"Afət Fərmanqızı yaltaqlanmaq üçün Nəsiminin qəzəllərinə mahnı bəstələyib ifa edir" — Professordan ETİRAZ

GÜNDƏM 25 yan 2019, 18:59
Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadə müğənni Afət Fərmanqızının dahi şair İmadəddin Nəsiminin qəzəlinə “Pəncu Şeş” adlı mahnı ifa etməsinə sərt şəkildə etirazını bildirib.

Demokrat.Az xəbər verir ki, professor "Ölkə.Az"-a açıqlamasında deyib ki, bu cür ifalar İmadəddin Nəsiminin irsinə hörmətsizlikdir:

"Mən Afət Fərmanqızını nə bəstəkar, nə də müğənni kimi tanımıram. Ümumiyyətlə, mən ona bildirirəm ki, Nəsimiyə toxunmasın. Nəsimi onluq deyil. Çünki İmadəddin Nəsimi Azərbaycan və Şərq ədəbiyyatında elə görkəmli şəxsdir ki, nə Məhəmməd Füzuli, nə də Nəvahi onunla müqayisə oluna bilməz. İmadəddin Nəsimi coşqun və cəngavər fikir adamıdır. İmadəddin Nəsimi mahnı üçün deyil. Nəsimi böyük fəlsəfi poeziyanın nümayəndəsidir, o qeyri-adi şairdir. İndi belə bir dahi adamın qəzəlinə götürüb mahnı bəstələmək hörmıtsizlikdir. Mən çox istərdim ki, Afət Fərmanqızı Nəsiminin qəzəlini oxuyub dərk edəydi. Mən qəti inanmıram ki, hansısa müğənni İmadəddin Nəsiminin qəzəllərini başa düşsün. Nəsiminin poeziyasına mahnıları yalnız Qara Qarayev kimi dahi bəstəkarlar yaza bilərlər. Daha hər yerindən duran İmadəddin Nəsimi və onun qəzəlləri haqqında mahnı oxuya bilməz".
 

 

N.Şəmsizadə qeyd edib ki, İmadəddin Nəsiminin qəzəllərinə mahnı bəstələyən və ifa edən adamlar onun həyat və yaradıcılığını qəti dərk etmirlər:

"Çox təəssüf ki, bu gün televiziya məkanımızda bu cür axsaq yabılar "poeziya və musiqi sənəti" adı ilə yeriyə bilirlər. 
Bilirsiniz, bizdə bir sıra müğənnilər var ki, onların mahnıları yaltaqlıq üzərində qurulub. Belə müğənnilərdən biri də İmadəddin Nəsiminin qəzəlini mahnıya çevirən bu xanımdır. Sağ olsun ki, Prezident İlham Əliyev 2019-cu ili "Nəsimi ili" elan edib. Bu çox gözəl qərardır. Ölkə başçısı bu ili ona görə "Nəsimi ili" elan edib ki, bu cür müğənnilərin qabağı alınsın, İmadəddin Nəsiminin həyat və yaradıcılığı dünyaya tanıdılsın və sairə. İndi bəzi müğənnilər də yaltaqlanmaq üçün Nəsiminin qəzəllərinə mahnı bəstələyirlər, ifa edirlər. Bu cür müğənnilər belə şanslardan özləri üçün sui-istifadə edərək fəxri adlar almaq istəyirlər. Ancaq bu cür hiylələr Nəsimi məsələsində keçməz. Mənim onlara tövsiyəm odur ki, ayrı yol tutsunlar. Cənab Prezident Nəsiminin ümumdünya şöhrətini qorumaq üçün bu ili "Nəsimi ili" elan edib. Yaltaq şou adamları da bunu anlasınlar".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top