“Əli Kərimli özünü Leninin davamçısı kimi aparır” - Sərdar Cəlaloğlu

MÜSAHİBƏ 08 yan 2019, 18:17

Azərbaycan heç zaman ideoloji və dini mübarizələrin poliqonuna çevrilməyib. Bu coğrafiyada sol-sağ qarşıdurmaları, millətçilərlə anarxistlərin toqquşmaları, müxtəlif dini təriqətlərin münaqişəsi müşahidə edilməyib. Küçələrdə divarlara yazılmış antikapitalizm şüarları və ya millətçilik əleyhinə sözlərə rast gələ bilməzsiniz.

 

Məsələn, Türkiyədə 1960-cı illərdən başlayan və xüsusən 80-ci illərdə mürəkkəb bir prosesə çevrilən toqquşmalarda yüzlərlə solçu qətlə yetirilib, edam edilib, millətçilər öldürülüb. Eyni zamanda Almaniyada, Fransada, bəzi Latın Amerikası ölkələrində ideoloji qarşıdurmalar bu gün də yaşanır.

 

Hazırda Avropanın, Türkiyənin şəhərlərində elə küçələr, məhəllələr var ki, solçu qrupların nəzarətindədir, hətta polis belə ora girməyə cəsarət eləmir.

 

Avropada, Latın Amerikası ölkələrində isə bu ideoloji mübarizə seçkilərin nəticələrinə təsir edir.

 

Gah radikal millətçilər, gah kommunistlər parlamenti götürür, gah liberal prezident seçilir, gah sosial-demokrat iqtidara gəlir.

 

Bu baxımdan Azərbaycan çox fərqlənir. Bizdə ideoloji qrupların, təşkilatların tarixi kökləri olmayıb, sol-sağ davaları fanatik həddə çatmayıb.

 

Həmçinin Azərbaycanda dini nöqteyi-nəzərdən qızğın, gərgin müzakirələr, maneələr yoxdur. Şiələrin üstünlük təşkil etdiyi bölgələrlə sünni əyalətləri arasında heç zaman fitnə-fəsad yaşanmayıb. Eyni sözləri etnik aspektdən də söyləmək olar.

 

Azərbaycanda yaşayan talış, avar, ləzgi, tat, avar və digər millətlərlə azərbaycanlı türklər arasında əsla münaqişələr, davalar olmayıb.

 

Əksinə, bu münasibətlərin tarixi kökü o qədər dərin və qopmazdır ki, bir talışla və ya bir avarla bir türkün ailə qurmasında heç bir problem yaşanmır.

 

Bu mövzuda “Yeni Müsavat”ın suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırıb:

 

- Bu məsələyə iki müstəvidə baxılmalıdır: birincisi, Azərbaycan sinifsizləşdirilib. Cəmiyyət elə formalaşdırılıb ki, iş adamları da, tələbələr də, alimlər də işsizlər, yoxsullar ordusuna qoşulub.

 

Fəhlə sinfi o zaman formalaşır ki, zavod-fabriklər işləyir, həmkarlar ittifaqları yaranır. Bizdə isə istehsalda tənəzzül var. Belə olan halda hansı sinfi mübarizə yaxud ideoloji təşkilatlanma baş verə bilər?!

 

- Eynilə etnik-dini qarşıdurma, problemlər də olmayıb...

 

-  Buna fərqli yanaşmaq lazımdır. Etnik-dini qarşıdurma olmaması Azərbaycan türklərinin hədsiz dözümlüyünün nəticəsidir.

 

Bizdə başqa dinlərə, xalqlara hörmətlə yanaşmaq əvvəldən olub. Tarixdə Osmanlıya, Moğollara, Səfəvilərə, lap elə Şeybanilərə nəzər yetirəndə görürük ki, etnik qruplara təzyiq olmayıb.

 

Bu, türklərin azad xarakterindən irəli gələn məsələdir. Türklər azad olduqlarına görə başqa xalqların da azadlığını istəyiblər. 

 

Ona görə Osmanlı əraziləri fəth edəndə oradakı xalqların din, dil və mədəniyyətinə dəyməyiblər. Bu, türklərin tolerantlığının nəticəsidir. Əgər çoxluq şovinizmə, millətçiliyə meyllənmirsə, azlıqla necə toqquşa bilər?

 

Avopada nasizm var. Məsələn, Fransada azsaylı xalqlar mübarizə aparır. Əgər çoxluq tolerantdırsa, niyə azlıq zorakılığa əl atsın ki?!

 

Sizə adi bir faktı deyim: Türkiyədə “Qalatasaray” klubunun 25 yaşlı azarkeşinin stadionda ürəyi partladı. Azərbaycanda partiyası üçün kimsə ölməyib. Ona görədə cəmiyyətdə hələ sosialistlə liberalın, kommunistlə dindarı ciddi şəkildə ayırmaq olmur.

 

Hegel yazır ki, insan elmdən qazandığı təcrübəni məişətdə tətbiq etməlidir. Bizdə elm toplayanla çoban məişətdə eyni cür yaşayırlar. Halbuki biri fərqli həyat yaşamalıdır. Heç kəs elmini həyatına tətbiq eləmir.

 

- Bunun bir səbəbini partiyalarda axtarmaq lazımdırmı, yəni ADP üzvləri və yaxud digər partiyalara qoşulanlar öz ideoloji xəttini bilmirlər, dərindən öyrənmirlər...

 

- Mən Azərbaycan Demokrat Partiyasının sədri kimi ideyaları təbliğ etmək üçün iki kitab yazmışam. Bundan artıq nə edə bilərik?

 

Başqa partiyaları deyə bilmərəm, amma bizim partiya üzvləri bəzən danışanda görürsən ki, liberal dəyərləri qəbul etmirlər. Azərbaycanda partiya üzvləri liderə bağlıdır, nəinki ideyalara. İdeyalara söykənsəydilər, bu gün başqa mənzərə olardı. Siz o vaxtkı müsavatçıların dinə, millətçiliyə baxışlarına fikir verin, bir də indikilərin.

 

Bizim partiya liberal-demokrat dəyərləri müdafiə edir. Amma bəziləri bu dəyərləri qəbul eləmirlər. Hətta bəzi üzvlərimiz partiyadan gediblər.

 

Liberalizmin nə olduğunu bilsələr anlayarlar ki, müxalifətçilik hansı mübarizə formasını tələb edir. Amma çoxu bunu satqınlıq, hökumətə işləmək kimi qəbul edir.

 

- Yəni partiyalarda şəxsiyyət faktoru ideologiyanı üstələyib və ona görə ideoloji çəkişmələr də olmayıb?

 

- Məsələn, biz Qandinin ideyalarını dəstəkləyiriksə, onun yazdıqları ilə tanış olmalıyıq. Qandi yazır ki, “zorakı mübarizə aparanlarla bir ola bilmərəm. Azad Hindistanı qeyri-azad yolla qurmaq olmaz”.

 

Biz bu fikirləri bəyan edəndə deyirlər ki, bunlar geri çəkilib, hökumətə satılıb. Cəmiyyət hətta ADP-nin müxalifətçiliyi ilə AXCP-nin müxalifətçiliyini ayıra bilmir.

 

Əli Kərimli keçən dəfə deyir ki, kim İlham Əliyevin adını çəkmirsə müxalifət deyil. Qandi isə yazır ki, ad çəkmək yox, ictimai bəlaların üstünə getmək lazımdır. Mən Qandi ideyalarının daşıyıcısıyam, ad çəkmək yox, prosesin üstünə getməyin tərəfdarıyam. Amma Əli Kərimli özünü Leninin davamçısı kimi aparır.

 

Necə ki, Lenin məmurları söyməklə məşğul idi, adlar çəkirdi. İndi biz bunu Əli Kərimlidə görürük. Qandi yazır ki, siyasi hadisələri şəxsiləşdirmək yol deyil. Baxın, neçə nazir dəyişib, həmin sahələrdə vəziyyət dəyişməyib. Deməli, problem şəxslərdən ibarət deyil. Marks deyirdi ki, maşın xarabdırsa, onu sürmək lazım deyil.

 

Bizdə siyasi maarifləndimə zəifdir deyə haqla nahaqqı qarışdırırlar. Mao Tszedun deyirdi ki, cəmiyyət xeyir və şəri ayıra bilmirsə, böhran davam edəcək.

 

İndi biri radikal yol tutur, hamı ona “ura ”deyir. Amma bilmirlər ki, bu yol onun ailəsini, uşağını məhv edəcək. Qandi ideyaları ondan ibarətdir ki, itkisiz yol gedək. Qandi “ya fəaliyyət, ya nailiyyət” deyirdi.

 

Bizdə çağırış edirsən ki, gəl mübarizə aparaq, deyir nailiyyət olmayacaq. Qandi isə hesab edir ki, nəticə oldu-olmadı seçkiyə gedin. Mən də nə qədər seçki var, gedəcəm. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top