“Onlar 20 Yanvar faciəsinin qarşısını ala bilərdilər” — Etibar Məmmədov

MÜSAHİBƏ 19 yan 2019, 20:01

Sabah 20 Yanvar faciəsinin 29-cu ildönümüdür. 20 Yanvar həm də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində bir qəhrəmanlıq səhifəsidir. 

 

Milli Azadlıq Hərəkatının liderlərindən biri olmuş Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədov BakuPost.az-a müsahibəsində deyir ki, 20 Yanvar Azərbaycan tarixində dönüş nöqtəsi olub...

 

- Etibar bəy, 29 il əvvəl baş vermiş 20 Yanvar faciəsi barədə insanlarda hələ də müəyyən saullar qalmaqdadır. Baş verən hadisə hadisə ilə bağlı nələr yadınızda qalıb, əslində, nə baş vermişdi? 

 

- 20 Yanvar Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Milli Azadlıq Hərəkatının qarşısını almaq, boğmaq üçün SSRİ imperiyasının rəhbərliyi Azərbaycan xalqını cəzalandırmağı qərara aldı. Ona görə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritdi və dinc insanlara divan tutdu, Bakının müqavimətini qırmağa çalışdı. Bakını işğal etdilər, ancaq milli ruhu işğal edə bilmədilər.  Azərbaycan xalqı həmin gün öz müqaviməti, qəhrəmanlığı ilə müstəqilliyə doğru fikrini qətiləşdirdi, müstəqilliyinə nail oldu.    

 

- Belə fikirlər də səslənir ki, 20 Yanvar faciəsi baş verməyə də bilərdi. Milli Azadlıq Hərəkatına rəhbərlik edən insanlar faciənin baş verməməsi üçün müəyyən addımlar ata bilərdilərmi? 

 

- Sonrakı dövrdə çoxlu qərəzli yanaşmalar, böhtanlar olub. Bunlar həmin Hərəkatda iştirak edənlərin, şəhidlərin ruhuna, Hərəkatda iştirak edən insanların əməyinə, zəhmətinə  hörmətsizlikdir. Bütün xalqların tarixində belə hadisələr, günlər olur. Azadlığa çıxmaq istəyən xalqlar həmin Hərəkata qoşulanda təzyiqləri, ölüm-itimi, itkiləri də gözə alır. Ona gərə Azərbaycan xalqının müstəqillik istəyinin faciə ilə nəticələnməsi nə Hərəkatda iştirak edənlərin, nə də Hərəkata rəhbərlik edənlərin günahıdır. Bu, Azərbaycan xalqına divan tutmaq istəyənlərin günahı, cinayətidir. Dünya tərəfindən də bunun cinayət olduğu qəbul edilib. Bakıya qoşun yeridilməsi o dövrdəki  mövcud qanunlara da zidd idi. Bunun qarşısını almaq da Hərəkat rəhbərlərinin imkanlında olan bir məsələ deyildi. Bunun qarşısını almağa yalnız o dövrdəki Azərbaycan Kommunist Partiyasının rəhbərliyindəki insanların imkanı vardı. Onlar ciddi qərarlar qəbul etmək iqtidarında, qətiyyətində olsaydılar, bu faciənin qarşısını ala, miqyasını bir qədər azalda bilərdilər. Ancaq onlar qətiyyətsizlik göstərdilər, müqavimət göstərmək fikrində də olmadılar. Ona görə də bu hadisə baş verdi. Bu hadisə tək Azərbaycanda baş verməyib. Bakıdan qabaq belə hadisə  Qazaxıstanda, Tbilisidə baş vermişdi.  Bakıdan sonra Vilnüsdə belə hadisə törədildi. Bu, dağılmaqda olan imperiyanın öz əyalətlərini cəzalandırmaq yolu, müstəqillik hərəkatının qarşısını almaq cəhdi idi. Ona görə də "nə etmək olardı, nə etmək olmazdı” müzakirələri çox qərəzli şəkildə aparılır.   

 

-  Ancaq Qazaxıstanda, Gürcüstanda, Azərbaycanda, Baltikyanı ölkələrində bu cinayəti tərədən imperiya rəhbərləri cinayət məsuliyyətindən kənarda qaldı. Niyə beynəlxalq aləm, demokratik, insan hüquqlarının qorunmasını prioritet sayan  Qərb Mixail Qorbaçovun törətdiyi cinayətlərə görə cəzalandırılması yolunu seçmədi, hətta Nobel mükafatı da verdilər? 

 

- Bu, böyük dünya siyasəti idi. SSRİ-nin dağılması planlaşdırılırdı, amma tam dağılması planlaşdırılmırdı. Qərb dövlətlərinin planına əsasən yalnız Baltikyanı dövlətlərə müstəqillik verilməli, qalan hissədə isə Qorbaçov yenidənqurma ilə məşğul olmalı idi. Ancaq SSRİ imperiyasının qalan hissələrində də müstəqillik hərəkatları baş verdi. Bu Hərəkatların içərisində də Azərbaycan Milli Azadlıq Hərəkatı birinci yerdə gedirdi. Qərb dövlətləri özlərinin etiraf etdiyi kimi, buna özləri hazır deyildilər. Ona görə də Qorbaçovu  müdafiə edirdilər ki, imperiyanı qoruyub saxlaya bilsin. Ancaq Qorbaçov da imperiyanı qoruyub saxlaya bilmədi. Onlar da bununla barışmağa məcbur oldular. Digər tərəfdən, Azərbaycanda baş verən hadisənin günahkarlarının cəzalandırılması ilk növbədə Azərbaycanın hakimiyyətində olan qüvvələrin qətiyyətli hərəkətindən asılı idi. Ancaq təəssüf ki, bu müddət ərzində nə qədər gülməli olsa da, başlanan cinayət işinin istintaqını da başa çatdırmayıblar.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top