"Dərhal həmin adamı şərləməyə qalxırlar" – Professor

GÜNDƏM 15 yan 2019, 22:40
Təsəvvür edin, dövlət vəsaitini faydasız işlərə xərcləyib elmin inkişafına mane olan alimi-kəbirlər öz amplualarındadırlar. Humanitar elmlər üzrə plagi-ideoloq taktikanı elə seçib ki, onlara dəyib-toxunan olmasın:
 
"Tapşırıq yuxarıdandır, səsinizi çıxarmayın! Dəstəmizin çirkin əməllərinə qarşı bir söz deyərsinizsə, sizi "sabitliyi pozanlar" adlandırıb başınıza oyun açarıq!"

"Alim-ziyalı" qılafında gizlənən qeyri-sabitlik aşiqlərinin şüarları belədir: "Narazılıq nə qədər çox olarsa, bir o qədər xeyirdir". Yəni həmin "zatlar" xaotik şəraitdə yuxarı instansiyaya daha çox təsir etmək imkanı qazanırlar, xalqla rəhbər arasında kəskin sədd yaratmaqla əsl "mövqe" sahibinə çevrilirlər. Deməli, bu "mövqe sahiblərinin" pis niyyətlərinin qarşısını vaxtında almaq üçün xalq ayıq-sayıq olmalı, belə zatların pis niyyətlərinin reallaşmasına imkan verməməlidir.

Büdcə təşkilatı olan Dilçilik İnstitutunda gurultulu kitab təqdimatlarının elmiliyinə inanmaq artıq xülyadır. İnanın ki, bu dəfə nə milləti, nə də rəhbəri aldatmaq olacaq. Bu qədər də ağ etmək olmaz axı! Geniş və çoxmənzilli evləriniz, eyvanlarınız, biznes şəbəkələriniz, əlavə mülkləriniz, iri-iri adlarınız, titullarınız, vəzifələriniz var. Bəs niyə xəyanətiniz var, amma məsuliyyətiniz yoxdur?!

Utanmırsınız?! Yəni alim vicdanınız bu qədər susub?! Bəs vətəndaşlıq ləyaqəti necə?! Aldatmağı normaya, elm müəssisəsini möhtəkirlik yuvasına çevirmisiniz! Bir dənə də faydalı iş ortaya qoya bilmirsiniz! Ən yaxşı halda, başqasınının əsərinin üzünü köçürüb "təqdimat şənlikləri" keçirirsiniz. Heç xəcalət çəkirsiniz?!

Ey alim libaslı tüfeylilər! Deyəsən, ölkədəki sabitlik sizi qane etmir, hə? Amma canfəşanlığınız yersizdir, çünki xalq nə etdiyinizi yaxşı bilir. Və xalq onu da bilir ki, yalnız sabitlik şəraitində normal islahatlar gedir, həddini aşmış saxta məddahlar cəzalandırılır, dövlətə məhəbbət hissləri, milli birlik və həmrəylik duyğuları güclənir!

Bu harınlamış "zati-müqəddəslər" o qədər irəli gediblər ki, özləri haqqında bir haqlı tənqidi eşitmək belə istəmirlər. Dərhal həmin adamı şərləməyə qalxırlar.

Ört-basdır əməliyyatında aparıcı media orqanlarının gücündən belə yararlanmağa çalışırlar... Yəni hamını aldatmaq üçün əvvəlcə media nümayəndələrini aldadıb inandırmaq vacibdir. Deməli, həm də mütəşəkkildirlər.

Dəhşət odur ki, elm müəssisəsində şəbəkələşmiş ziyanlı alimlər dəstəsi (ZAD) dövlətin vəsaitini onun elm potensialını iflic etmək istiqamətində xərcləyirlər.

Saxlanması milyonlarla vəsait tələb edən nəhəng institut binalarının daxilində dövlət əhəmiyyətli hansı işlər görülür?

Tüfeyli, möhtəkir, laübalı həyat tərzinə, plagi-taktikalara, aldatmalara, əmanətə xəyanətə, nəhayət, son qoymaq zamanı deyilmi, cənablar?! İslahatlara dəstək verək!

Bir müraciətlə xalq öz Prezidentinin yanındadır!

(05.10.1994-cü ildə bunun şahidi və iştirakçısı olmuşuq).

İdris Abbasov
filologiya üzrə elmlər doktoru, professor

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top