə də, iddia təmin edilməyib. Vəkil məhkəmədən N.Şahmarzadənin 3 il müddətinə azadlıqdan məhum edilməsini və Azərbaycan xalqından üzr istəməsini tələb edib. 

 

Məsələylə bağlı Moderator.az-a açıqlamasında hüquqşunas Ələsgər Məmmədli məhkəmənin iddianı təmin etməməsini əsaslandıraraq bildirib ki, şəxsi şərəf və ləyaqətə görə ya özü, ya da yaxınları müdafiə edə bilər:

 

“Media hüququ ilə məşğul olduğum üçün informasiya, böhtan və təhqirə görə şəxsi mənafelərini şəxs özü qaldıra bilər. Bu xüsusi ittiham qaydasında olan məsələdir. Üçüncü şəxslərin bir şəxsin hüquq və azadlıqlarını müdafiə etməsi üçün birinci şəxs tərəfindən onlara etibarnamə verilməyibsə, məhkəmədə iddia qaldırıla bilməz. M.İbrahimov şəhid olduğu üçün təhqirə görə onun ailəsi məhkəməyə müraciət edə bilər. Kənar şəxslərin iddiasını məhkəmə qəbul etməməlidir. Məhkəmənin bu cür qərar verməsi Azərbaycan qanunvericiliyinin tələbidir. Çünki qanunvericiliyinin 147 və 148-ci maddələrində cinayət işi xüsusi ittiham qaydasında olur, yəni prokurorluq tərəfindən açılan bir məsələ deyil. 

 

M.İbrahimovun şəhid olması onun vətən uğurunda apardığı mübarizənin nəticəsidir. Şəxsi həyat isə şəxsin özünə aid məsələdir. Ümumi şəkildə əgər Azərbaycanda şəhidlər təhqir olunsaydı və yaxud şəhidləri sistemli şəkildə gözdən salmağa çalışsaydılar, ola bilər ki, milli-mənəvi dəyərlər aspektindən hansısa formada mübahisə edilə bilərdi. Ancaq söhbət bir şəxsdən gedirsə, şəxsin nüfuzunu ya özü, ya da ailəsi qorumalıdır”.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top