“Haqsızlıq aradan qaldırılmasa aclığı ölənəcən davam etdirəcək” – Mehman Hüseynovun VƏKİLİ

GÜNDƏM 05 yan 2019, 12:35

Həbsdə olan bloqer Mehman Hüseynovun müdafiəsi ilə bağlı yanvarın 3-də aksiya keçirilib. Hazırda aclıq aksiyası keçirən bloqerin pozulan hüquqlarına etiraz əlaməti olaraq keçirilən sanksiyasız aksiyalarda saxlanılanlar, bir neçə sutka həbs cəzası alanlar olub.

Bu sayaq situasiyalarda isə sual doğuran məqam mübarizənin formasıdır. Daha dəqiq desək, daha effektiv mübarizə forması, problemin həlli yollarına fərqli baxışlar təftiş olunur. Bəzi iddialara görə, radikal və siyasi şüarlarla müşayiət olunan aqressiv bir aksiyadansa, petisiya, salon toplantıları, dəyirmi masa formatları, sivil görüş təklifləri, ölkə rəhbərliyinə müraciət daha çox fayda verə bilər. Bu iddiaların tərəfdarları deyirlər ki, bu cür aksiyalar nəticəsində həbsdə olanlara fayda vermək mümkün deyil, istintaq və rəsmi orqanlar daha da inada düşür, üstəlik, problemin həll olunması əvəzinə, daha bir neçə nəfər də həbs olunur. M.Hüseynov isə günlərdir davam edən aclıq aksiyasını dayandırmayıb və ya onun həbs müddətinin artırılmasına qarşı hər hansı addım atılmadı.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu cür iddiaları qəbul etmir. Əksinə, küçə aksiyalarını daha effektli hesab edir. Müsahibimiz bu sahədə çox böyük təcrübələrinin olduğunu dedi:

“Biz bu günə qədər o qədər müraciətlər edirdik ki… Onlara lazım olanda, hansındansa istifadə edirlər, nəticələndirirlər. Lakin əksər hallarda o cür müraciətlər iqnor edilir. Təcrübədə belədir. Vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi partiyaların müraciətləri təəssüf ki, iqtidar üçün effektiv olmur”.

Mehman əliyev ile ilgili görsel sonucu

Mehman Əliyev

“O zaman bu aksiyanın Mehman Hüseynov üçün effekti nə oldu”, sualına cavabda isə M.Əliyev dedi ki, bu, bütünlükdə ölkədəki real mənzərəni beynəlxalq ictimaiyyətə çatdırmaq baxımdan faydalı oldu. Onun sözlərinə görə, aksiyada bu cür hadisələrin və saxlanmaların baş verməsi də dünya ictimaiyyəti üçün Mehmanın durumunu anlamağa da kifayət edəcək.
Bu arada, məlumatlara görə, M.Hüseynov aclığı davam etdirir. Bu barədə “Amerikanın səsi”nə açıqlama verən vəkili Şəhla Hümbətova bildirib. Onun sözlərinə görə, blogerin orqanizmi çox zəifdir: “Həm qardaşının, həm də həkimin təkidi ilə son günlər az-az su içməyə başlayıb. Bu səbəbdən səhhəti əvvəlki günlərlə müqayisədə nisbətən yaxşıdır. Amma qida qəbul etmir ”.

Hümbətovanın sözlərinə görə, bloger aclığı dayandırmayacağını bildirib:

“O dedi ki, aclığı davam etdirəcək. Bu onun mübarizəsidir. Mehman bildirdi ki, ona qarşı irəli sürülən ittiham böhtandır, haqsızlıq aradan qaldırılana qədər aclığı davam etdirəcək. Haqsızlıq aradan qaldırılmasa aclığı ölənəcən davam etdirəcəyini dedi. Mehman dedi ki, haqsızlığa qarşı mübarizə qurban tələb edir, belə başa düşür ki, bu halların qarşısını almaq üçün qurban onun həyatı olmalıdır. Ona görə o, artıq, öz həyatından keçməyə hazırdır”.

Vəkilin sözlərinə görə, Mehman Hüseynov dekabrın 28-də ölkə prezidentinə, birinci vitse-prezidentə, baş prokurora, ombudsmana məlumat xarakterli müraciətlər edib:

“Müraciətlərdə yazıb ki, ona böhtan atlılır, haqsızlığın qarşısı alınmasa quru aclığa başlayır. Lakin, bu günədək Mehmanın müraciətlərinə cavab verilməyib. Ombudsman da ona baş çəkməyib. Yalnız onu təcridxana rəhbərliyi nəzarətə götürüb. Həkim ayrılıb, nəzarətdə saxlayırlar”.

vəkili Şəhla Hümbətova ile ilgili görsel sonucu

Şəhla Hümbətova

Vəkil blogeri belə zəif durumda görməyin çox ağır olduğunu deyib:

“O çox zəifdir. Uzun müddət ac və sussuz qalması nəticəsində mədə-bağırsaq sistemi pozulub. Onun orqanizmində də ciddi dəyişikliklər baş verib. Suyu qurtum-qurtum içəndə belə ağrılara səbəb olur.”

Vəkil deyib ki, mehman mübarizəni ittihamlar götürülənə qədər davam etdirəcək.

Xatırladırıq ki, həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger itthamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb – polisə böhtan atmaqda təqsirli bilinib. Dekabrın sonunda isə ona təcridxana zabitini döydüyü iddiası ilə yeni cinayət işi başlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top