"Boşanmış qadın başqasını sevə bilər" - Komitə sədrinin müavini

SOSİAL 23 yan 2019, 20:45
"Azərbaycanda qadınlar qarşısına məqsəd qoyur ki, mütləq ərə getməlidirlər".

Demokrat.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.

S.Qəhrəmanova deyib ki, qadınlar “ailə qurum”, kişi mənə arxa dursun” düşüncəsindən uzaqlaşmalıdır:

"Biz bu gün təəccüblənirik ki, niyə nikah yaşı artır. Kənd yerində boşanan qadın müəyyən problemlər, zorakılıq, təzyiqlərə məruz qalır. Nəticədə kəndi tərk edib, Bakıda başqası ilə rastlaşır və qeyri rəsmi uşaq dünyaya gətirir. Onunla münasibət alınmır. Sonra yenə başqası ilə ailə qurur, ondan da uşaq dünyaya gətirir. Həmin xanıma sual verirəm ki, sən qarşına ərə getmək məqsədi qoymusan, ya o uşaqları böyütmək? Qadınlar “ailə qurum, bir kişi mənə arxa dursun” düşüncəsindən uzaqlaşmalıyıq. Qadınlar qarşısına məqsəd qoyur ki, mütləq ərə gedim. Ərə getmək xatirinə ərə gedəndə də ailənin davamlılığı möhkəmliyi olmur".

Sədr müavini qeyd edib ki, qadınlar düşünərək ailə həyatı qurmalıdır:
 
“Həm də karyera üzərində düşünmək lazımdır. 30 yaşında və ya 35 yaşında ərə gedəcəksə problem deyil. Mən 34 yaşında ailə həyatı qurmuşam və dörd uşağım var. Hər şey də yaxşıdır".
 
Sədr müavini həmçinin vurğulayıb ki, boşanmış qadın başqasını sevə bilər:

"Azərbaycanda boşanmış kişilərin keçmiş həyat yoldaşlarına qarşı zorakılıq göstərməsi ilə bağlı faktlarla çox qarşılaşırıq. Kişi qadından boşanıbsa, artıq onun üzərində heç bir hüququ yoxdur. Kişinin hüququ yalnız uşaqları üzərindədir. Boşanmış qadın başqasını sevə bilər və yenidən ailə həyatı qura bilər. Bu, onun hüququdur. Keçmiş həyat yoldaşının ixtiyarı yoxdur ki, boşanmış arvadının ailə qurmasına mane olsun, onu öldürsün. Təəssüf edirik ki, Azərbaycanda boşanmış kişilərin keçmiş həyat yoldaşları üzərində təzyiqləri, onların yenidən ailə qurmasına mane olması və zorakılıq göstərməsi ilə bağlı faktlarla rastlaşırıq. Problemin həlli üçün bu istiqamətdə maarifləndirici işlər artırılmalıdır. Burada medianın da üzərinə böyük öhdəlik düşür. Bu istiqamətdə maarifləndirici işlər görülməlidir və həmin insanların düşüncələrinə təsir edilməlidir".

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top