Şimaldan gələn "Fatmanisə qasırğası", yoxsa 2 günlük tətil - Vüsalə Balayeva YAZIR

TƏHLİL 22 yan 2019, 22:07
Elə yazını yazmağa başlayanda ilk ağlıma qasırğa gəldi. Bu da elə-belə deyil ha. Axı deyirdilər qasırğa bizi vuracaq, aləm uçacaq. Bunu da deyəndə Amerikada qasırğalara qoyulan adlar yadıma düşdü. Viktoriya, İrma, Katrina. Hə, düşündüm görən bizdə niyə qasırğalara ad vermirlər: Fatmanisə, Xəzangül, Bəyimxanım. Tez qeyd etdim ki, yadımdan çıxmasın “xod tapsam” Milli Məclisə təklif edim ki, növbəti plenar iclasda bunu müzakirə etsinlər. Axı arada müzakirəyə mövzü qıtlığı olur.

Çox uzatmadan keçim əsas mətləbə, yoxsa qınayarsız məni. Deməli, 16-ı elan olundu ki, Bakıya şimal tərəfdən qasırğa gəlir. Bununla da yanvarın 17-18–i tədris ocaqlarımız bağlanacaq, dərs olmayacaq. Pah, elə bil bu qərarla şəhərin canına vəlvələ düşdü. Başladılar nazirliyi hoydu-hoyduya qoymağa. Müzakirələr başladı, nə başladı. Maşallah, saytlarda, sosial şəbəkələrdə başlandı cürbəcür mülahizələr. Uca millətim yenə də narazıdı. Bu qasırğa hərlənib-fırlanıb özünü şəhərə yetirənə qədər, ondan qabaq söz- söhbət şəhəri başına götürmüşdüı.

Hələ o telefonlardakı xalanın səsi adamı daha da vahiməyə salırdı. Aynurəyə məxfi xəbərdarlıq edirdi ki, bəs qərbdən bizə tərəf ağıllı virus gəlir, özü də deyirlər tapşırıqlıdır. Ona deyiblər ki, balacalara toxun ha, böyüklərlə işin olmasın. Qapazı qoyarlar başına, qalarsan altında. Sağ olsun Aynurə də bu xəbəri “ves” Bakıya yaydı. Vallah, bilmirəm məndən inciyəcəksiz, ya yox, amma bu məsələni eşidəndə Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” yadıma düşdü.

İndi əyri oturaq, düz danışaq. Bəyəm cənab nazir səhv etdi ki, həmin bu iki gündə dərsləri ləğv etdi? İndi gəlin düşünək o damı uçan məktəblərdə dərs olsaydı, ən azından 20-30 şagird xəsarət alacaqdı. İkincisi Ceyhun Bayramov bu əmri ilə təkcə şagirdləri qorumadı, həm də bir növ dövlət müəssisələrini tikən, təmir edən şirkətlərin yiyələrini məsuliyyətdən, zindandan qorudu. Onların halına acıdı.

Bəs ay əziz tenderdə qalib gələn qohumlar, bibilər, yeznəsinin kürəkənləri, siz bilmirsiz ki, Bakı küləklər şəhəridir? Yox, günah sizdə deyil, sizə iş verənlərdə də, burda bir günahkar var, oda "prorab"dı. Damı vuranda mıx göndərmək yadından çıxıb.

Mən demirəm ki, bu tətilllə təhsilimizdəki N saydakı çatışmazlıqlar həll olundu, əlbəttə, yox. Amma 2 günlik tətillə, bəlkə də 3 günlük matəmin qarşısı alındı. Nə bilmək olar.

Ümumilikdə son zamanlar Təhsil Nazirliyi keçilməz qala funksiyasını alıb. Cənab Cəsarət Valehov həzrətləri nazirlə jurnalistlər arasında körpü salmaqdansa, divar hörməyi üstün tutur. Branderburq divarı da söküldü.
Deyəsən Cəsarət müəllim nazirlikdə işləyəndən məmurluq iddiasına düşüb. Deyir, samanlıqda iynə tapmaq daha asan olardı, nəinki Allah etməmiş nazirliyə sualın - zadın olsa yoldaş Valehovu. Bu həmin o Valehovdu ki, çox yox 5-6 il bundan əvvəl televizordan bar- bar bağıraraq Bayram Hüseynzadəyə necə işləməli olduğunu öyrədirdi.
Mətbuat katibi o demək deyil ki, işi düşəndə jurnalistləri axtarsın, mətbuat katibi o deməkdir ki, hər zaman onların gözünün önündə olsun. Nə deyək bir az sadə olun cənab katib. Siz özünüzdə bir zamanlar adi, sıravi jurnalist olmusuz. Siz o sıralarda olmasaydınız, yəqin ki, indiki durduğunuz mərtəbədə olmazdınız. Arada bu barədə də düşünün.

Yazının bu yerində tətilin sərfəli tərəflərinən birini də tapmışam deyəsən axı. Arximed kimi Evrika- Evrika deyib məndə bir kəşfə imza atım. Süpürgə pulunun, fond pulunun ən şıdırğı vaxtında bu tətil deyəsən məktəb direktorlarının qanını lap qaraltdı, pullar gecikdi. Deyirəm bu valideynlərin bəxti yenə gətirdi, 4 ayaqları üstünə düşdülər. 2 gün də qənimətdi, 2+2 eləyir 4.

Gələk əsas mətləbə, bu tətil uşaqları proqramdan 2 gün geri saldı. İndiki təhsil proqramı ilə baxsaq, burda itirən elə uşaqlar oldu. İndidən qaragünlüklərini geyinib oturublar, bizdən fərqli olaraq onlar başlarına gələcəklərini bilirlər axı. Elə ki zəng vurulub məktəbin qapıları üzlərinə açılacaq , vur-çatdasın bax onda başlayacaq.

Əziz müəllimlər 2 qat artığına uşaqları yükləyib salacaqlar onları çantaları kimi ağır yükün altına. İndi gəldə bu yükün altından çıx. Gəl indi çək çəkəcəyin yükün ağırlığını. Yenə də ümid göydəki gözəgörünməzədir.

Əsas baxın görün bu qasırğa sizi nə qədər uzaqlara apardı, gerisi düzələr...
 
Vüsalə Balayeva

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top